Hikmət Hacıyevdən BMT ilə bağlı vacib açıqlama
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanın əməkdaşlığından, postmünaqişə dövründə həyata keçirilən yenidənqurma işlərindən və vətəndaş cəmiyyətinin rolundan danışıb.
Modern.az xəbər verir ki, Hikmət Hacıyev çıxışında Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə münasibətlərində yeni mərhələnin başladığını bildirib.
“Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə yeni əməkdaşlıq hekayəsi başlayıb. Həmin görüşdə Prezident İlham Əliyev Milli Şəhərsalma Forumunun keçirilməsi və gələcəkdə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda təşkili ilə bağlı ölkəmizin baxışını təqdim etmişdi”, – deyə o vurğulayıb.
Hikmət Hacıyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoruna da təşəkkür edərək qeyd edib ki, o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən ilk yüksəkvəzifəli BMT nümayəndələrindən biri olub.
“BMT-nin Məskunlaşma Proqramı postmünaqişə dövründə yenidənqurma və bərpa prosesinə öz təcrübəsi və baxışı ilə mühüm töhfə verir”, – deyə Prezidentin köməkçisi bildirib.
O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu mühüm platformadır və qeyri-hökumət təşkilatlarının qlobal səviyyədə bir araya gətirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Hikmət Hacıyev bu istiqamətdə dəstəyə görə BMT nümayəndəsi xanım Rosbaxa və onun komandasına təşəkkür edib.
“Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət sahəsində BMT ailəsinin ən yaxşı təcrübələri bu prosesdə bizə ciddi dəstək verdi. Bu əməkdaşlıq olmasaydı, nə QHT forumunu, nə də Ümumdünya Şəhərsalma Forumunu uğurla təşkil etmək mümkün olmazdı”, – deyə o bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarına dəstək göstərən dövlət agentliyi yaradılıb, QHT-lərə qrantlar ayrılır, təlimlər keçirilir və institusional inkişaf dəstəklənir.
Hikmət Hacıyev əlavə edib ki, vətəndaş cəmiyyəti institutları Azərbaycanın dayanıqlı inkişaf proqramlarının icrasında da fəal iştirak edir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində, xüsusilə mina təhlükəsi ilə bağlı məsələlərdə QHT-lərlə sıx əməkdaşlıq həyata keçirilir.
“Qlobal düşün, lokal fəaliyyət göstər” prinsipi Azərbaycan vətəndaş cəmiyyətinin əsas şüarlarından biridir”, – deyə o bildirib.
Hikmət Hacıyev çıxışında Azərbaycanın beynəlxalq əməkdaşlığa da xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, ötən il COP29 çərçivəsində yaradılan Qlobal Cənub Platforması artıq uğurlu təşəbbüslərdən birinə çevrilib.
“Bu il Qlobal Cənub qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti platformasının Baş Assambleyası təsis olunub”, – deyə Prezidentin köməkçisi bildirib.
Sonda Hikmət Hacıyev şəhərlərin gələcəyinin bütün dünya üçün əsas məsələlərdən biri olduğunu vurğulayıb:
“Hamımızın həyatı şəhərlərlə bağlıdır və şəhərlər böyüməyə davam edir. Qarşılaşdığımız çağırışların böyük hissəsi də məhz şəhərlərlə əlaqəlidir”.
Mənbə: Modern.az
