WUF13-ün əsas mövzusu nə idi?

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal problemlərin müzakirəsində fəal iştirakının göstəricisidir. Forum çərçivəsində qlobal mənzil böhranının əsas mövzulardan biri kimi gündəmə gətirilməsi isə olduqca aktual məsələdir. Çünki bu gün dünyada urbanizasiya sürətlənir, sosial bərabərsizlik dərinləşir, müharibələr və iqlim dəyişiklikləri milyonlarla insanın yaşayış şəraitinə ciddi təsir göstərir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova bildirib. 

O qeyd edib ki, mənzil məsələsi sosial təhlükəsizlik, insan hüquqları və sosial rifah məsələsinə çevrilib.

“Bu baxımdan WUF13-də səsləndirilən çağırışlar Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən biri vətəndaşların sosial rifahının yüksəldilməsi, onların mənzil təminatının yaxşılaşdırılması və həssas sosial qrupların müdafiəsidir.

Forum çərçivəsində vurğulanan inklüziv şəhərsalma yanaşmaları Azərbaycanın sosial inkişaf strategiyası ilə tam uzlaşır. Burada əsas məsələ insanların keyfiyyətli, təhlükəsiz, əlçatan və dayanıqlı yaşayış mühitində yaşamasının təmin edilməsidir. Xüsusilə postmünaqişə dövründə Azərbaycan bu istiqamətdə dünyaya nümunə təqdim edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proqramları çərçivəsində müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələri yaradılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri və dayanıqlı infrastruktur modelləri göstərir ki, Azərbaycan gələcəyin yaşayış modelini qurur”.

Deputat həmçinin vurğulayıb ki, müasir sosial siyasətdə mənzil təminatı insanların həyat keyfiyyətinin əsas göstəricilərindən biridir:

“Təhlükəsiz və əlçatan yaşayış mühiti insanların məşğulluğuna, sağlamlığına, təhsil imkanlarına və ümumi sosial inteqrasiyasına birbaşa təsir göstərir. Əgər insan layiqli yaşayış şəraitinə malik deyilsə, onun sosial rifahından tam şəkildə danışmaq mümkün deyil.

WUF13 kimi beynəlxalq platformalar məhz bu məsələlərin yenidən gündəmə gəlməsi baxımından vacibdir. Belə tədbirlər müxtəlif ölkələrin təcrübələrinin paylaşılması, uğurlu sosial mənzil modellərinin müzakirəsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün geniş imkan yaradır. Forumda sosial bərabərliyin gücləndirilməsi, qadınların, uşaqların, yaşlıların, əlilliyi olan şəxslərin və digər həssas qrupların yaşayış hüquqlarının qorunması xüsusi diqqət mərkəzində idi”.

Onun sözlərinə görə, Azərbaycanda da  sosial müdafiə siyasətində həssas qrupların dəstəklənməsi prioritet istiqamət kimi müəyyən edilib:

“Şəhid ailələri və qazilərin mənzillə təminat proqramı ilbəil genişlənir, sosial ev layihələri, ipoteka mexanizmləri və regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi sosial bərabərliyin gücləndirilməsinə xidmət edir.
Eyni zamanda, müasir şəhərsalma modeli yeni məşğulluq imkanlarının yaradılmasına, sosial xidmətlərə çıxışın genişləndirilməsinə və regionlararası inkişaf fərqlərinin azaldılmasına kömək edir. Bu baxımdan forumun müzakirələri Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür. Xüsusilə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işlər bu istiqamətdə mühüm nümunədir”.

Nigar Məmmədova onu da nəzərə çatdırıb ki, WUF13-ün qlobal əhəmiyyəti olduqca böyükdür:

“176 ölkədən 58 min iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq etimad qazandığını və qlobal dialoq üçün mühüm platformaya çevrildiyini nümayiş etdirdi. WUF13 həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi multilateral siyasətin uğurlu nəticəsidir. Forum çərçivəsində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası şəhərsalma məsələlərini siyasi müstəviyə çıxardı və bu sahənin qlobal təhlükəsizlik və sosial inkişaf baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi”.

Deputat xatırladıb ki, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modelinə böyük marağın şahidi olduq:

“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji və dayanıqlı inkişaf prinsipləri beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda hesab edirəm ki, yaşıl təchizat zəncirləri XXI əsrin əsas strateji istiqamətlərindən biridir. Bu xüsusda Orta Dəhliz geosiyasi və ekoloji baxımdan da strateji platforma kimi çıxış edəcək. Bütövlükdə WUF13 kimi forumlar dövlətlər arasında yeni tərəfdaşlıqların formalaşmasına, innovativ ideyaların paylaşılmasına və dayanıqlı inkişaf gündəliyinin irəli aparılmasına mühüm töhfə verir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov isə qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum çərçivəsində dünyanın ən aktual problemlərindən biri olan mənzil böhranı əsas müzakirə mövzularından biri olub. BMT-nin qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən 2,8 milyard insan qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayır. Məhz bu səbəbdən WUF13 praktiki həllərin müzakirəsi və dayanıqlı şəhər inkişafı üzrə yeni yanaşmaların formalaşdırılması üçün mühüm platformaya çevrildi”.

Onun sözlərinə görə, forum çərçivəsindəki müzakirələr zamanı xüsusi vurğulanıb ki, mənzil böhranı qiymət artımı, torpaq spekulyasiyası, məcburi köçürmə, zəif idarəetmə sistemləri və iqlim dəyişiklikləri kimi bir-birindən asılı amillərin məcmusundan qaynaqlanır.

