Repetitorluğun sonu üçün qəbul sistemi dəyişməlidir – Ekspert
Repetitorluğun azaldılması, müəllimlərin tam iş rejiminə keçidi və əlavə hazırlıqların məktəb daxilində təşkili ilə bağlı müzakirələr fonunda dərs saatlarının gələcəkdə necə dəyişəcəyi də diqqət mərkəzindədir. Təhsil ekspertləri hesab edir ki, nəzərdə tutulan model tətbiq olunarsa, bu proses dərs saatlarının azalmasına deyil, əksinə artmasına səbəb ola bilər.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, proses artıq müəyyən qədər başlasa da, əsas nəticələr yaxın illərdə daha aydın görünəcək.
“Qeyd etdiyiniz kimi, artıq proses müəyyən qədər başlanıb, amma qarşıdakı illərdə biz bunu daha yaxşı görəcəyik. Çünki seçkili təhsil prosesi tam oturuşduqdan sonra nəzərdə tutulan ondan ibarət idi ki, təhsil müəssisələrində pedaqoji heyətin müəyyən hissəsi tam ştat və vahid iş rejimində çalışsın. Belə olduğu halda dərs saatlarında azalma yox, əksinə, onların artırılması nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə, yeni modeldə müəllimlərin dərs bitdikdən sonra da məktəbdə qalaraq zəif nəticə göstərən və ya əlavə hazırlaşmaq istəyən şagirdlərlə işləməsi planlaşdırılır.
“Konkret olaraq nəzərdə tutulur ki, müəllim dərs saatlarını başa vurduqdan sonra, məsələn saat bir və ya ikidə işi bitirsə, ondan sonrakı vaxtını hazırlığı zəif olan uşaqlarla və ya ali məktəbə hazırlaşmaq istəyən abituriyentlərlə işləməyə sərf etsin. Bu isə dərs saatlarının azalmasına yox, artmasına gətirib çıxara bilər”.
E.Əfəndi hesab edir ki, bu dəyişikliklər müəllimlərin maaşlarına da təsirsiz ötüşməyəcək.
“Bu qaydalar tətbiq olunduqdan sonra müəllimlərin əməkhaqqının da artması mümkündür. Çünki daha uzun iş rejimi və əlavə fəaliyyətlər əməkhaqqına təsir göstərə bilər”.
Bununla yanaşı, ekspert repetitorluğun əsas səbəblərindən birinin qəbul sistemi olduğunu düşünür. Onun fikrincə, yalnız məktəbdaxili dəyişikliklər bu problemi tam aradan qaldıra bilməz.
“Repetitorluğun bu qədər geniş yayılmasının əsas səbəblərindən biri qəbul imtahanlarında fənlərin çox olmasıdır. Əgər biz qəbul imtahanı fənlərinin sayını azaltsaq və ya fərqli qəbul mexanizmlərinə keçsək, repetitorluğun qarşısını müəyyən qədər almaq mümkün olar”.
Ekspert alternativ model kimi beynəlxalq təcrübəyə də diqqət çəkib.
“Necə ki, beynəlxalq sertifikatlarla qəbul aparılır və ya SAT modeli tətbiq olunur, biz də bu istiqamətdə düşünə bilərik. Abituriyent bir və ya iki əsas fəndən hazırlaşıb ali məktəbə qəbul oluna bilsə, repetitorluğa ehtiyac da azalacaq. Əks halda, indiki modeldə repetitorluğun tam aradan qalxacağını düşünmürəm”.
E.Əfəndi vurğulayıb ki, hazırda müəyyən addımlar atılsa da, köklü nəticə əldə etmək üçün qəbul formatında dəyişikliklər qaçılmaz görünür.
Mənbə: Modern.az
