Təhsil Bu gün, 08:16 Burada əsas nəzəriyyə yox, praktika öyrədilir: Xaricdə oxuyan tələbələrimiz

0

Xaricdə təhsil alan tələbələrin qarşılaşdığı əsas fərqlərdən biri də tədris prosesində nəzəri və praktiki biliklərə verilən önəmlə bağlıdır. Bəzi ölkələrdə universitetlər daha çox nəzəri biliklərin mənimsənilməsinə üstünlük verdiyi halda, digərlərində tələbələrin real iş mühitinə hazırlanması, praktiki bacarıqlar qazanması və əldə etdikləri bilikləri tətbiq etməsi əsas prioritetlərdən biridir.

Bəs xaricdə təhsil alan azərbaycanlı tələbələr bu sistemlər barədə nə düşünür? Onların fikrincə, gələcək karyera üçün nəzəri biliklər daha vacibdir, yoxsa praktiki təcrübə? Təhsil aldıqları ölkələrdə bu iki istiqamət arasında hansı balans yaradılıb və tələbələr hansı yanaşmanın üstün olduğunu düşünür? Mövzu ilə bağlı xaricdə oxuyan tələbələrdən açıqlama aldıq.

Latviyada təhsil alan 3-cü kurs tələbəsi Ayxan Abdullayev:

“Mən Latviyada, Riqada “TSI University”-də “Business and Management” ixtisası üzrə təhsil alıram və hazırda 3-cü kursda oxuyuram.

Məncə, Latviyada təhsil sistemi həm nəzəriyyəyə, həm də praktikaya əsaslanır. BBA-da real biznes nümunələri, qrup layihələri və təqdimatlar üzərində işləyirik. Ən çox bəyəndiyim xüsusiyyət isə tələbələrin fikirlərini sərbəst ifadə edə bilməsi və praktiki bacarıqlara önəm verilməsidir.

Business and Management oxuduğum üçün praktiki tərəf daha çox diqqət çəkir. Dərslərdə real biznes nümunələri, case-lər, qrup layihələri və təqdimatlar üzərində işləyirik. Bu da öyrəndiyimiz nəzəri bilikləri praktikada tətbiq etməyə kömək edir.

Təhsil sistemində ən çox bəyəndiyim xüsusiyyət tələbələrin aktiv iştirakına və sərbəst düşünməsinə önəm verilməsidir. Müəllimlərlə ünsiyyət daha rahatdır və tələbələr öz fikirlərini sərbəst şəkildə ifadə edə bilirlər. Məncə, bu yanaşma universitetdən sonra real iş həyatına hazırlaşmaq üçün çox faydalıdır”.

Koreyada təhsil alan digər azərbaycanlı tələbə Rukiya Zabirova:

“Mən Cənubi Koreyada Korea University-də təhsil alıram və hazırda 2-ci kursun 2-ci semestrindəyəm. Universitetdə “Linguistics” və “International Studies” üzrə ikili ixtisas oxuyuram.

Koreyada təhsil alarkən diqqətimi çəkən xüsusiyyətlərdən biri tələbələrin öz dərs cədvəllərini böyük ölçüdə özlərinin formalaşdırmasıdır. Hər semestr keçmək istədiyimiz dərsləri seçirik və buna uyğun olaraq öz proqramımızı qururuq. Eyni zamanda qiymətləndirmə yalnız imtahan nəticələrindən asılı olmur. Dərsdən asılı olaraq təqdimatlar, qrup layihələri, tapşırıqlar və dərsdə aktiv iştirak da yekun qiymətə təsir edir. Mənim ixtisaslarımda da nəzəri biliklərlə yanaşı müzakirələrə və araşdırmaya böyük önəm verilir. Xüsusilə “International Studies” dərslərində müxtəlif ölkələr və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparır, mövzulara fərqli perspektivlərdən yanaşmağı öyrənirik. “Linguistics” isə dilə daha sistemli və analitik yanaşmağımıza imkan verir. Koreyada təhsil sistemində ən çox bəyəndiyim cəhətlərdən biri universitet həyatının yalnız dərslərlə məhdudlaşmamasıdır. Tələbələr müxtəlif klublara, universitet proqramlarına, müsabiqələrə və beynəlxalq fəaliyyətlərə qoşula bilirlər. Məncə, bu imkanlar həm akademik, həm də şəxsi inkişaf baxımından universitet həyatını daha maraqlı edir”.

