Buraxılış imtahanında esse tapşırığı: şagirdlər üçün nə dəyişəcək?

Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. Belə ki, növbəti ildən etibarən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar. Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

Maraqlıdır, 11-ci siniflər üçün esse tapşırığının buraxılış imtahanlarına daxil edilməsi qərarı hansı zərurətdən irəli gəlir və bu dəyişiklik şagirdlərin qiymətləndirilməsinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ilk olaraq bu dəyişikliyin tərəfdarı olduğunu bildirib:

“İndiyədək buraxılış imtahanlarında ingilis dili fənni üzrə sualların anlaşılmaz olması və ya ciddi problem yaratması ilə bağlı xüsusi hal müşahidə etməmişəm. Ona görə də hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bu istiqamətdə edilən dəyişiklik böyük problem formalaşdırmayacaq.

Qəbul etmək lazımdır ki, hazırkı yeni sistem danışıq dilinin, yazı bacarıqlarının və ümumilikdə dil biliklərinin inkişaf etdirilməsinə yönələn modeldir. Müasir dövrdə beynəlxalq təcrübə də məhz bunu tələb edir. Bu baxımdan, , yeni format  da məhz beynəlxalq dil imtahanlarında tətbiq olunan sual modellərinə yaxınlaşdırılaraq hazırlanır”.

Ekspert həmçinin vurğulayıb ki, bu dəyişikliyin həm müsbət, həm də mənfi tərəfləri var:

“Müsbət tərəfi ondan ibarətdir ki, imtahan modeli beynəlxalq təcrübəyə uyğunlaşdırılmağa çalışılır. Bu, şagirdlərdə danışıq, yazı və ümumi dil bacarıqlarının inkişafına müsbət təsir göstərə bilər. Çünki indiyədək bir çox şagird əsasən qrammatikaya üstünlük verir, danışıq və yazı bacarıqlarında isə çətinlik çəkirdi. Halbuki yalnız qrammatik bilik kifayət etmir. Praktik biliklərin formalaşdırılması, şagirdin fikrini yazılı və şifahi şəkildə ifadə edə bilməsi də vacibdir.

Bəzən görürdük ki, şagirdlər buraxılış imtahanlarında qrammatikadan yüksək nəticə əldə etsələr də, ingilis dili üzrə ixtisasa qəbul olduqdan sonra həmin dildə izahları anlamaqda çətinlik çəkirdilər. Bunun əsas səbəbi danışıq və yazı bacarıqlarının yetərli səviyyədə olmaması idi. Tədrisi ingilis dilində olan ixtisaslarda oxuyan tələbələrin bir qismi də bu istiqamətdə ciddi çətinlik yaşayırdı. Yeni format isə orta ümumtəhsil məktəblərində şagirdlərin danışıq və yazı dilinin inkişaf etdirilməsinə töhfə verə bilər”.

Ekspertin sözlərinə görə, digər tərəfdən, istər Dövlət İmtahan Mərkəzi, istərsə də digər qurumlar hər hansı yenilik tətbiq edərkən həmin yeniliyin hansı mühitdə həyata keçiriləcəyini də nəzərə almalıdır:

“Qeyd olunan imtahan modeli orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə tətbiq olunacaq. Ona görə də sual yaranır: hazırda məktəblərdə DİM-in yeni modelinə uyğun tapşırıqlar yerinə yetirilirmi? Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu modeli 2027-ci ildə buraxılış siniflərində tətbiq etməyi planlaşdırır. Həmin şagirdlərə bu barədə məlumat 9-cu sinifdə oxuyarkən verilib. Bu halda 5, 6, 7 və 8-ci siniflərin proqramından yeni formatda sualların salınması müəyyən çətinlik yarada bilər. Çünki həmin dövrdə şagirdlər bu model üzrə imtahan verəcəklərindən xəbərdar deyildilər. Onlara bu istiqamətdə yazı və danışıq tapşırıqları sistemli şəkildə öyrədilməyib”.

R.Nurəliyev onu da əlavə edib ki, bu məqam xüsusilə regionlarda, ucqar kəndlərdə təhsil alan şagirdlər baxımından nəzərə alınmalıdır:

“Çünki buraxılış imtahanında ölkə üzrə bütün şagirdlər iştirak edir. Suallar tərtib olunarkən bu reallıq mütləq nəzərə alınmalıdır. Əgər suallar həddindən artıq ağır və mürəkkəb olarsa, bölgələrdə təhsil alan uşaqlar daha çox çətinlik çəkə bilər. Bu da valideynləri uşaqlarını rayonlardan Bakıya gətirməyə məcbur edə bilər. Nəticədə həm ailələr üçün əlavə yük yaranar, həm də paytaxta axın daha da arta bilər. Bu isə yeni modelin mənfi tərəflərindən biri kimi qiymətləndirilə bilər.

Təqdirəlayiq məqamlardan biri ingilis dili fənni üzrə sualların sayının azaldılması və imtahan vaxtının 15 dəqiqə artırılması ilə bağlı yanaşmadır. Ümumilikdə, həm sualların, həm də fənlərin sayının azaldılmasının tərəfdarıyam. Xüsusilə buraxılış imtahanlarının daha sadə və əlçatan olmasını vacib hesab edirəm. Əgər yeni model şagirdlər üçün əlavə çətinlik yaradacaqsa, bu, artıq mənfi təsir kimi dəyərləndirilməlidir”.

Ekspert hesab edir ki, bu istiqamətdə həm sual tərtib edənlərə, həm də imtahanda iştirak edəcək şagirdlərə əvvəlcədən aydın istiqamət verilməlidir:

“DİM qəbul imtahanlarından əvvəl hansı mövzularda və hansı formatda sualların düşəcəyi barədə “Abituriyent” jurnalının müvafiq sayında məlumat dərc edir. Düşünürəm ki, növbəti ildən etibarən “Abituriyent” jurnalının 1-ci sayında bu dəyişikliklərlə bağlı geniş məlumat verilməlidir. Beləliklə, şagirdlər sualların formatı və mövzular barədə əvvəlcədən məlumat əldə etmiş olarlar”.


Mənbə: Modern.az

Bir cavab yazın