Aktual Bu gün, 17:34 Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqliyə çevrilib
Milli Məclisin deputatı Azər Kərimli Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirdiyi fikirlərin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm siyasi mesajlar ehtiva etdiyini bildirib.
Deputat Modern.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanla Özbəkistan arasında münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq və qardaşlıq münasibətləri ilə məhdudlaşmır:
“Bu gün Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər siyasi müttəfiqliyin iqtisadi, enerji, nəqliyyat, humanitar və regional əməkdaşlıqla tamamlandığı çoxşaxəli tərəfdaşlıq modelidir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, münasibətlər həm xalqlarımızın tarixi və mədəni yaxınlığına, həm də müasir dövlət maraqlarının üst-üstə düşməsinə əsaslanır.
Ortaq türk irsi və mənəvi dəyərlər Azərbaycan–Özbəkistan münasibətlərinin təməlini təşkil edir. Dövlət başçılarının siyasi iradəsi isə həmin təməli konkret müqavilələr, institutlar və birgə layihələrlə daha da möhkəmləndirir. Başqa sözlə, qardaşlıq münasibətləri artıq konkret dövlət siyasətinə və strateji əməkdaşlığa çevrilib”.
Azər Kərimli bildirib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi siyasi dialoqun dinamik inkişafından xəbər verir.
“Son beş ildə keçirilən 15 yüksək səviyyəli qarşılıqlı səfər münasibətlərin hansı intensivliklə inkişaf etdiyini göstərir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasında münasibətlərin hüquqi-siyasi bazasını əhəmiyyətli dərəcədə gücləndirib.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da bu əməkdaşlığın mühüm institusional dayaqlarından biridir. Bu mexanizm uzunmüddətli prioritetlərin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin əlaqələndirilməsi və dövlətlərarası münasibətlərin sistemli şəkildə inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
Deputatın sözlərinə görə, siyasi yaxınlığın real nəticələri iki ölkə arasındakı iqtisadi münasibətlərdə də aydın şəkildə görünür.
“2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin yanvar-may aylarında isə daha 33 faiz yüksəlməsi müsbət dinamikanın göstəricisidir. Lakin burada əsas məsələ yalnız ticarət dövriyyəsinin artması deyil. İki ölkə getdikcə daha çox birgə istehsal, investisiya və texnoloji əməkdaşlıq modelinə keçir.
500 milyon dollar nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu platforma qarşılıqlı investisiyaların maliyyələşdirilməsi və iki ölkənin iqtisadi potensialının birləşdirilməsi üçün yeni imkanlar yaradır. Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin isə Özbəkistanda müxtəlif layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi etimadın göstəricisidir”.
Azər Kərimli istehsal kooperasiyasının genişlənməsini də Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının mühüm istiqamətlərindən biri kimi qiymətləndirib:
“Füzulidə “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalının həyata keçirilməsi, “Dostluq bağı”nın salınması kimi layihələr əməkdaşlığın artıq real və konkret nəticələrə malik olduğunu göstərir.
Eyni zamanda, Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı sırf iqtisadi layihə kimi qiymətləndirilə bilməz. Bu, qardaş Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin və ölkəmizin bərpa-quruculuq prosesinə göstərdiyi siyasi və mənəvi həmrəyliyin ifadəsidir”.
Deputat energetika sahəsində əməkdaşlığın da strateji xarakter daşıdığını vurğulayıb:
“Azərbaycan və Özbəkistan arasında neft-qaz sahəsində əməkdaşlıq artıq praktik nəticələr verir. Lakin qarşıdakı dövrdə daha böyük perspektivlər yaşıl enerji sahəsində açılır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı “Yaşıl Dəhliz Birliyi” bərpaolunan enerji potensialının regional və Avropa bazarlarına çıxarılması baxımından mühüm geoiqtisadi layihədir.
Bu proses Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, eyni zamanda enerji tranziti və yaşıl enerji bağlantılarının əsas iştirakçılarından biri kimi mövqeyini daha da gücləndirə bilər”.
Azər Kərimli nəqliyyat və logistika sahəsində əməkdaşlığın Azərbaycan–Özbəkistan münasibətlərinə daha geniş regional məzmun qazandırdığını qeyd edib.
“2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 1,4 milyon tona çatması və 2026-cı ilin ilk yarısında artımın davam etməsi Orta Dəhlizin əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.
Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geostrateji mövqeyə malikdir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası reallaşarsa, Şərq–Qərb istiqamətində daha səmərəli və alternativ nəqliyyat bağlantılarının formalaşması üçün ciddi imkanlar yaranacaq.
Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığına yalnız ikitərəfli münasibətlər kontekstində yanaşmaq düzgün olmazdı. Bakı–Daşkənd xətti Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən daha geniş geosiyasi və geoiqtisadi xəttin mühüm elementinə çevrilir”.
Deputat mədəni-humanitar əlaqələrin də strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını bildirib:
“Azərbaycan və Özbəkistanın mədəniyyət günləri, Şuşa Günləri, elmi və ədəbi tədbirlər, təhsil proqramları, qarşılıqlı nümayəndə heyətlərinin səfərləri xalqlarımız arasında birbaşa əlaqələri genişləndirir.
Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması, Bakıda “Özbəkistan” parkının salınması bu yaxınlığın simvolik ifadələridir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin yaradılması isə xüsusilə əlamətdardır. Bu layihə qardaşlıq münasibətlərinin siyasi bəyanatlardan konkret əmələ çevrildiyini göstərir”.
Azər Kərimli media, vətəndaş cəmiyyəti və şəhərlərarası əlaqələrin genişlənməsini də iki ölkə xalqları arasındakı münasibətlərin dərinləşməsinin göstəricisi hesab edir:
“Azərbaycan–Özbəkistan Media Forumlarının, QHT forumlarının keçirilməsi, birgə qrant müsabiqələrinin təşkili, turist səfərlərinin artması və qardaşlaşmış şəhərlərin coğrafiyasının genişlənməsi xalqlar arasında birbaşa təmasların intensivləşdiyini göstərir. Bu isə dövlətlərarası müttəfiqliyin uzunmüddətli və dayanıqlı olması baxımından mühüm amildir”.
Deputat Türk dünyasının inteqrasiyasının da Bakı–Daşkənd münasibətlərinə əlavə strateji məzmun qazandırdığını vurğulayıb:
“Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatında fəal mövqeyi, Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması ortaq tarixi və mədəni irsimizin qorunmasına xidmət etməklə yanaşı, türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrin dərinləşməsinə də imkan yaradır.
Bu gün TDT-nin siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik gündəliyi genişlənir. Azərbaycanla Özbəkistanın bu prosesdə fəal iştirakı Bakı–Daşkənd əməkdaşlığına daha geniş regional məzmun verir”.
Azər Kərimli Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə keçdiyini də diqqətə çatdırıb:
“Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı Cənubi Qafqazla Mərkəzi Asiya arasında regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, Azərbaycanın Mərkəzi Asiyaya verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Əslində, Azərbaycan–Özbəkistan müttəfiqliyinin geosiyasi əhəmiyyəti də məhz burada ortaya çıxır. İki ölkə yalnız öz milli maraqlarını uzlaşdırmır, eyni zamanda Türk dünyasında inteqrasiya proseslərinin, Orta Dəhlizin inkişafının və Cənubi Qafqazla Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinin mühüm iştirakçılarına çevrilirlər”.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur:
“Əsas mesaj ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq uzunmüddətli strateji müttəfiqlik modelinə çevrilib. Bu modelin siyasi dayaqlarını qarşılıqlı etimad, iqtisadi əsaslarını investisiya və istehsal əməkdaşlığı, geoiqtisadi dayaqlarını nəqliyyat və enerji layihələri, mənəvi əsaslarını isə ortaq türk irsi təşkil edir.
Bakı–Daşkənd münasibətləri yalnız iki qardaş dövlətin uğurlu əməkdaşlıq nümunəsi deyil. Bu münasibətlər Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni siyasi-iqtisadi reallığın formalaşmasına, Türk dünyasının daha sıx inteqrasiyasına və regionun beynəlxalq nəqliyyat, enerji və iqtisadi xəritəsində yeni imkanların yaranmasına təsir göstərən strateji amilə çevrilir.
Qardaşlıq bizim xalqlarımızın keçmişdən gələn mənəvi mirasıdır. Bu gün isə həmin qardaşlıq gələcəyə hesablanmış ortaq siyasi və iqtisadi layihələrin əsasına çevrilir”.
Mənbə: Modern.az