AZƏRBAYCAN TİBB ELMİNİN FƏDAKAR SİMASI
Azərbaycan tibb elmi və səhiyyə sistemi tarix boyu peşəkar, fədakar və vətənpərvər həkimlərin fəaliyyəti ilə zənginləşmişdir. Bu nəcib missiyanı ömrünün mənasına çevirən, elmi biliklərlə humanist dəyərləri birləşdirərək həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda Azərbaycan həkim adını layiqincə təmsil edən ziyalılardan biri də dosent Rasim Hətəm oğlu Quliyevdir.
Onun həyat yolu yalnız bir həkimin peşəkar yüksəliş tarixçəsi deyil, eyni zamanda elmə sədaqətin, müəllimlik məsuliyyətinin, beynəlxalq tibbi əməkdaşlığın və vətəndaşlıq mövqeyinin parlaq nümunəsidir. Çoxşaxəli fəaliyyəti, zəngin elmi irsi və minlərlə xəstəyə bəxş etdiyi şəfa ilə Rasim müəllim Azərbaycan tibb ictimaiyyətində özünəməxsus iz qoymuşdur.
Tanınmış həkim, diaqnostika və müalicə sahəsində görkəmli alim, Azərbaycan tibb elminin inkişafında özünəməxsus yeri olan Rasim Hətəm oğlu Quliyev zəngin elmi-praktik fəaliyyəti, pedaqoji xidməti və yüksək vətəndaşlıq mövqeyi ilə seçilən ziyalılardandır. O, görkəmli alim Məmməd Emin Əfəndiyev məktəbinin layiqli yetirməsi və davamçısı, Prezident təqaüdçüsü, tibb üzrə fəlsəfə doktoru, dosent kimi uzun illər səhiyyə sistemində səmərəli fəaliyyət göstərmişdir.
Uşaqlıq və təhsil illəri
Rasim Quliyev 1939-cu ilin sentyabr ayında Tərtər rayonunda dünyaya göz açmışdır. İlk təhsilini rayonun Mamırlı kəndində almış, sonralar ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orta məktəbi burada bitirmişdir. Hələ məktəb illərindən elmə, xüsusilə biologiya və kimya fənlərinə böyük maraq göstərmişdir.
1958-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1964-cü ildə institutu əla qiymətlərlə başa vurmuşdur. Tələbəlik illərində fəallığı, dərin bilik və məsuliyyəti ilə müəllim və tələbə yoldaşlarının hörmətini qazanmışdır.
Həkimlik fəaliyyətinin başlanğıcı
1964–1968-ci illərdə Naftalan kurortunda həkim, şöbə müdiri və baş həkimin müalicə işləri üzrə müavini vəzifələrində çalışmışdır. Gənc yaşına baxmayaraq, yüksək peşəkarlığı və xəstələrə humanist münasibəti sayəsində Sovetlər İttifaqının müxtəlif bölgələrindən müalicəyə gələn xəstələr arasında böyük rəğbət qazanmışdır. Onun fəaliyyəti haqqında “Trud” qəzetində “Sizə minnətdaram, insanlar” adlı geniş məqalə dərc olunmuşdur ki, bu da gənc həkimin nüfuzunun göstəricisi idi.
Elmi və pedaqoji fəaliyyət
1968-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Daxili xəstəliklərin propedevtikası kafedrasına aspiranturaya qəbul olunmuş, elmi işini uğurla müdafiə etmişdir. 1970-ci ildən həmin kafedrada pedaqoji fəaliyyətə başlamış və uzun illər tələbələrin hazırlanmasında mühüm rol oynamışdır.
Dosent Rasim Quliyev müasir təbabətin müxtəlif sahələrini əhatə edən 130-dan artıq elmi məqalənin müəllifidir. Onun 3 dərsliyi və 1 monoqrafiyası tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Müəllifliyi və redaktorluğu ilə nəşr olunmuş əsərlər bunlardır:
- “Peşə xəstəlikləri və zəhərlənmələrin müalicəsi” (monoqrafiya, Bakı, 2021)
- “Peşə xəstəlikləri” (dərslik, Bakı, 2023)
- “Klinik qastroenterologiya” (dərslik, Bakı, 2026)
Bu əsərlər tələbə və həkimlər üçün dəyərli vəsait kimi geniş istifadə olunur.
