Təhsil Bu gün, 21:01 Neftçalada “Zəkaların mübarizəsi” olimpiadası keçirilib
Neftçala rayonunda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə zona birinciliyi keçirilib.
Modern.az xəbər verir ki, açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər qonaqlar iştirak ediblər.
Olimpiadanın regional seçim mərhələsi açıq elan edilməzdən öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək qeyd edib ki, belə nüfuzlu bilik yarışlarının regionda təşkili gənclərin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ölkədə həyata keçirilən təhsil siyasəti nəticəsində gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və Heydər Əliyev Fondunun layihələri təhsil sahəsinin inkişafında mühüm rol oynayır. Sonda iştirakçılara uğurlar arzulanıb və bu cür layihələrin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyi qeyd olunub.
Digər çıxış edənlər- Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildiriblər ki, bu cür bilik yarışları şagirdlərin intellektual potensialının inkişafına, onların analitik düşünmə və komanda bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Qeyd olunub ki, regionlarda keçirilən belə layihələr gənclər arasında sağlam rəqabət mühitinin güclənməsinə, təhsil və mədəniyyət sahəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Eyni zamanda, gənclərin ictimai həyatda fəallığının artırılması və onların yaradıcı təşəbbüslərinin dəstəklənməsi istiqamətində bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra bilik yarışına start verilib. Bildiririk ki, Olimpiadanın regional üzrə seçim mərhələsində Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının komandalarını təmsil edən IX-XI sinif şagirdləri iştirak edib. Sonda olimpiadanın regional mərhələsinin qalibi Salyan rayonunu təmsil edən “ASTER” komandası olub və may ayında keçiriləcək “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsinə vəsiqə qazanıb.
Həmçinin “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə region mərhələsinin qalibləri mükafatlandırılıb. Nəticələrə əsasən I yerə Neftçala, II yerə Salyan, III yerə isə Hacıqabul rayonunun komandaları layiq görülüblər.
Yarış zamanı məktəblilərin ifasında musiqi və rəqslər nümayiş etdirilib.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərin analitik düşünmə, liderlik, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirməkdir.
Mənbə: Modern.az
