Aktual Bu gün, 12:29 Şuşa Bəyannaməsi ortaq gələcəyin strateji yol xəritəsidir
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev (Şuşada imzalama törəni)
Tarixdə elə sənədlər var ki, onların əhəmiyyəti imzalandığı günlə məhdudlaşmır. Zaman keçdikcə həmin sənədlərin siyasi çəkisi daha aydın görünür, dövlətlərin gələcək inkişaf istiqamətlərinə necə təsir etdiyi üzə çıxır.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi də məhz belə sənədlərdəndir.
Şuşa Bəyannaməsini yalnız Azərbaycan və Türkiyə arasında imzalanmış növbəti siyasi sənəd kimi qiymətləndirmək doğru olmazdı. Bu sənəd iki qardaş xalqın yüzillər boyu formalaşmış birliyinin, ortaq tarixinin və ortaq gələcəyə baxışının siyasi ifadəsidir. Bəyannamənin məhz Şuşada imzalanması isə xüsusi rəmzi məna daşıyır.
Uzun illər işğal altında qalmış və Azərbaycan Ordusunun şücaəti nəticəsində azad edilmiş Şuşa şəhəri, həmin gün təkcə mədəniyyət paytaxtı kimi deyil, həm də yeni geosiyasi reallıqların elan olunduğu mərkəz kimi tarixə düşdü.
Bu gün regionda baş verən proseslərə nəzər saldıqda Şuşa Bəyannaməsinin nə qədər uzaqgörənliklə hazırlandığını görmək mümkündür.
Sənəd Azərbaycan və Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxararaq, müttəfiqlik səviyyəsinə yüksəltdi. Əslində bu münasibətlər qeyri-formmal olsa da həmişə mövcud olub. Lakin Şuşa Bəyannaməsi həmin münasibətləri hüquqi və siyasi baxımdan daha möhkəm əsaslarla təmin etdi. Bəyannamənin diqqətçəkən cəhətlərindən biri, onun yalnız hərbi və siyasi məsələləri əhatə etməməsidir. Burada iqtisadi əməkdaşlıqdan enerji təhlükəsizliyinə, nəqliyyat layihələrindən təhsil və mədəniyyət sahəsində əlaqələrinə qədər geniş istiqamətlər öz əksini tapıb. Bu isə onu göstərir ki, Azərbaycan və Türkiyə gələcəyi birlikdə qurmağa qərarlıdır. Xüsusilə nəqliyyat və logistika sahəsində nəzərdə tutulan əməkdaşlıq perspektivləri böyük əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması ilə bağlı aparılan işlər artıq təkcə regional layihə kimi deyil, Avropa ilə Asiyanı birləşdirəcək mühüm geo-siyasi və geo-iqtisadi layihə kimi qiymətləndirilir. Bu layihələr reallaşdıqca Azərbaycanın tranzit imkanları genişlənəcək, və bununla yanaşı türk dünyası çərçivəsində əlaqələr daha da möhkəmlənəcək.
Şuşa Bəyannaməsinin başqa mühüm tərəfi regional təhlükəsizlik arxitekturası ilə bağlıdır. Yeni dünya düzənin formalaşmaqda olduğu müasir zamanda təhlükəsizlik və müdafiə sahəsində etibarlı tərəfdaşlıqlar böyük önəm daşıyır.
Bu baxımdan, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi regionda sabitliyin qorunmasına xidmət edən vacib amillərdən biridir. Bəyannamə eyni zamanda beynəlxalq ictimaiyyətə verilmiş açıq mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Türkiyə öz milli maraqlarını birlikdə qorumaq, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına birlikdə töhfə vermək əzmindədirlər. Bu gün iki ölkənin beynəlxalq platformalarda nümayiş etdirdiyi həmrəylik də, məhz həmin siyasi xəttin davamıdır.
2021-ci il iyunun 15-də Şuşada atılan imza, artıq öz nəticələrini verməkdədir. Azərbaycan-Türkiyə münasibətləri hər keçən il daha da möhkəmlənir, yeni layihələr həyata keçirilir, əməkdaşlığın əhatə dairəsi genişlənir. Hərtərəfli Türkiyə – Azərbaycan əməkdaşlığı türk dünyasının digər ölkələri üçün cazibə mərkəzinə çevrilir.
Bütün bunlar göstərir ki, Şuşa Bəyannaməsi təkcə bir günün hadisəsi deyil, uzun illər boyunca regionun siyasi və iqtisadi inkişafına təsir göstərəcək strateji yol xəritəsidir. Bu yol xəritəsinin günbəgün gerçəkliyə çevrilməsi bir daha təsdiq edir ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə tarixi bağlılığın təsbit olunması deyil, həm də ortaq gələcəyin qurulması üçün güclü siyasi iradənin ifadəsidir.
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı
15 iyun 2026-cı il
Mənbə: Modern.az
