Baş nazir müavini: Bakıda öz evimizdəki kimiyik
Şimali Kiprlə Azərbaycan arasında körpülər daha da möhkəmlənir.
Modern.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazir müavini və Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu bildirib.
“İki ölkə arasında münasibətlərin genişlənməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində yaranan əməkdaşlıq və liderlərin siyasi iradəsi nəticəsində mümkün olub. Azərbaycan və Türkiyə rəhbərlərinin regionda yaratdığı siyasi və mədəni yaxınlaşması xüsusi rol oynayır.Bu gün Bakıdayıq, can Azərbaycandayıq. Bu gün burada olmağımıza vəsilə olan, başda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla Türk Dövlətləri Təşkilatı daxilində ölkələr arasında yaranan əməkdaşlıq və ardınca Şimali Kipr Türk Cümhuriyyətinin bu prosesdə yer alması çox önəmlidir. Eyni zamanda can Azərbaycanın lideri cənab İlham Əliyevi salamlayıram.”
Nazir müavini qeyd edib ki, uzun illər ərzində aparılan diplomatik və mədəni təmaslar nəticəsində Şimali Kiprin Azərbaycanda daha fəal təmsil olunması mümkün olub:
“Biz bu körpünü qurmaq üçün uzun müddət sıx təmaslarda olduq. Keçən illər ərzində Şimali Kipr Türk Cümhuriyyətinin rəhbəri cənab Ersin Tatarın rəhbərliyi, iş adamlarımızın və Baş nazirimizin iştirakı ilə Azərbaycanda yerimizi aldıq və bu əlaqələr daha da genişlənərək davam edir.”
F.Ataoğlu parlamentlərarası əməkdaşlığın münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını da diqqətə çatdırıb:
“Parlamentlərarası əməkdaşlıq çərçivəsində atılan imzalar bizim dostluğumuzun və qardaşlığımızın davamıdır. Biz bu gün Şimali Kipr Türk Cümhuriyyəti olaraq mədəniyyətimiz, qastronomiyamız və nümayəndə heyətimizlə burada – Azərbaycanda iştirak edirik. Bu yüksək səviyyəli təmsilçilik bizim aramızda qurulan körpünün daha da güclənməsinə xidmət edir.”
O əlavə edib ki, qarşılıqlı səfərlər və tədbirlər gələcəkdə də davam etdiriləcək və iki xalq arasında mədəni əlaqələr daha da genişlənəcək.
Mənbə: Modern.az