“Bu problemlərin həlli daha kompleks və insan yönümlü həllərə keçidi tələb edir. Sessiya zamanı parlament üzvlərinin iştirakı iləmüxtəlif mövzularda təşkil edilən dəyirmi masa və panel müzakirələr tədbirin ən mühüm siyasi platformalarından birinə çevrildi. Bu müzakirələrdə çıxış edən natiqlər parlamentarilərin təkcə qanunverici orqanın təmsilçiləri deyil, həm də qlobal hədəflərlə yerli icmaların ehtiyacları arasında körpü rolunu oynadığını, mənzil siyasəti, şəhərsalma planlaması, iqlim tədbirləri, dövlət investisiyaları və maliyyələşmə mexanizmləri üzrə qərarlar qəbul edilməsində, həmçinin onların icrasına nəzarətdə mühüm rola malik olduğunu bildirdilər. Çıxış edənlər mənzil böhranın ayrıca həll oluna bilmədiyini – problemin həlli üçün idarəetmənin bütün səviyyələri arasında əlaqələndirilmiş tədbirlər tələb olunuduğunu, mənzil təminatı məsələsinin yalnız ayrıca bir sektor deyil, nəqliyyat, kommunal xidmətlər, iqtisadi inkişaf və digər sahələrlə sıx bağlı kompleks bir sistem kimi nəzərə alınmasının zəruriliyini qeyd etdilər.

Parlamentlər yerli icmaların ehtiyaclarını milli strategiyalarda əks etdirilməsi, həmçinin mütərəqqi qlobal təcrübələrin qanunvericiliyə və praktiki fəaliyyət planlarına tətbiqi baxımından mühüm rol oynayır”.

Deputat əlavə edib ki, mənzil böhranı qlobal miqyasda prioritet məsələlərindən birinə çevrilib:

“Artan mənzil xərcləri, ipoteka yükü, regional bərabərsizliklər və iqlim riskləri mənzil problemini dövrümüzün ən mühüm sosial məsələlərindən birinə çevirib. 

Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri müasir və dayanıqlı şəhərsalmanın yeni modeli kimi formalaşmaqdadır”.

Z.Şükürov bildirib ki, xüsusilə sessiya çərçivəsində“Bakı Fəaliyyətə Çağırışı” sənədinin qəbul olunması qeyd edilməlidir. 

“Post-münaqişə bərpa modelinin qlobal miqyasda təqdir edilməsi və bu fəaliyyətin Forumun yekun sənədində yer alması əhəmiyyətli məqamlardan biridir.

Forumun yekun nəticələri və “Bakı Fəaliyyətə Çağırışı” sənədinin 2026-cı ilin iyulunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinə dair yüksəksəviyyəli aralıq qiymətləndirmə iclasına mühüm töhfə verəcəyi gözlənilir.

“Bakı Fəaliyyətə Çağırış” sənədi kollektiv, birgə hazırlanmış, ədalətli və inklüziv bir prosesin nəticəsidir. Sənəd idarəetmənin müxtəlif sektorları və səviyyələri üzrə maraqlı tərəflərin – vətəndaş cəmiyyəti təşkilatları, qadınlar, yaşlılar, uşaqlar və gənclər, mütəxəssislər, akademik dairələr, tədqiqatçılar, yerli və regional hakimiyyət orqanları, əlilliyi olan şəxslər, parlament üzvləri, özəl sektor nümayəndələrinin töhfələrini özündə birləşdirir.
Sənəddə xüsusilə bəyanatlardan real fəaliyyət mərhələsinə keçidin vacibliyi vurğulanır,beynəlxalq əməkdaşlığın gücləndirilməsi, iqlim maliyyələşməsinin genişləndirilməsi əsas prioritetlər kimi qeyd edilir. Mənzil siyasətinin infrastruktur, nəqliyyat, sosial müdafiə, ekologiya və iqtisadi inkişaf məsələləri ilə inteqrasiyasının əhəmiyyəti ön plana çəkilir”.

Deputat eyni zamanda vurğulayıb ki, sənəddə ayrıca olaraq Azərbaycanın post-münaqişə bərpası nümunəsinə xüsusi yer ayrılıb:

“Bildirilir ki, münaqişədən sonrakı bərpa sahəsində, o cümlədən ev sahibi ölkə olan Azərbaycan nümunəsində mühüm beynəlxalq presedentlər mövcuddur. Sənəd bərpa və yenidənqurma fəaliyyətlərinin, həmçinin məcburi köçkünlərin doğma yurdlarına qayıdışının prioritetləşdirilməsi üçün əlaqələndirilmiş yanaşmaya çağırır.
Bütün qeyd edilənlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda uğurla yekunlaşdığını bir daha təsdiq edir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan rekord iştirakçı sayı ilə dünya şəhərsalma strategiyasının mərkəziqismində çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurun bərpa modeli beynəlxalq sənədlərə daxil edilərək qlobal nümunə kimi təqdir edildi və ilk dəfə olaraq Ümumdünya Şəhərsalma Forumu tarixində WUF13 QHT Forumu kimi yeni bir format təsis edildi. 

Beləliklə, qürurla qeyd edilməlidir ki, Azərbaycansadəcə beynəlxalq tədbirlərin keçirildiyi coğrafi ərazi deyil, qlobal çağırışlarla bağlı dünyanın əksər dövlətlərinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələrinin, nüfuzlusiyasətçilərin və mütəxəssislərin bir araya gəldiyi və strateji qəraların qəbul olunduğu, beynəlxalq əhəmiyyətli müzakirələrin gerçəkləşdiyi vacib birməkana çevrilmişdir”, – deyə Z.Şükürov fikrini tamamlayıb.


Mənbə: Modern.az

Bir cavab yazın