Cavanşir Feyziyev: Azərbaycanda Şimali Kiprə böyük sevgi var
Azərbaycan və Şimali Kipr arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf edir.
Modern.az xəbər verir ki, bu sözləri Bakı şəhərində keçirilən “Kıbrıs Tanıtım Günləri” çərçivəsində çıxışı zamanı Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib.
Deputat son illərdə Azərbaycan və arasında mədəni və humanitar əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirib:
“Bu da iki ölkə arasında qarşılıqlı maraq və əməkdaşlıq mədəni tədbirlərin sayının artmasına şərait yaradıb.Son illərdə Azərbaycanda Quzey Kıbrısla bağlı çoxsaylı mədəniyyət tədbirləri keçirilir və bu gün də həmin tədbirlərdən birinin şahidi olacağıq. Bu tədbirlərin keçirilməsi ilk növbədə onunla bağlıdır ki, Azərbaycanda Quzey Kıbrıs Türk Cümhuriyyətinə çox böyük maraq və sevgi var. Azərbaycanla Quzey Kıbrıs arasında humanitar-mədəni əlaqələr kifayət qədər inkişaf etmiş bir səviyyədədir”.
C.Feyziyev qeyd edib ki, parlamentlərarası əməkdaşlıq bu münasibətlərin daha da dərinləşməsinə təkan verib:
“İki il bundan öncə Azərbaycan Respublikasının Milli Məclisi ilə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Məclisi arasında qarşılıqlı anlaşma əldə olundu və Azərbaycan Parlamentində Quzey Kıbrısla dostluq qrupu yaradıldı. Eyni zamanda qarşılıqlı olaraq Quzey Kıbrıs Cümhur Məclisində də belə bir qrup formalaşdırıldı. Bundan sonra əlaqələrimiz daha da intensivləşdi və bu cür tədbirlər həm Quzey Kıbrısda, həm də Azərbaycanda mütəmadi şəkildə keçirilir.”
Deputat ötən dövrlərdə keçirilən Türk Dünyası Ədəbiyyat Festivalını da xatırladıb:
“Bir müddət əvvəl Azərbaycanda Türk Dünyası Ədəbiyyat Festivalı keçiriləndə həmin festival bir həftə davam edirdi və onun bir günü yalnız Quzey Kıbrıs Türk Cümhuriyyətinə həsr olunmuşdu. Həmin gün Quzey Kıbrısdan gələn mədəniyyət xadimləri, yazarlar və sənət adamları çıxış edərək Bakı sakinlərini Kıbrıs mədəniyyəti ilə yaxından tanış etdilər.”
C.Feyziyev İçərişəhərdə keçirilən tədbirin simvolik əhəmiyyətinə də diqqət çəkib:
“Bu tədbirin İçərişəhərdə keçirilməsinin də xüsusi mənası var. İçərişəhər təkcə Bakı və Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının ən qədim yaşayış məkanlarından biridir. Burada Türk dünyasının müxtəlif bölgələrindən gələn insanlar bir araya gəlir və ortaq mədəni irslə tanış olurlar. Ona görə də mədəni tədbirlərin məhz İçərişəhərdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Mənbə: Modern.az
