Ermənistanda əsgər ölümündə yeni detal – Bir hərbçi saxlanılıb

0

Ermənistanın Sünik vilayətində yerləşən hərbi hissələrdən birində intihar edən hərbçi ilə bağlı yeni məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi əsgər Qriqor Edqaroviç Zakaryanın ölümü ilə bağlı bir nəfərə cinayət işi açıldığını bəyan edib.

“13 avqustda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbçinin ölümü ilə bağlı aparılan ilkin istintaq zamanı bir nəfərə qarşı Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 3-cü bəndləri (hərbçini ehtiyatsızlıqdan intihar həddinə çatdırma) ilə cinayət işi açılıb. O, həbs edilib”, – deyə açıqlamada bildirilir.

Hüquq-mühafizə orqanlarının araşdırması zamanı hərbçinin bir neçə dəfə döyüş mövqeyində yatmış vəziyyətdə görüldüyü müəyyən edilib. Bunun hərbçilər arasında narazılığa səbəb olduğu, mübahisələrin təhqir və nalayiq ifadələrlə müşayiət edildiyi bildirilir.

Məlumata görə, müddətli həqiqi hərbi xidmət keçən hərbçilər arasında yaranan münaqişə getdikcə kəskinləşib və nəticədə əsgər intihar etmək qərarına gəlib.

İş üzrə aparılan araşdırma çərçivəsində bir müddətli həqiqi hərbi xidmət hərbçisi həbs edilib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi avqustun 13-də nazirliyin N saylı hərbi hissəsinin hərbçisi Qriqor Edqaroviç Zakaryanın odlu silahdan açılan atəş nəticəsində aldığı yaradan öldüyünü açıqlayıb.

Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More