Ən həssas təbəqələri unudulmamalıdır – pakistanlı nazir
Enerji və şəhər inkişafı sahəsində əldə olunan nailiyyətlərdən danışarkən cəmiyyətin ən həssas təbəqələri unudulmamalıdır.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “D-8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Urban Dialoqu” adlı tədbirdə Pakistan İslam Respublikasının İqlim Dəyişiklikləri və Ətraf Mühitin Koordinasiyası üzrə federal naziri Musadık Masood Malık bildirib.
“Otaqüstü günəş panelləri damı olan insanlar üçündür. Elektrikli avtomobillər isə avtomobili olanlar üçündür. Bəs nə damı, nə də nəqliyyat imkanı olmayan insanlar necə olacaq?” – deyə o söyləyib.
Pakistanlı nazir Kolumbiyada yoxsul dağlıq ərazilərlə şəhər mərkəzlərini birləşdirən kanat yollarını nümunə göstərərək bildirib ki, bu layihələr turizm üçün deyil, insanların gündəlik dolanışığını təmin etmək məqsədilə yaradılıb.
Onun sözlərinə görə, yoxsul icmalar bütün çətinliklərə baxmayaraq güclü sosial həmrəylik və dayanıqlılıq nümayiş etdirirlər:
“Onların gücü mədəniyyətlərində, bir-birlərinə qayğı göstərmək bacarığında və dözümlülüklərindədir. Biz bu gücü dəstəkləməliyik”.
Nazir həmçinin vurğulayıb ki, şəhərsalma siyasəti insanların yaşadığı məkanları dağıdaraq yeni “yaşıl standartlar” tətbiq etməyə deyil, mövcud həyat şəraitini yaxşılaşdırmağa yönəlməlidir:
“Bu icmaları dağıdıb yenidən qurmaq olmaz. İnsanların həyatını onların seçdiyi yaşayış formasına uyğun şəkildə yeniləmək lazımdır. Dövlət qulluqçuları kimi bizim vəzifəmiz onların həyatını daha ləyaqətli etməkdir”.
Federal nazir çıxışı zamanı D8 ölkələri arasında əməkdaşlığın vacibliyini də vurğulayıb:
“Malayziya, İndoneziya, Banqladeş, Misir və digər ölkələrin müxtəlif uğurlu təcrübələri mövcuddur və bu təcrübələrin paylaşılması vacibdir. Ölkələr texnologiya, maliyyələşmə və inkişaf modellərini birgə paylaşaraq daha inklüziv şəhər inkişafı yarada bilərlər.
Əgər Bakıda birgə fəaliyyət barədə razılığa gələ bilsək və bunu yoxsullar, ən həssas insanlar üçün edəcəyimizə söz versək, onda həqiqətən həll yolu tapa bilərik”.
Sonda nazir qeyd edib ki, bu gün qurulan şəhərlər gələcək nəsillərin yaşayacağı məkanlardır:
“Sabah övladlarınız üçün nə istəyirsinizsə, şəhərləri də elə qurun”, – deyə o qeyd edib.
Mənbə: Modern.az
