Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
Avqustun 26-da Bakıda tanınmış tatar tarixçisi, arxeoloqu, şərqşünası və diyarşünas-tədqiqatçı, Ümumdünya Tatar Konqresinin Komitə sədri, professor Albert Burhanovla görüş keçirilib.
Diaspornews.az xəbər verir ki, görüş zamanı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən professor Albert Burhanova xalqlar arasında dostluq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkürnamə təqdim olunub.

Tədbirdə professor Albert Burhanovun elmi və ictimai fəaliyyəti, Azərbaycan-tatar əlaqələrinin inkişafında oynadığı rol və türk dünyasının ortaq tarixi-mədəni irsinin araşdırılması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin professor Albert Burhanovun 70 illik yubileyi münasibətilə ona xüsusi hazırlanmış hədiyyələr təqdim edilib. Yubilyara üzərində öz portreti əks olunan xalça və xüsusi hazırlanmış nərd dəsti bağışlanıb.
Professor Albert Burhanov göstərilən diqqətə və yüksək qiymətə görə təşəkkürünü bildirib. O, Azərbaycanla Tatarıstan və ümumilikdə türk dünyası arasında tarixi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Albert Burhanov, həmçinin Azərbaycan icmasının Tatarıstanda Azərbaycan-Tatarıstan əlaqələrinin inkişafına, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə və qarşılıqlı mədəni əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib.

Qeyd edək ki, Albert Burhanov uzun illərdir tarix, arxeologiya, şərqşünaslıq və diyarşünaslıq sahələrində elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. O, tatar xalqının tarixi və mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində mühüm araşdırmaların müəllifidir.
