Miqrantlara qarşı reyd: 140 nəfər deportasiya ediləcək
Moskvada keçirilən reyd zamanı 140-a yaxın miqrant saxlanılıb.
Modern.az xəbər verir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, Moskva metrosunda miqrasiya qanunvericiliyini pozan şəxslərin aşkarlanması məqsədilə “ən yeni texnologiyalardan” istifadə olunmaqla reyd keçirilib.
Nazirliyin məlumatında bildirilir ki, əməliyyat Moskva metrosunun stansiyalarından birində keçirilib. Reyddə DİN-in Miqrasiya Xidməti ilə yanaşı, Miqrasiya Məsələləri üzrə Mərkəzin əməkdaşları, Moskva və Moskva vilayəti polisi, o cümlədən Moskva Metropolitenindəki Daxili İşlər İdarəsinin əməkdaşları iştirak ediblər.
“Bir neçə saat ərzində hüquq-mühafizə orqanları miqrasiya qanunvericiliyini pozaraq ölkədə olan və nəzarətdə olan şəxslər reyestrinə daxil edilmiş 140-a yaxın əcnəbini müəyyənləşdirib”, – məlumatda qeyd olunub.
Bildirilir ki, saxlanılan şəxslərin hamısı polis bölmələrinə aparılıb. Onların Rusiyadan deportasiya ediləcəyi və sonradan ölkəyə girişlərinə qadağa qoyulacağı bildirilib.
Miqrasiya Xidməti bu cür tədbirlərin mütəmadi olaraq, o cümlədən Rusiyanın digər regionlarında da keçiriləcəyini açıqlayıb.
Mənbə: Modern.az