Məktəblərdə mədəniyyətin tədrisi nələri dəyişəcək? – MÖVQE

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkədə mədəniyyət siyasətinin yeni mərhələsini müəyyənləşdirən strateji sənəd kimi diqqət çəkir. Konsepsiyada mədəniyyətin cəmiyyət həyatında rolunun gücləndirilməsi ilə yanaşı, onun təhsil sisteminə daha dərindən inteqrasiyası da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəddə mədəniyyətin təhsilin ayrılmaz tərkib hissəsinə çevrilməsi, bu sahə üzrə dərsliklərin hazırlanması və gələcəkdə mədəniyyətlə bağlı ayrıca fənnin tədrisinin təşkili nəzərdə tutulur.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva qeyd edib ki, 2026-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası 2040” ölkəmizin mədəniyyət siyasətində yeni mərhələnin əsasını qoyur.

“Konsepsiyada mədəniyyətin təhsilin ayrılmaz hissəsinə çevrilməsi xüsusi yer tutur və mən bu yanaşmanı olduqca vacib hesab edirəm. Bu gün mədəniyyət yalnız incəsənət və ya irs məsələsi deyil. Mədəniyyət insanın düşüncə tərzini, davranışını, ünsiyyətini, vətəndaş mövqeyini və milli kimliyini formalaşdıran əsas amillərdən biridir. Qloballaşma və rəqəmsallaşma dövründə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, Azərbaycançılıq ideologiyasının daha dərindən mənimsənilməsi və mədəni kimlik şüurunun formalaşdırılması üçün belə bir fənnin tədrisindən daha çox hər bir fənnin tərkibində mədəni dəyərlərin ötürülməsi məsələsi konseptual olaraq qoyulmalıdır”.

Deputatın fikrincə, təhsildə mədəniyyət konsepsiyası gənclərə yalnız keçmişimizi öyrətməyəcək, həm də onların milli irsə sahib çıxan, eyni zamanda dünyaya açıq və müasir düşüncəli vətəndaş kimi yetişməsinə xidmət edəcək:

“Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda mədəniyyətin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində əldə olunan uğurların əsasında Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl dövlət siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, mədəniyyət müəssisələrinin modernləşdirilməsi və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində mühüm layihələr reallaşdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti isə Azərbaycan mədəniyyətinin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır. Məhz bu siyasətin nəticəsidir ki, mədəniyyət bu gün dövlət inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir”.

Milli Məclisin üzvü hesab edir ki, təhsildə mədəniyyət konsepsiyası hazırlanarkən əsas prinsip milli dəyərlər üzərində formalaşan, eyni zamanda dünya təcrübəsinə açıq olan balanslı yanaşmanın təmin edilməsidir:

“İlk növbədə şagird öz xalqının tarixini, ədəbiyyatını, musiqisini, memarlığını, adət-ənənələrini, milli-mənəvi dəyərlərini və mədəni irsini dərindən tanımalıdır. Çünki milli kimlik möhkəm təməl üzərində formalaşır.
Lakin bununla yanaşı, dünya mədəniyyəti ilə müqayisəli yanaşma da vacibdir. Şagird həm milli mədəniyyətimizin bəşəri mədəniyyət içərisində yerini görməli, həm də digər xalqların mədəniyyətinə hörmət və anlayış formalaşdırmalıdır. Bu yanaşma gənclərdə həm milli qürur, həm də qlobal dünyagörüş yaradır”.

