Bakı-Daşkənd xəttində BÖYÜK İQTİSADİ HƏMLƏ: Hədəf bir milyard dollardır
“Azərbaycan və Özbəkistan arasındakı strateji münasibətlər, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşməsinə gətirib çıxarıb”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Özbəkistana səfərini şərh edərkən deyib.
O qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,2 dəfə artaraq 795 milyon dollara qədər yüksəlib:
“Ticarət dövriyyəsindəki artımla bağlı iki ölkənin xarici əlaqələri və bu ölkələr arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəflənir.
Təbii ki, dinamika onu göstərir ki, yaxın dövrdə Azərbaycan və Özbəkistan bu hədəfə nail ola biləcəklər. Eyni zamanda, Özbəkistan-Azərbaycan arasında investisiya qoyuluşlarında, birgə layihələrin həyata keçirilməsində dərin əməkdaşlıq formalaşıb. 500 milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Fondu artıq çoxsaylı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Bu, ölkələr arasında iqtisadi əməkdaşlığın daha da güclənməsinə və nəticə etibarilə strateji münasibətlərin dərinləşməsinə xidmət edib. Ölkələr nəqliyyat-logistika sahəsində əməkdaşlığı gücləndiriblər. Xüsusən də Mərkəzi Asiya-Azərbaycan üzərindən daşınan yüklərin həcmindı artmlar müşahidə olunur. Eləcə də iki ölkə arasındakı yükdaşımaların həcminin də artması qeyd olunur. Bu da, təbii ki, bir tərəfdən strateji münasibətlərin səviyyəsini göstərir, digər tərəfdən isə xüsusən də gömrük və digər istiqamətlərdə elektronlaşmanın həyata keçirilməsi, vahid siyasətin reallaşması ölkələr arasındakı yükdaşımalarına birbaşa təsir göstərir. Bu da nəticədə məhz iki ölkə arasında yükdaşımalarının həcminə birbaşa təsir göstərir”.
Deputat vurğulayıb ki, Özbəkistan-Azərbaycan strateji münasibətlərinin dərinləşməsi həm də birbaşa iki ölkə rəhbərləri arasındakı səmimi qardaşlıq, dostluq, xüsusən də hörmət və etimada əsaslanan münasibətlərin olması ilə bağlıdır:
“Bu da Azərbaycan və Özbəkistan prezidentlərinin qardaşlıq və dostluq münasibətləri nəticə etibarilə ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edir. İki ölkə rəhbərləri arasındakı hörmət və etimada əsaslanan münasibətlər, təbii ki, ölkələrin də əlaqələrinə birbaşa təsir göstərib. Bu baxımdan, Özbəkistan və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda ciddi əməkdaşlıq qurub və bu əməkdaşlıq praktik olaraq yeni dövr üçün artıq yeni hədəflərin müəyyənləşdirilməsinə gətirib çıxarıb. Nəticədə biz iki ölkə arasında münasibətlərin, strateji əlaqələrin daha da dərinləşməsinin, iqtisadiyyatın müxtəlif sektorlarında yeni layihələrin reallaşmasının şahidi oluruq. Nəticədə Özbəkistan və Azərbaycan həm beynəlxalq platformalarda, xüsusən də Türk Dövlətləri Təşkilatında C6 formatında daha yaxın əməkdaşlıq qurmasını və eyni zamanda ikitərəfli formatda da əlaqələrin dərinləşməsini müşahidə edəcəyik”.
Mənbə: Oxu.az