Azərbaycanda idxal niyə kəskin azalıb?
2026-cı ilin ilk yarısında Azərbaycanın idxalı kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkəyə idxal olunan malların ümumi statistik dəyəri 8.34 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.18 milyard dollar və ya 27.6% azdır. Maraqlıdır ki, ümumi idxalın azalmasına baxmayaraq, maşın və avadanlıq idxalı 18,8%, ərzaq məhsullarının idxalı isə 6,9% artıb. Digər tərəfdən, ümumi geriləmənin əsas hissəsi “digər mallar” kateqoriyasında qeydə alınan 62 faizlik azalma ilə bağlıdır. Bəs bu göstəricilər iqtisadiyyat üçün hansı mesajı verir? İdxaldakı azalma daxili istehsalın güclənməsinin göstəricisi, yoxsa investisiya və tələbatın zəifləməsinin nəticəsidir?
Oxu.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:
“İdxalın azalması iqtisadi zəifləmə demək deyil”
İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, idxalın azalması ölkə iqtisadiyyatı üçün ilk baxışdan müsbət görünsə də, bu tendensiyanın real iqtisadi əhəmiyyətini anlamaq üçün ümumi rəqəmləri deyil, konkret mal qruplarının statistikasını təhlil etmək lazımdır: “İdxaldakı kəskin geriləmənin arxasında sənaye avadanlıqlarının və ya iş yerləri üçün lazımi istehsal vasitələrinin çatışmazlığının dayandığı ehtimal edilə bilər. Lakin real statistika bunun tam əksini göstərir. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı 18.8% artaraq iki milyard dolları keçib və ümumi idxaldakı payı 24.1%-ə yüksəlib. Vergi ödəyicilərinin sayındakı artım fonunda istehsal vasitələrinin idxalının genişlənməsi onu göstərir ki, ümumi azalma iş yerlərinin bağlanması və ya sənayenin zəifləməsi ilə bağlı deyil. Əksinə, daxili bazarda iqtisadi aktivlik davam edir. Məsələn, geyim (4.4% azalma) və mebel (19.7% azalma) idxalındakı geriləmə daxili bazarda yerli istehsalın və sahibkarlığın inkişafının müsbət nəticəsi kimi qiymətləndirilə bilər. Lakin digər tərəfdən, ərzaq məhsullarının idxalının 6.9% artaraq 1.4 milyard dollara yaxınlaşması (xüsusən ət və süd məhsullarının fiziki həcmindəki ciddi artımlar) baza istehlak mallarında xarici bazardan asılılığın hələ də yüksək qaldığını göstərir”.

“Əsas geriləmə “digər mallar” kateqoriyasında qeydə alınıb”
G.Hüseynova bildirib ki, xarici valyutanın ölkədən çıxışının üç milyard dollardan çox azalması milli valyutanın dayanıqlığı və tədiyyə balansı baxımından müsbət haldır: “İdxal olunan məhsulların strukturuna baxdıqda görürük ki, qara metallar, plastmas və ağac məmulatları kimi xammalyönümlü məhsulların idxal dəyəri artıb. Xammal və sənaye avadanlıqlarının ölkəyə gətirilməsinin artması gələcəkdə hazır məhsul istehsalı və ixrac potensialı yaradacağı üçün iqtisadi cəhətdən olduqca əhəmiyyətlidir. Təhlilin ən mühüm nəticəsi ondan ibarətdir ki, ümumi idxaldakı bu böyük azalma heç də kütləvi şəkildə yerli istehsalın sıçrayışı ilə bağlı deyil. İdxaldakı 3.2 milyard dollarlıq geriləmə mütləq şəkildə “digər mallar” kateqoriyasında baş verən 3.5 milyard dollarlıq (62%) kəskin çöküşlə əlaqədardır. Bu tendensiyanın davamlı olacağı təqdirdə iqtisadiyyat üçün risklər və imkanlar bütövlükdə həmin qrupun strukturundan asılıdır. İstehlakyönümlü geyimdə azalma, sənaye avadanlıqlarında isə artım bazarı sağlamlaşdırsa da, 27.6%-lik ümumi azalmanın əsl təbiətini anlamaq üçün “digər mallar” kateqoriyasının detalları, istifadə şəraiti və bu əməliyyatların birdəfəlik, yoxsa uzunmüddətli xarakter daşıdığı mütləq araşdırılmalıdır”.

“İdxal geriləyir, amma texnoloji avadanlıq axını davam edir”
İqtisadçı Cəfər İbrahimlinin sözlərinə görə, cari ilin ilk yarısında ümumi idxalın 27.6% azalması, ixracın isə artması xarici ticarətdə müsbət saldonun artmasına səbəb olub: “Böyük ehtimalla, investisiya məqsədilə saxlanılan qızılın bir hissəsi qiymətlərin yüksək olduğu dövrdə satılaraq ixrac edilib və bu da xarici ticarət saldosuna öz ciddi müsbət təsirini göstərib. İdxalın kəskin azalmasının əsas səbəbinə gəldikdə, ilkin ehtimallar bunu işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin mühüm bir hissəsinin yekunlaşması ilə əlaqələndirilir. Gözlənilirdi ki, əvvəlki illərdən fərqli olaraq, əsaslı investisiyayönümlü texnologiya və avadanlıq idxalı azalacaq. Lakin rəsmi gömrük statistikası fərqli mənzərə ortaya qoyur. Ölkəyə maşın, avadanlıq və mexanizmlərin idxalı azalmayıb, əksinə, 18.8% artaraq iki milyard dolları ötüb. Bu isə onu göstərir ki, ölkədə infrastruktur, sənaye və əsaslı investisiyalar üçün texnoloji təchizat hələ də yüksək sürətlə davam edir”.

“Yerli istehsal artsa da, ərzaq idxalından asılılıq qalır”
C.İbrahimli bildiribki, bu tendensiyanın ölkə iqtisadiyyatı üçün əhəmiyyətinə gəldikdə, azalmanın arxasında yatan real amillər önəmlidir. Şübhəsiz ki, ölkədə daxili istehsalın artımı tendensiyası mövcuddur: “Məsələn, mebel (19.7%) və geyim (4.4%) idxalındakı geriləmə məhz yerli istehsalın daxili bazarı əvəzləməsi ilə izah oluna bilər. Bu, iqtisadi inkişaf və böyümə imkanları baxımından olduqca müsbət haldır. Lakin ərzaq idxalının (xüsusən ət və süd məhsulları) 6.9% artması göstərir ki, daxili istehsaldakı sıçrayış bütün sektorları, xüsusilə də baza istehlak mallarını hələ ki, tam əhatə etmir. Statistika təsdiq edir ki, hazırkı vəziyyətdə idxaldakı bu ciddi azalmanın əsas səbəbi investisiya layihələrinin bitməsi deyil. Geriləmənin demək olar ki, tamamı birbaşa “digər mallar” kateqoriyasında baş verən 62%-lik (təxminən 3.5 milyard dollar) kəskin düşüşlə bağlıdır. Yəni, iqtisadi mənzərəni doğru qiymətləndirmək üçün xüsusi olaraq bu spesifik kateqoriyadakı azalmanın təsnifatı araşdırılmalıdır”.
Mənbə: Oxu.az