İsveçdə yaşayan və təhsil alan Gülnisə İbrahimova:

“Mən İsveçdə, Malmö Universitetində Təhsil və Karyera Məsləhətçiliyi ixtisası üzrə təhsil alıram və hazırda təhsilimi davam etdirirəm.

Məncə, İsveçdə, xüsusilə Malmö Universitetində təhsil sistemi həm nəzəriyyəyə, həm də praktikaya əsaslanır. Dərslərdə nəzəri biliklərlə yanaşı, real həyat nümunələri, qrup işləri, müzakirələr və müxtəlif praktik tapşırıqlar üzərində işləyirik. Bu da öyrəndiyimiz məlumatları real vəziyyətlərdə tətbiq etməyə kömək edir.

Ən çox bəyəndiyim xüsusiyyət tələbələrin aktiv iştirakına və sərbəst düşünməsinə önəm verilməsidir. Dərslərdə tələbələrin fikirlərini rahat şəkildə ifadə etməsi və müəllimlərlə açıq ünsiyyət qurması təşviq olunur. Məncə, bu yanaşma həm şəxsi inkişaf, həm də gələcək peşə həyatı üçün çox faydalıdır. Ümumilikdə, Malmö Universitetində təhsil mənim üçün daha çox praktik yönümlü və tələbə mərkəzli bir təcrübədir. Universitetdə həm nəzəri biliklər əldə edir, həm də gələcəkdə işləyəcəyimiz sahəyə uyğun praktiki bacarıqlar formalaşdırırıq”.

Litvanın Vilnüs şəhərində magistr təhsili almış Ayşən Əhmədova:

“Mən Ayşən Əhmədova və artıq iki ildən çoxdur ki, Litvanın Vilnüs şəhərində yaşayıram. Magistratura təhsilimi Mikolas Romeris Universitetində “Project Management” (Layihələrin İdarə Edilməsi) ixtisası üzrə tamamlamışam. Təhsil proqramım  bir il yarım davam edib.

Ümumilikdə, Litvada ali təhsil sisteminin həm nəzəri, həm də praktiki yanaşmalara əsaslandığını düşünürəm. Bununla belə, nəzəriyyə və praktikanın nisbəti seçilən ixtisasdan və konkret təhsil proqramının strukturundan asılı olaraq dəyişə bilər.

Mənim təhsil aldığım “Project Management” proqramında nəzəri komponent daha üstün idi. Dərslərin əhəmiyyətli bir hissəsində layihələrin idarə edilməsi ilə bağlı fundamental nəzəri biliklər, metodologiyalar və konsepsiyalar öyrədilirdi. Bununla yanaşı, bir sıra fənlərdə nəzəri biliklərin praktiki tapşırıqlar vasitəsilə möhkəmləndirilməsinə xüsusi diqqət yetirilirdi. Məsələn, müxtəlif project management alətlərindən istifadə etdiyimiz dərslərdə nəzəri bilikləri birbaşa praktikada tətbiq etmək imkanımız olurdu.

Praktiki yanaşma əsasən tapşırıq və real iş proseslərini simulyasiya edən nümunələr üzərindən həyata keçirilirdi. Bu metod bizə yalnız nəzəri məlumatı öyrənməyə deyil, həm də həmin bilikləri tətbiq etməklə mövzunu daha dərindən anlamağa imkan verirdi. Belə dərslərdə nəzəriyyə və praktika bir-birini tamamlayırdı. Digər tərəfdən, daha çox nəzəri xarakter daşıyan fənlər də mövcud idi. Bu dərslərdə mövzular əsasən müzakirə, sual-cavab və akademik materialların təhlili vasitəsilə mənimsənilirdi. Buna görə də şəxsi təcrübəmə əsasən, Litvada təhsil sistemi tamamilə yalnız praktikaya və ya yalnız nəzəriyyəyə əsaslanan bir model deyil. Daha çox, ixtisasın xüsusiyyətlərindən asılı olaraq nəzəri biliklərin praktiki tətbiqlə dəstəkləndiyi balanslaşdırılmış bir yanaşma müşahidə etdim”.

 

Nicat Rüstəm


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More