Aktual Bu gün, 16:32 Dünyanın 200-ə yaxın LOR mütəxəssisi Bakıda toplaşıb – FOTO
03-04 iyun tarixlərində Bakıda Hilton Oteldə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Foniatriyada yeni üfüqlər” mövzusunda Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin 4-cü, Azərbaycan Foniatrlar və Loqopedlər Cəmiyyətinin 1-ci Beynəlxalq konqresi keçirilib.
Modern.az xəbər verir ki, Konqres “Avropa Foniatrlar İttifaqı”, Türkiyə Cümhruiyyətindən “Kulak, burun, boğaz ve baş boyun cerrahisi derneği”, “Ses, konuşma, yutma bozuklukları derneği”, “Professional Ses Derneği” və “Laringoloji derneği” kimi elmi cəmiyyətlərlə birlikdə keçirilməklə, hədəfi səs problemlərinin müayinə və müalicə üsullarının geniş şəkildə müzakirəsindən ibarətdir. Konqresin proqramına bu problemlərin ələ alınacağı 10 elmi panel daxil edilib.
200-ə yaxın otorinolarinqoloqun iştirakı ilə keçirilən konqresin məruzəçiləri arasında Türkiyə Respublikası, ABŞ və Azərbaycandan 40-a yaxın otorinolarinqoloq və loqopedlər yer almışlar.
Konqresin ilk günü Avropa Foniatrlar İttifaqının Prezidenti Prof.Dr. Haldun Oğuz, DoctorVOX səs terapiyası üsulunun müəllifi Dosent Dr. İlter Denizoğlu, və Avropa Foniatrlar İttifaqı idarə heyətinin üzvü Dosent Dr. Ramil Həşimlinin səs xəstəkiklərinin müalicəsində ən geniş istifadə olunan “Səs terapiyası tətbiqi” haqda geniş bir müzakirəli interaktiv kurs keçirilmişdir. Kursda Həkim-otorinolarinqoloqlarla bərabər defektoloq-loqopedlər, sənətçilər, Milli konservatoriyanın müəllim-tələbə heyəti də iştirak etmişdir.
04 iyun səhər Konqresin rəsmi açılış mərasimi keçirilmişdir. Gün ərzində qırtlağın xoş və bəd xassəli törəmələri, iflicləri, uşaqlarda disfoniyalar, audio-vestibulyar diaqnostika yenilikləri, foniatriyada süni zəka tətbiqi və s. kimi müxtəlif səs problemlərinin müayinə və müalicəsinə həsr olunmuş 7 panellə elmi proqram davam edəcəkdir.
05 iyun 2026-cı il tarixində Qarabağ Universiteti ev sahibliyi ilə “1-ci Qarabağ Səs Konqresi” də keçiriləcəkdir. Konqresin keçirilməsində məqsəd yerli və xarici mütəxəssislərlə (həkimlər, incəsənət xadimləri) bərabər professional səsin müxtəlif aspektlərini, Azərbaycan musiqisi, muğam və milli vokal üslubunun xüsusiyyətlərini elmi yöndən müzakirə etmək, gələcək elmi araşdırmalar üçün ortaq platforma qurmaqdan ibarətdir. Bu il keçiriləcək ilk konqresin əsas mövzusu professional səsin müxtəlif aspektləri, ömür boyu sağlam səslə performans, səs-vokal elmində elmi tədqiqat imkanlarına həsr olunmuşdur. Yuxarıda qeyd edilən elmi cəmiyyətlərin nümayəndələri burda da iştirak edəcəklər.
Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tibbi şurası tərəfindən 13 DTT krediti ilə akkreditasiya edilmişdir və LOR Hospitalın baş sponsorluğu ilə keçirilir.
Mənbə: Modern.az
