Diplom asılılığı cəmiyyəti geriyə aparır – ekspert

Son günlər sosial şəbəkələrdə məzun günü paylaşımlarına yazılan mənfi rəylər geniş müzakirə olunur. “Universiteti bitirib nə olacaqsınız ki? Axırda yenə marketdə kassir işləyəcəksiniz”, – kimi neqativ şərhlər tez-tez diqqət çəkir.

Bəs bu cür ümumiləşdirici yanaşma nə dərəcədə doğrudur? Ali təhsil alan hər kəsi fiziki əməyə məhkum hesab etmək olarmı? Yoxsa bu fikirlər yalnız müəyyən səbəblərdən ixtisası üzrə işləyə bilməyən və ya akademik göstəriciləri zəif olan şəxslərin timsalında formalaşmış stereotipdir?

Digər tərəfdən, bu cür alçaldıcı və ümidsizlik yaradan şərhlər təhsil alan gənclərin motivasiyasına necə təsir edir? Belə yanaşmalar onların gələcəyə inamını və təhsilə münasibətini zəiflədə bilərmi? Bu mövzu son günlər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən birinə çevrilib.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, hazırda “təki diplom olsun” anlayışı üstünlük təşkil edir:

“Əslində bu, çox problematik mövzudur. İstər dünyanın hansısa başqa yerində, istərsə də xüsusilə bizdə və Şərq düşüncə tərzində təhsilin, maarifçiliyin qarşısını alan ən böyük və ən qəribə amil ona olan sosial, ictimai yanaşmadır. Bu gün qəbul sistemimiz, elə universitet mühitinin özü, əmin olun ki, təhsil hadisəsindən daha çox ictimai münasibətləri əks etdirir. Bu gün valideyn üçün əsas məsələ övladının universitetə daxil olmasıdır. “Təki bir diplomu olsun” anlayışı üstünlük təşkil edir. Bu gün bizim valideynlər üçün övladının tələbə olması “mən qonşudan geri qalmayım” prinsipinə söykənir. Eləcə də övladının tələbə olması, xərclədiyi vəsaitin boşa getməməsi kimi xarakterizə olunur. Əmin olun ki, bu gün bir çox valideynlər sentyabrın 15-də dərs prosesi başlayandan sonra övladının təhsilinə heç nəzarət belə etmirlər. Bax, problem bundan ibarətdir”.

E.Nuri təhsilin xilasının onun rəqabət mexanizmi olmaqdan qurtulmalı olduğunu bildirib:

“Təhsil bilirsiniz nə zaman xilas olacaq? Əmin ola bilərsiniz ki, təhsil ictimai baxışların məngənəsindən qurtulanda xilas olacaq. Orta təhsildən ali təhsil pilləsinə keçid qonşu və qohumlar arasındakı rəqabətin təsiri altında baş verdiyi müddətdə təhsildən heç nə gözləyə bilmərik. Hamılıqla  ali təhsilimizin inkişafı, universitetlərimizin irəli getməsi üçün fikirlər səsləndiririk. Amma bu necə olacaq? Bu gün auditoriyaya daxil olan tələbələrin bir hissəsi mənasız rəqabətin içindən gəlirlər. Təbii ki, bu, hamıya aid deyil. Bu gün elə 17 yaşlı gənclərimiz var ki, qarşısına konkret hədəf qoyub və hədəfinə inamla irəliləyirlər. Mən abituriyentlərlə işləyən biri kimi bunu rahatlıqla deyə bilərəm. Elə valideynlər var ki, övladının gələcəyini çox düzgün planlaşdırır, hədəflərini çox dəqiq müəyyənləşdirir. Bunu tam səmimiyyətlə deyirəm. Lakin belə faktlar istisnadır. bunlar istisnadır. Biz bu gün təhsilə yalnız gələcək hədəflər kontekstində yanaşmalıyıq. Təhsil bizə nə qazandıracaq? Onun mahiyyəti nədir? Funksiyası nədir? Diplom asılılığı hansısa bürokratik sənədə bağlılıq deyil. Bu, psixoloji asılılıqdır. Abituriyent intiharları, onların depressiyaya düşməsi, ciddi demotivasiya yaşamalarının kökündə ictimai psixologiya dayanır. Bu gün qəbul sistemimizin özəyini də məhz ictimai psixologiya təşkil edir. Belə olduğu halda universitetlərin peşə perspektivini düzgün qiymətləndirə bilmirik. Biz bir məsələni bilməliyik ki, universitet əmək bazarı üçün müxtəlif ixtisaslar üzrə peşəkar kadr hazırlayan bir müəssisədir. Vəssalam. Universitetə bundan kənar yanaşma düzgün deyil.

Bu gün əmək bazarı ilə ayaqlaşa bilməməyimizin əsas səbəblərindən biri də universitetə baxışımızın düzgün olmamasıdır. Biz universitetə “mən necə peşəkar olacağam?” sualı ilə daxil olmuruq. Biz universitetə “nəhayət ki, tələbə oldum” düşüncəsi ilə daxil oluruq. Problem də məhz buradan başlayır”.

Nicat Rüstəmzadə


Mənbə: Modern.az

Bir cavab yazın