Şimali Kiprin mədəniyyəti türk dünyasının ayrılmaz hissəsidir – Cavanşir Feyziyev

Şimali Kiprin mədəniyyəti türk dünyasının ortaq mədəniyyətinin ayrılmaz hissəsidir.

Modern.az xəbər verir ki,  bunu Milli MəclisinAzərbaycan-Şimali Türk Respublikası Parlamentlərarası İşçi Qrupunun sədri Cavanşir Feyziyev Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günlərinin açılış mərasimində çıxışı zamanı deyib.

Deputat çıxışına Şimali Kipr Türk Cümhuriyyətindən gələn yüksək səviyyəli nümayəndə heyətini salamlayaraq başlayıb:

“Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirini, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər nazirini və bütün nümayəndə heyətinin üzvlərini salamlayır, burada toplaşan insanların salamlarını onlara çatdırıram. Tədbir türk dünyasının ortaq mədəni irsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.Bu gün doğrudan da böyük bir mədəniyyət bayramının şahidiyik. İçərişəhər hər zaman qədim mədəniyyət ocağı olub və bu gün də bunu həm də qonaqlara bir daha nümayiş etdirir”.

Deputat qeyd edib ki, Şimali Kiprdə yaşayan türklərlə Azərbaycan və Türkiyə türkləri arasında qardaşlıq münasibətləri mövcuddur:

“Burada və bundan əvvəl keçirilən mətbuat konfransında da səsləndirildiyi kimi, Şimali Kiprdə yaşayan türklər Azərbaycan, Türkiyə və digər türk torpaqlarında yaşayan türklərin qardaşlarıdır”.

Onun sözlərinə görə, tədbirdə nümayiş etdirilən nümunələr fərqli mədəniyyətlər deyil, eyni kökdən gələn ortaq türk mədəniyyətinin müxtəlif coğrafiyalarda formalaşmış təqdimatıdır:

“Bizim mədəniyyətimizdə fərqli olan çox şey yoxdur. Bu gün təqdim olunan mədəniyyət nümunələri eyni mədəniyyətin müxtəlif coğrafiyalarda yaşayan türklər tərəfindən necə yaşadıldığını və qorunduğunu göstərir”.

C.Feyziyev vurğulayıb ki, tədbir iştirakçıları Şimali Kipr türklərinin ortaq türk mədəniyyətini necə yaşatdığına yaxından şahid 
olacaqlar:

“Biz burada qardaşlarımızın başqa bir coğrafiyada türk mədəniyyətini necə qoruyub saxladıqlarını və gələcək nəsillərə ötürdüklərini görəcəyik. Türk xalqları tarix boyu bir-birinə yaxın olmağa çalışsalar da, müxtəlif siyasi proseslər və müharibələr zaman-zaman bu əlaqələrin zəifləməsinə səbəb olub. Bütün türk dünyası bu gün bir-birinə doğru can atmaqdadır. Əslində bu istək əsrlər boyu mövcud olub. Lakin müxtəlif siyasi şəraitlər, müharibələr və sərhədlər türk dünyasını zaman-zaman bir-birindən ayırıb”.

C.Feyziyev qeyd edib ki, son illərdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi bu tarixi bağların yenidən möhkəmlənməsinə xidmət edir.


Mənbə: Modern.az

Bir cavab yazın