Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

0

Azərbaycanın müasir tarixində elə əlamətdar günlər var ki, onlar xalqımızın milli iradəsini, dövlətimizin qüdrətini və torpaqlarımıza bağlılığımızı özündə təcəssüm etdirir. 25 oktyabr – Qubadlı şəhəri günü də məhz belə tarixi günlərdəndir. Bu tarix Azərbaycan xalqının uzun illər davam edən həsrətinin sona çatdığı, torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin yeni mərhələyə qədəm qoyduğu və Böyük Qayıdışın əsasının qoyulduğu günlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu fikirlər Qubadlının azad edilməsinin hərbi-strateji əhəmiyyətini ifadə etməklə yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamını və dövlətimizin qətiyyətini də əks etdirir.

Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşən Qubadlı rayonu zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və təsərrüfat imkanları ilə seçilir. Ümumi sahəsi 802 kvadratkilometr olan rayonun ərazisindən Həkəri və Bərgüşad çayları, eləcə də onların qolları axır. Məhsuldar torpaqları, meşələri, təbii sərvətləri və kənd təsərrüfatı imkanları Qubadlının iqtisadi həyatında mühüm rol oynayıb. İşğaldan əvvəl burada taxılçılıq, üzümçülük, tütünçülük, bostançılıq və heyvandarlıq geniş yayılmışdı. Qubadlı sakinlərinin zəhməti ilə formalaşan təsərrüfat həyatı rayonun sosial-iqtisadi inkişafının əsasını təşkil edirdi.

Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Qubadlının da taleyində ağır izlər buraxdı. 1993-cü il avqustun 31-də rayonun tamamilə işğal edilməsi nəticəsində minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu. İşğal nəticəsində 29 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı. Rayonun yaşayış məntəqələri, fərdi evləri, inzibati binaları, sosial və mədəniyyət obyektləri, məscidləri, yolları və digər infrastrukturu dağıdılaraq yararsız vəziyyətə salındı. Bu hadisələr təkcə Qubadlının iqtisadi və sosial həyatına deyil, minlərlə insanın taleyinə, ailələrin xatirələrinə və gələcək arzularına da ağır zərbə vurdu.

Bununla belə, doğma torpaqlara qayıdış ümidi heç vaxt sönmədi. Azərbaycan dövləti ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını daim əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordumuzun güclənməsi və xalqımızın milli birliyi bu hədəfə çatmaq üçün möhkəm zəmin yaratdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Qırx dörd gün davam edən müharibə zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda əzmlə mübarizə apardı. Qubadlı istiqamətində aparılan əməliyyatlar isə xüsusi hazırlıq və strateji yanaşma tələb edirdi. Şəhərin ətrafındakı yüksəkliklərdə möhkəmlənmiş düşmən qüvvələrinin mövqelərini zərərsizləşdirmək və strateji əraziləri nəzarətə götürmək qarşıya qoyulan əsas vəzifələrdən idi.

Azərbaycan Ordusu ilk növbədə şəhərə hakim olan yüksəklikləri və ətraf kəndləri, o cümlədən Xanlıq, Padar və Sarıyataq kəndlərini azad etdi. Ardınca həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad olundu. Bu qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsinə çevrildi və Azərbaycanın hərbi-strateji üstünlüyünü daha da möhkəmləndirdi. Noyabrın 9-dək Qubadlı şəhəri ilə yanaşı, rayonun 41 kəndinin də azad edilməsi xalqımızın Zəfər yürüşünün mühüm nəticələrindən biri oldu.

Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Rayonun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15 209 hərbi qulluqçu bu medalla təltif olundu. Bu təltiflər Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının və Azərbaycan əsgərinin şücaətinə verilən yüksək qiymətin ifadəsidir.

Qubadlının gələcək inkişafı üçün mühüm planlaşdırma və infrastruktur tədbirləri həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il sentyabrın 9-da təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı şəhərin gələcək simasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu plan çərçivəsində ərazinin inkişaf perspektivləri, əhalinin məskunlaşması və zəruri infrastrukturun yaradılması istiqamətində işlər aparılır.

