Abituriyentlərin nəzərinə: gələcəyin ən perspektivli ixtisasları açıqlandı
Ali təhsil müəssisələrinə qəbul dövrü yaxınlaşdıqca abituriyentlərin hansı ixtisaslara üstünlük verəcəyi yenidən gündəmə gəlir. Son illərdə bəzi istiqamətlərə, xüsusilə IT, iqtisadiyyat, hüquq sagələrinə marağın artdığı müşahidə olunsa da, əmək bazarının ehtiyacları ilə abituriyent seçimləri arasında uyğunluğun nə dərəcədə təmin olunduğu müzakirə mövzusu olaraq qalır.
Maraqlıdır, ixtisas qrupları üzrə bu il hansı ixtisaslara daha çox maraq gözlənilir və gələcəkdə hansı sahələr daha perspektivli hesab olunur?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, son illərdə abituriyentlərin müəyyən ixtisaslara marağı daha qabarıq şəkildə hiss olunur.
“Bəli, hazırda ən çox tələbat görən istiqamətlər informasiya texnologiyaları, iqtisadiyyat və hüquq sahələridir. Bununla belə, ekspert hesab edir ki, əmək bazarının real ehtiyacları baxımından kənd təsərrüfatı yönümlü ixtisaslar daha perspektivlidir. Son dövrlərdə təbii ki, bu, artıq tendensiya kimi formalaşıb. Əsasən informasiya texnologiyaları, iqtisadiyyat və hüquq istiqamətləri abituriyent axını görür”.
Ekspertin sözlərinə görə, hazırda ölkənin əmək bazarına daha çox tələbat olan istiqamətlər kənd təsərrüfatı yönümlü sahələrdir:
“Bildiyimiz kimi, bizdə kənd təsərrüfatı yönümlü kadr çatışmazlığı var. İxtisaslı kadrlara müxtəlif nazirliklərdə, yaxud nazirliklərin müxtəlif qollarında, o cümlədən kənd təsərrüfatı üzrə regional bölmələrdə və nümayəndəliklərdə kifayət qədər ehtiyac yaranıb.
Ona görə düşünürəm ki, I və IV ixtisas qrupları üzrə təhsil almaq istəyən abituriyentlər kənd təsərrüfatı yönümlü ixtisaslara üstünlük versələr, bu onların gələcəyi baxımından uğurlu seçim ola bilər”.
E.Əfəndi eyni zamanda ixtisas qrupları üzrə abituriyentlərin daha çox maraq göstərdiyi istiqamətlərə də diqqət çəkib:
“İxtisas qrupları üzrə marağı müqayisə etsək, daha çox I ixtisas qrupuna maraq var. Bu il də həmin tendensiya davam edir. Hər il ən azı 30-35 min civarında abituriyent I ixtisas qrupuna maraq göstərir.
Tədricən əmək bazarında informasiya texnologiyaları və iqtisadiyyat istiqamətləri üzrə kifayət qədər ixtisaslı kadr formalaşacaq. Bir neçə il sonra həmin şəxslər iş tapa bilməmək kimi vəziyyətlə də üzləşə bilərlər. Təbii ki, düşünürəm ki, bu baxımdan gələcəkdə bu istiqamətlərə maraq bir qədər azala bilər.
Daha çox marağın artacağı istiqamət isə kənd təsərrüfatı yönümlü ixtisaslardır. Artıq bütün dünyada bu sahəyə daha çox sərmayə qoyulur, investisiyalar yatırılır. Düşünürəm ki, bizdə də bu istiqamətdə maraq formalaşmalıdır”, – deyə E.Əfəndi qeyd edib.
Mənbə: Modern.az
