Həzi Aslanovun nəvəsi Prezidentə məktub YAZDI
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Həzi Aslanov Prezident İlham Əliyevə məktub yazıb.
Modern.az-ın məlumatına görə, məktubda deyilir:
“Müzəffər Ali Baş Komandan,
Ulu Öndər Heydər Əliyevin tarixi vətənpərvərlik ənənələrini uğurla davam etdirərək faşizm üzərində Qələbənin 81-ci ildönümündə birinci xanım Mehriban Əliyeva ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət etdiyinizə, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsinə bir daha ehtiram göstərdiyinizə görə Aslanovlar ailəsi adından Sizə təşəkkürümüzü bildiririk. Həmçinin Sizin müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlamağınız, onlara hərtərəfli diqqət və qayğı göstərməyiniz həmişə minnətdarlıqla qarşılanır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, qalib Azərbaycanımızın daha da inkişafı naminə çox böyük xidmətlərinizdə, yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Xatırladaq ki, polis general-mayoru Həzi Aslanov 1941-45-ci illər müharibəsində həlak olmuş məşhur Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.
Nəvə Həzi Aslanov 2025-ci ilin oktyabrında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis sistemindən təqaüdə göndərilib.
Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub.
Qeyd edək ki, 2025-ci il sentyabrın 17-də onun 60 yaşı tamam olub.
O, 2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu.
Mənbə: Modern.az