M.Vəliyeva eyni zamanda yeni fənnin məzmununda yer almalı olan əsas istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb:

“Məzmunda Azərbaycan dili, nitq mədəniyyəti, davranış mədəniyyəti, oxu mədəniyyəti, rəqəmsal mədəniyyət, mədəni irsin qorunması və yaradıcılıq bacarıqları kimi istiqamətlər də öz əksini tapmalıdır.
Dərsliklər və təhsil proqramları hazırlanarkən son illərdə dövlət qurumları tərəfindən həyata keçirilən mədəni layihələrin, Heydər Əliyev Fondunun milli-mədəni irsin qorunması sahəsində gördüyü işlərin və Azərbaycanın beynəlxalq mədəni əməkdaşlıq təcrübəsinin də öyrənilməsi faydalı olardı. Bu nümunələr gənclərdə milli irsə sahiblik hissini daha da gücləndirə bilər”.

Xanım parlamentari onu da nəzərə çatdırıb ki, bu gün təhsil sistemində biliklərin verilməsi ilə yanaşı, şəxsiyyətin formalaşdırılması məsələsi daha çox aktuallaşır:

“Müşahidə edirik ki, rəqəmsal mühitdə ünsiyyət mədəniyyəti, nitq mədəniyyəti, oxu vərdişləri və davranış normaları ilə bağlı müəyyən problemlər mövcuddur. Mədəniyyət konsepsiyası məhz bu sahədə mövcud olan boşluqları doldura bilər.

Bu  vasitələ şagirdlər estetik zövq, etik davranış, sosial məsuliyyət, mədəni ünsiyyət və milli-mənəvi dəyərlərə hörmət kimi keyfiyyətlər qazanacaqlar. Yəni Təhsildə mədəniyyət konsepsiyası insanın mənəvi və intellektual inkişafına xidmət edən bir platformaya çevrilə bilər. Bu gün ölkəmizdə mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları, mövafiq dövlət orqanlarının  layihələri, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsləri cəmiyyətimizdə mədəni maarifləndirmənin genişlənməsinə mühüm töhfə verir. Təhsil sistemində mədəniyyət komponentinin gücləndirilməsi həmin fəaliyyətlərin davamı və tamamlayıcısı kimi çıxış edə bilər”.

M.Vəliyeva yekun olaraq onu da əlavə edib ki, mədəniyyətlə bağlı bilik və bacarıqların formalaşdırılmasına məktəbəqədər və ibtidai təhsil mərhələsindən başlanmalıdır. Eyni zamanda konsepsiya psixoloji cəhətdən hər yaş mərhələsi üçün işlənərək tətbiq edilə bilər.

“Bu yaş dövründə uşaqlarda həm milli kimlik şüuru, həm də dünyagörüşü daha aktiv formalaşır. Ona görə də proqram yaş xüsusiyyətlərinə uyğun şəkildə mərhələli qurulmalıdır. İbtidai siniflərdə mədəniyyət elementləri digər fənlərə inteqrasiya oluna, orta siniflərdə isə sistemli şəkildə tədris edilə bilər. Yuxarı siniflərdə isə mədəniyyətin rəqəmsal transformasiyası, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəni irsin qorunması kimi mövzular daha geniş şəkildə öyrədilə bilər. Son olaraq deyə bilərəm ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında nəzərdə tutulan təhsil-mədəniyyət inteqrasiyası gələcəyin vətəndaşının formalaşdırılmasına xidmət edən strateji yanaşmadır. Çünki mədəniyyət yalnız keçmişin irsi deyil, həm də gələcəyin insanını formalaşdıran mənəvi və intellektual sərvətdir. Mədəniyyətin gələcəyi isə ilk növbədə təhsil sistemində qurulur.  Əminəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni-humanitar sahədə çoxşaxəli fəaliyyəti, dövlət qurumlarının və Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr nəticəsində Azərbaycan mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində yeni nailiyyətlər əldə olunacaq. “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası 2040″ da məhz bu strateji baxışın tərkib hissəsi olaraq milli-mənəvi dəyərlərə bağlı, yüksək mədəniyyətə malik, müasir dünyagörüşlü vətəndaşların yetişməsinə xidmət edəcək”, – deyə deputat fikrini tamamlayıb.

