Hüquqsuz sürücü saxlanıldı, narkotik aludəçisi olduğu məlum oldu
Abşeron rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevretmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmadığı müəyyən edilib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ünsiyyət zamanı hərəkətləri şübhə doğuran F.Muradov tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etdiyi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən F.Muradov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Mənbə: Modern.az
