Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrası yekunlaşıb
Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sabirin sözü, zamanın gözü” layihəsinin icrasını yekunlaşdırıb. Layihə M.Ə.Sabirin vəfatının 115 illiyi münasibətilə həyata keçirilib.
Layihə çərçivəsində M.Ə. Sabirin satirik şeirləri əsasında hazırlanmış klassik karikaturalarla yanaşı, ötən 115 ilin baxış bucağını əks etdirən müasir karikatura və illüstrasiyalardan ibarət “Sabirin sözü, zamanın gözü” adlı kitab nəşr olunub. Həmçinin, Bakıda kitabın təqdimatı və illüstrasiyaların sərgisi keçirilib.
Bununla yanaşı, əsərləri dövlət varidatı elan edilən M.Ə.Sabirin sosial problemlər, ədalətsizlik, ehkamçılıq, maarifsizlik, milli dəyərlərin aşınması, ailə-məişət münasibətlərindəki tənəzzül, mövcud ənənələrin zədələnməsi, erkən və qeyri-bərabər nikahlar, cəhalət və dini fanatizm kimi problemləri unikal dillə necə hədəfə alması mövzusunda mediada məqalələr dərc edilib.