Milli Məclisin Mədəniyyət və Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova isə bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin təhsilin ayrılmaz hissəsinə çevrilməsi əslində milli düşüncənin strateji yenilənməsi kimi dəyərləndirilməlidir.

“Çünki mədəniyyət dərsi sadəcə əlavə bir fənn deyil, uşağın kim olduğunu, haradan gəldiyini və hansı dəyərlər üzərində formalaşdığını izah edən bir şüur məktəbidir. Bu baxımdan mədəniyyətin ayrıca fənn kimi tədrisi gənc nəslin milli-mənəvi dayaqlarını möhkəmləndirən, onu qlobal dünyada itirmədən inkişaf etdirən çox vacib bir addımdır”.

E.Akimova açıqlamasında dünya təcrübəsinə də diqqət çəkərək qeyd edib ki, mədəniyyət təhsili güclü olan ölkələrdə milli kimlik daha sabit, ictimai dəyərlər daha davamlı olur:

“Məsələn, Finlandiya və Yaponiya kimi ölkələrdə mədəni irs yalnız tarix dərsində deyil, ayrıca inteqrasiya olunmuş və ya müstəqil modullar şəklində şagirdin gündəlik təhsilində yaşayır. Fransa isə “mədəni maarifçilik” modelini məktəblərin əsas istiqamətlərindən birinə çevirərək uşaqlara həm milli, həm də dünya mədəniyyətini paralel şəkildə öyrədir. Bu yanaşma nəticəsində gənc nəsil həm kökünü tanıyır, həm də qloballaşmanın çağırışlarına açıq olur.

Mədəniyyət fənninin məzmunu hazırlanarkən əsas prinsip balans olmalıdır. Yəni bir tərəfdən Azərbaycan ədəbiyyatı, musiqisi, memarlığı, folkloru və tarixi-mədəni irsi dərindən və sistemli şəkildə öyrədilməli, digər tərəfdən dünya mədəniyyətinə müqayisəli baxış formalaşdırılmalıdır. Çünki yalnız milli irsə qapanan təhsil modeli qloballaşan dünyada yetərli olmur, yalnız dünya mədəniyyətinə fokuslanan yanaşma isə kimlik zəifləməsi yarada bilər. Ən doğru yol bu iki xəttin harmoniyasıdır”.

Deputat xatırladıb ki, son illər məktəblərdə vətənpərvərlik, rəqəmsal savadlılıq və digər yeni məzmunların tədrisə daxil edilməsi təqdirəlayiqdir:

“Lakin mədəniyyət fənni bu sistemdə daha fundamental bir boşluğu doldura bilər: bu, “şüur və kimlik boşluğu”dur. Yəni şagird təkcə informasiya alan deyil, həm də dəyərləri dərk edən, estetik zövqü formalaşan, milli mədəniyyətini gündəlik həyatında hiss edən bir fərd kimi yetişir. Bu fənn uşağın texnoloji bacarıqları ilə mənəvi dünyası arasında körpü rolunu oynaya bilər”.

E.Akimovanın qənaətinə görə, bu fənnin tətbiqi üçün ən optimal yaş mərhələsi orta məktəbin aşağı siniflərindən, yəni təxminən 3-4-cü sinifdən başlanmasıdır:

“Çünki bu yaş dövrü uşağın dünyagörüşünün formalaşdığı, dəyərləri təbii şəkildə qəbul etdiyi kritik mərhələdir. Daha yuxarı siniflərdə isə bu biliklər dərinləşdirilərək analitik və müqayisəli xarakter almalıdır.

Son olaraq qeyd etmək istəyirəm ki, mədəniyyət fənni təkcə tədris yeniliyi deyil, gələcəyin vətəndaş modelini formalaşdıran strateji addımdır. Çünki mədəniyyəti güclü olan xalqın kimliyi də güclü olur, yaddaşı da güclü olur, sabaha inamı da güclü olur”.


Mənbə: Modern.az

Bir cavab yazın