Şərqşünaslıq İnstitutunda kordovalı qazılar haqqında kitab çap olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Məhəmməd ibn Haris əl-Xuşaninin “Kitab qudat Qurtuba” (Qurtuba (Kordova) qazıları haqqında kitab) əsəri çap olunub.
Kitabı ərəb dilindən tərcümə edən, eləcə də qeyd və şərhlərin müəllifi institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru dosent Nüşabə Bayramlıdır.
Məhəmməd ibn Haris əl-Xuşaninin “Kitab Qudat Qurtuba” əsəri X əsr ispan-ərəb ədəbiyyatının bioqrafiya janrında yazılmış unikal bir yaradıcılıq məhsuludur. Əsərdə VIII əsrin ortalarından başlayaraq 969-cu ilə qədər Əndəlüs şəhərində fəaliyyət göstərmiş baş qazıların həyat və iş təcrübələrindən bəhs edən hekayətlər verilib.
“Kitab Qudat Qurtuba” orta əsrlərdə qazılıq fəaliyyəti haqqında yazılmış qiymətli bir tarixi əsər olaraq günümüzə qədər gəlib çatmış yeganə bir əlyazma olub. Bu əlyazmanı ilk dəfə ispaniyalı araşdırmaçı J. Ribero Tarraqo ispan dilinə tərcümə edərək 1914-cü ildə Madriddə çap etdirib.
Şərqşünaslıq İnstitutunda nəşr olunan kitabda ilk olaraq N.Bayramlının yazdığı Əndəlüs Əməvilər xilafəti tarixinə qısa baxış və əsərin yazılma tarixi təqdim edilir. Əsərin özündə əvvəlcə müqəddimə, daha sonra Qazı vəzifəsinin təklif olunduğu, lakin bu təklifdən imtina edən kordovalı sakinlər haqqında fəsil verilir. Sonra kordovalı 44 qazı haqqında ayrı-ayrılıqda məlumatlar təqdim edilir.
Bu kitab ilk dəfə olaraq ərəb dilindən Azərbaycan dilinə tərcümə edilib.
Kitab orta əsrlər müsəlman hüquq tarixi ilə məşğul olanlar və geniş oxucu kütləsi üçün faydalı ola bilər.
Mənbə: https://science.gov.az/