Məhsəti Hüseynova “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbirində Azərbaycanın milli mətbəxinin qorunması və təbliği ilə bağlı çıxış edib

0

Azərbaycanın milli kulinariya irsinin beynəlxalq platformalarda tanıdılması, sağlam qidalanma ənənələrinin təşviqi və milli dəyərlərin gələcək nəsillərə ötürülməsi məsələləri İstanbulda keçirilən beynəlxalq tədbirdə diqqət mərkəzində olub.

İstanbul TÜYAP Mərkəzində təşkil olunan “İstanbul Culinary Cup 2026” beynəlxalq tədbiri çərçivəsində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova panel müzakirəsində panelist qismində iştirak edərək Azərbaycanın milli mətbəxi, qida mədəniyyəti və bu sahədə formalaşmış müsbət təcrübələri barədə geniş məruzə ilə çıxış edib.

Elm adamlarının, qida sənayesi üzrə mütəxəssislərin, peşəkar şeflərin və beynəlxalq kulinariya ekspertlərinin iştirak etdiyi panelin mövzusu “Mətbəximiz, qidamız, maddi sərvətimiz və ortaq dəyərlərimiz: onları gələcək nəsillər üçün necə qorumalıyıq?” olub.

Çıxışı zamanı Məhsəti Hüseynova Azərbaycanın milli mətbəxinin xalqımızın tarixi, mədəniyyəti, milli kimliyi və əsrlər boyu formalaşmış yaşam tərzinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, milli mətbəxin qorunması yalnız ənənəvi reseptlərin yaşadılması ilə məhdudlaşmamalı, eyni zamanda bu irsin cəmiyyətin gündəlik həyatında öz yerini qoruması, gələcək nəsillər tərəfindən mənimsənilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyətlə müşayiət olunmalıdır.

Mütəxəssis Azərbaycanın milli mətbəxə münasibətdə formalaşdırdığı yanaşmanı beynəlxalq auditoriyanın diqqətinə çatdıraraq, ənənəvi yeməklərin ölkənin müxtəlif bölgələrində, o cümlədən şəhər mərkəzlərində əhali və turistlər üçün əlçatan olmasının əhəmiyyətindən danışıb. Bu istiqamətdə dövlətin diqqət və dəstəyinin, milli kulinariya irsinin qorunmasına yönəlmiş təşəbbüslərin xüsusi rolunu qeyd edib.

Məhsəti Hüseynova Azərbaycanın milli mətbəx nümunələrinin gündəlik qidalanma mədəniyyətində yaşadılmasının mühüm təcrübə olduğunu vurğulayaraq, bu yanaşmanın digər ölkələr üçün də tətbiq oluna biləcək müsbət model kimi dəyərləndirilə biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, milli mətbəxə əlçatanlığın təmin edilməsi həm mədəni irsin qorunmasına, həm də sağlam qidalanma vərdişlərinin təşviqinə xidmət edir.

Panel müzakirəsində müasir həyat tərzinin qidalanma davranışlarına təsiri də xüsusi yer tutub. Məhsəti Hüseynova sürətli urbanizasiya və həyat ritminin dəyişməsi fonunda xüsusilə gənc nəslin fast food və yüksək dərəcədə emal olunmuş qidalara meyillənməsinin yaratdığı risklərə toxunub. O qeyd edib ki, milli mətbəxin müasir dövrün tələblərinə uyğun şəkildə təqdim olunması, ənənəvi yeməklərin gənclər üçün daha əlçatan və cəlbedici edilməsi sağlam qidalanma mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər.

Məruzədə milli kulinariya irsinin qorunmasının yalnız keçmişə sahib çıxmaq deyil, həm də gələcək nəsillərin sağlam qidalanma seçimlərinə təsir göstərmək baxımından strateji əhəmiyyət daşıdığı vurğulanıb. Bu baxımdan beynəlxalq kulinariya yarışları, peşəkar görüşlər və elmi müzakirələrin ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platforma olduğu bildirilib.

Məhsəti Hüseynova çıxışında Azərbaycanın milli dəyərlərinin beynəlxalq tədbirlərdə layiqincə təqdim olunmasının əhəmiyyətinə də toxunub. O vurğulayıb ki, bu cür platformalarda iştirak ölkəmizin yalnız mədəni irsinin deyil, həm də qida təhlükəsizliyi, sağlam qidalanma və milli kulinariya ənənələrinin qorunması sahəsindəki təcrübəsinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir.

Tədbirin təşkilati səviyyəsini yüksək qiymətləndirən Məhsəti Hüseynova İstanbul Kulinari Cup 2026-nın təşkilində göstərdiyi səylərə görə Türkiyə Aşçılar Dərnəyinin rəhbəri Ahmet Karamana xüsusi təşəkkürünü bildirib. O, bu kimi beynəlxalq tədbirlərin həyata keçirilməsində Ahmet Karamanın və rəhbərlik etdiyi qurumun əməyini yüksək qiymətləndirərək, peşəkar kulinariya mühitinin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli mətbəxlərin tanıdılması istiqamətində bu təşəbbüslərin əhəmiyyətini qeyd edib.

“İstanbul Culinary Cup 2026”-da Azərbaycan beynəlxalq Şeflər Liqası xətti ilə də təmsil olunub. Şeflər Liqasının rəhbəri Ali Magerro, peşəkar şef Amid Mirzəyev və gənc aşpazlar tədbirdə iştirak edərək ölkəmizin kulinariya potensialını beynəlxalq müstəvidə nümayiş etdiriblər.

Azərbaycan təmsilçilərinin iştirakı milli kulinariya ənənələrinin tanıdılması, peşəkar şeflər arasında əlaqələrin genişləndirilməsi və gənc kulinariya mütəxəssislərinin beynəlxalq təcrübə qazanması baxımından əhəmiyyət daşıyıb.

Məhsəti Hüseynovanın paneldəki çıxışı isə Azərbaycan milli mətbəxinin beynəlxalq səviyyədə təbliği ilə yanaşı, ölkəmizdə qida mədəniyyətinin qorunması və inkişafı istiqamətində mövcud təcrübələrin təqdim edilməsi baxımından diqqətəlayiq olub.

Qeyd etmək lazımdır ki, Məhsəti Hüseynovanın beynəlxalq tədbirlərdə iştirakı onun qida təhlükəsizliyi və sağlam qidalanma sahəsindəki fəaliyyətinin ölkəmizin milli-mədəni dəyərlərinin təbliği ilə vəhdət təşkil etdiyini göstərir. Azərbaycanın zəngin mətbəx irsinin dünya ictimaiyyətinə tanıdılması, milli təcrübələrin beynəlxalq müzakirələrə çıxarılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi onun çıxışında əsas prioritetlər kimi ön plana çəkilib.

Milli mətbəximiz yalnız keçmişimizdən miras qalan dəyər deyil, həm də gələcəyimizə ötürməli olduğumuz ortaq sərvətimizdir. Onun qorunması, yaşadılması və beynəlxalq səviyyədə tanıdılması hər birimizin məsuliyyətidir.

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More