Ceyhun Bayramov niderlandlı həmkarı ilə danışdı
Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı İranın Naxçıvana etdiyi dron hücumunu qətiyyətlə pisləyib.
Modern.az xəbər verir ki, bu barədə Xİn rəhbəri özünün “X” hesabında paylaşım edib.
Nazir Niderlandın Azərbaycanla həmrəy olduğunu vurğulayıb:
“Naxçıvan aeroportuna edilən son dron hücumundan sonra Azərbaycana həmrəyliyimi ifadə etmək üçün həmkarım Ceyhun Bayramovla danışdım. Niderland bu hücumu pisləyir. Biz təmkinli davranmağın və gərginliyin azaldılmasının vacibliyini müzakirə etdik”.
Berendsen həmçinin əlavə edib ki, regionda eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm əhəmiyyət kəsb edir. Tərəflər eyni zamanda münaqişə bölgəsində qalan sərnişinlərin və səyahətçilərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, martın 5-də İran tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanına və Şəkərabad kəndinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib. Hadisə nəticəsində hava limanının terminal binasına ziyan dəyib və 4 mülki şəxs yaralanıb.
Mənbə: Modern.az