Şəhərin enerji təminatının gücləndirilməsi də bərpa prosesinin vacib istiqamətlərindəndir. 2021-ci il oktyabrın 25-də 110/35/10 kilovoltluq “Qubadlı” yarımstansiyasının açılışı olub. Bununla yanaşı, rayonun Azərbaycanın ümumi enerji sisteminə qoşulması və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 76 kilometr uzunluğunda ikidövrəli yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib. Yeni infrastruktur Qubadlının gələcək sosial-iqtisadi inkişafı, yaşayış məntəqələrinin bərpası və əhalinin rahat yaşayışı üçün mühüm zəmin yaradır.

Şəhərdə müasir yaşayış mühitinin yaradılması istiqamətində də konkret addımlar atılır. Qubadlıda ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Ümumi ərazisi 3,34 hektar olan yaşayış kompleksində 21 binanın və 176 mənzilin inşası nəzərdə tutulub. Layihə çərçivəsində müasir yaşayış şəraitinin yaradılması, insanların doğma şəhərlərinə qayıtdıqdan sonra rahat həyat sürməsi üçün zəruri imkanların formalaşdırılması hədəflənir.

Rayonun kəndlərinin yenidən qurulması da Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən tikinti layihələri keçmiş məcburi köçkünlərin doğma torpaqlarında məskunlaşmasına xidmət edir. Mahruzlu kəndində ilkin mərhələdə 190 evin tikintisi və 836 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Zilanlı kəndində isə birinci mərhələdə 159 evin inşası və 772 nəfərin yerləşdirilməsi planlaşdırılıb. Bu layihələr kənd həyatının bərpası, sosial əlaqələrin yenidən qurulması və bölgənin iqtisadi potensialının dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Nəqliyyat infrastrukturunun inkişafı da Qubadlının gələcək tərəqqisində mühüm rol oynayır. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi rayonun kəndləri arasında əlaqələrin yaxşılaşdırılmasına, əhalinin hərəkət imkanlarının genişlənməsinə və iqtisadi fəallığın artmasına xidmət edir. Bununla yanaşı, yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər bölgənin nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq işləri yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmır. Burada insanların doğma yurdlarına qayıtması, sosial həyatın canlanması, müasir infrastrukturun qurulması və iqtisadi imkanların genişləndirilməsi üçün yeni şərait yaradılır. Məqsəd Qubadlını tarixi və mədəni irsi qorunan, müasir şəhərsalma prinsipləri əsasında inkişaf edən, sakinlərinin firavan yaşayacağı bir məkana çevirməkdir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi milli tariximizin əlamətdar hadisələrinin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Həmin Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı şəhəri günü kimi müəyyən edildi. Bu tarix hər il xalqımızın yaddaşında azadlıq mübarizəsinin, milli birliyin və tarixi Zəfərin təntənəsi kimi qeyd olunur.

25 oktyabr – Qubadlı şəhəri günü bizə bir daha xatırladır ki, güclü dövlət, qüdrətli ordu və xalqın sarsılmaz birliyi qarşısında heç bir maneə dayana bilməz. Qubadlının azadlığı Azərbaycan xalqının əyilməz iradəsinin, şəhidlərimizin müqəddəs fədakarlığının və qazilərimizin qəhrəmanlığının nəticəsidir. Bu gün doğma torpaqda aparılan quruculuq işləri isə Zəfərin davamı, gələcəyə inamın təcəssümüdür.

Qubadlı artıq yalnız keçmişin ağrılarını xatırladan bir ünvan deyil. O, azadlığın, dirçəlişin və Böyük Qayıdışın rəmzinə çevrilir. Əminliklə demək olar ki, dövlətimizin ardıcıl siyasəti və xalqımızın birliyi sayəsində Qubadlı yenidən Azərbaycanın inkişaf edən, abadlaşan və gələcəyə inamla baxan bölgələrindən biri olacaq.

 

Fizuli Həsənov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More