Şagirdlərlə bağlı yenilik: qiymətləndirmə sistemi dəyişə bilər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bu il ölkə üzrə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdi arasında monitorinq keçiriləcək. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə xidmət edən monitorinqdə ilk dəfə olaraq açıq tipli suallardan istifadə olunacaq.
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, 4-cü və 6-cı siniflər üzrə monitorinqlərdə açıq tipli sualların tətbiqi müsbət addımdır.
“Şagirdlər yuxarı siniflərdə, xüsusilə qəbul imtahanlarında açıq tipli tapşırıqlarla qarşılaşırlar. Bu baxımdan onların aşağı siniflərdən bu formatla tanış olması gələcəkdə həmin sualları daha rahat həll etmələrinə kömək edə bilər”.
Ekspert eyni zamanda bildirib ki, 4-cü sinif monitorinqi həm də ibtidai təhsil mərhələsinin yekununda şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir:
“Valideyn övladının qiymətləndirilməsi ilə bağlı hər hansı narazılıq bildirirsə, monitorinq nəticələri əlavə müqayisə imkanı yaradır. Bu zaman şagirdin nəticəsini həm öz əvvəlki göstəriciləri, həm də digər şagirdlərin nəticələri ilə müqayisə etmək mümkündür”.
Onun fikrincə, 6-cı sinif monitorinqi də müəyyən mənada lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələrinin təhlili üçün əlavə göstərici rolunu oynaya bilər:
“Valideynlər və ya şagirdlər qəbul imtahanlarının nəticələri ilə bağlı suallar yarandıqda monitorinq nəticələrinə baxaraq müqayisə apara bilərlər. Əgər nəticələr arasında ciddi fərq yoxdursa, bu, ümumi hazırlıq səviyyəsinin uyğun olduğunu göstərir. Əks halda isə müəyyən araşdırma aparılmasına ehtiyac yarana bilər”.
R.Nurəliyev hesab edir ki, monitorinqlərin keçirilməsi ümumilikdə məqsədəuyğundur. Bununla belə, o, ümumi təhsil sistemində imtahanyönümlü yanaşmanın həddindən artıq gücləndirilməsinin tərəfdarı olmadığını vurğulayıb:
“Məktəblərdə əsas diqqət tədrisin keyfiyyətinə yönəlməlidir. İmtahanlar vacib olsa da, təhsil prosesində əsas məqsədə çevrilməməlidir. Gələcəkdə bəzi qiymətləndirmə mexanizmlərinin optimallaşdırılması da müzakirə oluna bilər”.
Məlumat üçün qeyd edək ki, ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
Mənbə: Modern.az