Beynəlxalq fəaliyyət
1975-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən aparıcı mütəxəssis kimi Qvineya-Bissau Respublikasına ezam edilmişdir. Orada Prezident ailəsinin həkimi kimi fəaliyyət göstərmiş, ölkənin səhiyyə sisteminin inkişafına töhfə vermişdir. Onun fəaliyyəti yerli mətbuatda və “Moskva” jurnalında geniş işıqlandırılmışdır.
1982-ci ildən Sovet həkimləri qrupunun tərkibində məsləhətçi kimi Şimali Yəmən Ərəb Respublikasına göndərilmişdir. Qısa müddətdə təşkilatçılıq qabiliyyəti ilə seçilərək əvvəlcə partiya təşkilat katibi, 1983-cü ildən isə 337 nəfərlik Sovet həkimləri kollektivinin rəhbəri təyin olunmuşdur. Onun təşəbbüsü ilə SSRİ-dən 93 nəfər həkim və orta tibb işçisi Yəmənə dəvət olunmuş, paytaxtdakı Mərkəzi Hospitalda fəaliyyətə başlamışdır.
Bu dövrdə çoxsaylı yəmənli həkimlər SSRİ-də ixtisasartırma və aspirantura təhsili almış, sonradan ölkələrində səhiyyənin inkişafında mühüm rol oynamışlar. Rasim Quliyev Yəmən Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərmanla, Sovet səfirliyi tərəfindən isə sosializm yarışının qalibi döş nişanı ilə təltif edilmişdir.
İctimai fəaliyyət və maarifçilik ənənəsi
Rasim müəllim yalnız həkim və alim deyil, həm də fəal ictimai xadim olmuşdur. Uzun illər fakültə partiya təşkilatının katibi kimi çalışmış, institutun ictimai həyatında yaxından iştirak etmişdir. Onun yetirmələri bu gün Azərbaycan Tibb Universitetində və respublikanın müxtəlif bölgələrində yüksək ixtisaslı mütəxəssislər kimi fəaliyyət göstərirlər.
O, maarifçilik ənənələri olan bir ailədə böyümüşdür. Babası Musa bəy Quliyev Azərbaycanın ilk maarifçilərindən olmuş, Nəriman Nərimanov və Süleyman Sani Axundov kimi ziyalılarla birlikdə fəaliyyət göstərmişdir. Bu ziyalı mühiti Rasim müəllimin formalaşmasında mühüm rol oynamışdır.
Şəxsi keyfiyyətləri və xeyriyyəçilik fəaliyyəti
Rasim Quliyev nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Kimya xanımla birlikdə ömrünü tibb sahəsinə həsr etmişdir. İki övlad və beş nəvə sahibi olan Rasim müəllim ailə dəyərlərinə böyük önəm verir.
Bu gün də o, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək Bakı şəhərində, Bərdə və Tərtər rayonlarında, eləcə də Ramana–Şuşa qaçqın şəhərciyində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə təmənnasız tibbi yardım göstərir. Onun bu fəaliyyəti həmkarları və cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Ömrünü insan sağlamlığına, elmin və gənc kadrların yetişdirilməsinə həsr etmiş dosent Rasim Quliyev zəhməti, humanizmi və yüksək peşəkarlığı ilə seçilən nüfuzlu alim və həkimdir. O, tibb elminə verdiyi töhfələr, beynəlxalq fəaliyyəti və xeyriyyəçilik missiyası ilə Azərbaycan ziyalısının parlaq nümunəsidir.
Belə bir ömür yolu hər bir gənc həkim üçün örnəkdir. Rasim müəllimə möhkəm cansağlığı, uzun ömür və xeyirxah fəaliyyətini davam etdirmək üçün yeni-yeni uğurlar arzulayırıq.



Arif Cəmil oğlu Quliyev,
Kiyev Əqli mülkiyyət və hüquq Universitetinin elmi şurasının üzvü, Konstitusiya, Beynəlxalq hüquq və ictimai-hüquqi fənlər kafedrasının professoru, hüquq elmləri doktoru, professor, diplomat,
Ukraynanın Əməkdar Təhsil işçisi,
Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının Akademiki,
Beynəlxalq, Azərbaycan və Ukrayna Jurnalistlər ittifaqlarının üzvü
