Ermənilər də “soyqırımı” əvvəlki kimi anmır

Hər il 24 aprel tarixində ermənilər “erməni soyqırımı”nın tanınması məqsədilə dünya dövlətlərindən dəstək almağa çalışırlar. Hadisəni tarixi reallıqlardan kənar şəkildə təqdim edib, yalan üzərində siyasət qururlar.

Paşinyan hökuməti isə məsələyə fərqli yanaşır. Baş nazir Nikol Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə Osmanlı İmperiyasındakı “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib.

“Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə “soyqırımı” gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu”, – Paşinyan bildirib.

Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, “erməni soyqırımı”nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib ki, artıq uydurma “erməni soyqırımı” əvvəlki ehtirasla anılmır:

“Uzun müddət soyqırımı siyasətindən bəhrələnənlər, dövlət səviyyəsində bu məsələdən istifadə edərək xalqın gözünə kül üfürən bir qrup insanlar olub. Digər bir qrupun isə həqiqətən beynində, ruhunda bir patoloji soyqırımı xəstəliyi var.  Bunlar üçün “soyqırmı niyə və necə olub?”, “ümumiyyətlə, doğrudanmı, bu hadisə baş verib?” kimi suallar əhəmiyyət kəsb etmir. Beyinlərində hopdurublar ki, soyqırımı dünya ermənilərinin tarixinə vurulmuş zədədir.  Akopyan soyadlı Avropada yaşayan bir erməni milyoner var. Onun müsahibəsi erməni diasporunun iç üzünü açıq ortaya qoyu. O bir müsahibəsində erməniləri digər millətlərdən necə fərqləndirdiyi ilə bağlı suala “fərq yalnız ondadır ki, tarixdə soyqırımına məruz qaldığımız üçün həssas millətik”,-deyə cavab verib.  Məqsədi, amalları soruşulduqda isə “mənim bütün varlığım düşüncəm və fəaliyyətim soyqırımı dünayda tanıtmaqdır”,-deyə cavab verib. Maraqlı nüans ondan ibarətdir ki, o özü etiraf edib ki, nə erməni dilində bilir, nə də Ermənistanda olub. Bu xəstə düşüncə və psixologiya uzun müddət tarixin arxivinə atıldı. ABŞ liderləri arasında bəziləri məsələyə baxır, digərləri isə heç bir münasibət bildirmirdilər. İndi artq soyqırımı məsələsi sözün həqiqi mənasında əvvəlki kimi ehtirasla anılmır. İkinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətə uğradılması ilə obrazlı desək, erməni ideologiyasının tabutuna sonuncu mismar vuruldu. Onlar 200 illik ideyalarının məğlubiyyətinə şahidlik etdilər. Akopyandan fərqli olaraq, indiki erməni gəncliyi yanlış yolda olduqlarını gördülər”.

 Deputat düşünür ki, sülh sazişi imzalandıqdan sonra Ermənistanda soyqırımı məsələsi tanınan olmayacaq:

“Paşinyan kilsəyə qarşı baş qaldırdı. Bunu hər kəs edə bilməz. İndi də çıxıb elan etsə ki, soyqırımı olmayıb, yalandır, onu erməni diasporu, banditləri, quldurları topa tutarlar. Ona göə də mən güman edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra  bu məsələ müzakiər olunan hadisə olmayacaq. Bircə onu bilirəm ki, nə qədər xaricdəki erməni diasporu var və onlar erməni kartı üzərində özlərinin kapitallarını toplaya bilirlərsə, bundan əl çəkməyəcəklər. Niyə bundan imtina etsinlər?!”, – o deyib.


Mənbə: Modern.az

Bir cavab yazın