225 nömrəli məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

0

Bakı şəhəri T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində vətənpərvərlik ruhunda tədbir təşkil olunub.

Noyabrın 6-da keçirilən tədbir məktəbin direktor müavini, təhsil ocağında fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalovanın təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın şanlı Zəfər tarixini daha dərindən tanıtmaq, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini aşılamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarına 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan xalqının uzun illər ərzində torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşaması, 44 günlük Vətən müharibəsində nümayiş etdirilən misilsiz birlik və həmrəylik barədə ətraflı məlumat verilib.

Şagirdlər öz çıxışlarında 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin gedişindən, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və şücaətdən, hərbçilərimizin yüksək döyüş hazırlığından, xalqımızın sarsılmaz iradəsindən bəhs ediblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə Azərbaycan dövlətinin qüdrətini, xalqımızın birliyini və milli ruhunun sarsılmazlığını bütün dünyaya nümayiş etdirib.

Xüsusilə vurğulanıb ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu möhtəşəm tarix xalqımızın milli iradəsinin, qəhrəman ordumuzun gücünün, dövlət-xalq birliyinin və Vətən sevgisinin təntənəsidir.

Tədbirin bədii hissəsində şagirdlər Zəfər Gününə, doğma Vətənə, Azərbaycan əsgərinin qəhrəmanlığına və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda çıxışlar ediblər. Eyni zamanda, tarixi hadisələri əks etdirən məlumatlar və təqdimatlar nümayiş etdirilib. Şagirdlərin hazırladıqları çıxışlar tədbirə xüsusi emosional ovqat qatıb, iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Tədbirin sonunda məktəbin direktor əvəzi, “Qabaqcıl təhsil işçisi” Aytən Qibləliyeva çıxış edərək Zəfər Gününün gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, bu gün yetişən gənclər Azərbaycanın qəhrəmanlıq tarixini dərindən öyrənməli, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim yaşatmalı, qazilərimizin fədakarlığını unutmamalı, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə və dövlət rəmzlərimizə hörmət ruhunda böyüməlidirlər.

Aytən Qibləliyeva belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, onların tarixi yaddaşının möhkəmləndirilməsində və vətənpərvərlik hisslərinin gücləndirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda Aytən Qibləliyeva tədbirin yüksək səviyyədə hazırlanmasında və təşkilində göstərdikləri əməyi, təşəbbüskarlığı və zəhməti yüksək qiymətləndirərək direktor müavini, “Kiçik Akademiya”nın rəhbəri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalovaya, Uşaq Birliyi Təşkilatının rəhbəri Gülnarə Hüseynovaya, musiqi müəllimi Esmira Hüseynovaya və 5 “R” sinfinin rəhbəri Abid Quliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, 225 nömrəli məktəbdə təşkil olunan bu tədbir şagirdlərdə Vətənə sevgi, milli qürur, tarixi yaddaş və dövlətçilik dəyərlərinə bağlılıq hisslərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Belə maarifləndirici və tərbiyəvi tədbirlər Zəfər tariximizin gələcək nəsillərə ötürülməsinə, qəhrəmanlıq salnaməmizin daim yaşadılmasına xidmət edir.

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More