“Ali təhsil haqqında” qanunda çox maraqlı yeniliklər var – komitə sədri

“Ali təhsil haqqında” yeni qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılması ehtimal edilir. Bununla belə, layihənin parlamentə nə vaxt təqdim olunacağı və qəbul ediləcəyi ilə bağlı dəqiq tarix hələ məlum deyil.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, hazırda qanun layihəsinin payız sessiyasında müzakirəsi istisna edilmir:

“Payızda ola bilər, amma olmaya da bilər. Hər şey mümkündür. Bu, gözlənilən məsələdir və olmalıdır. Sadəcə, nə vaxt olacağını biz müəyyən etmirik”.

Komitə sədri qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsi Azərbaycan elm və təhsil sistemində mühüm dəyişikliklər nəzərdə tutur:

“Bu qanun artıq tamamilə başqa məsələdir. Azərbaycan cəmiyyətinin bu gün ən çox gözlədiyi məsələlərdən biri elmlə bağlıdır. Biz köhnə sovet modelindən çıxmalıyıq. Layihədə rektorların seçilməsi və ya təyin olunması, kafedra müdirlərinin seçilməsi və təyin edilməsi kimi mühüm məsələlər əksini tapır. Təhsilin özü ilə bağlı çox maraqlı yeniliklər var”.

Onun sözlərinə görə, qanun qəbul olunacağı təqdirdə, Azərbaycan elm və təhsilində yeni mərhələnin başlanğıcı olacaq:

“Mənə elə gəlir ki, “Ali təhsil haqqında” qanun qəbul olunsa, Azərbaycan elm və təhsilinə yeni bir cığır, yeni bir səhifə açacaq. Bu günə qədər qanunvericilikdə olmayan bir çox məsələlər həmin layihədə öz əksini tapıb. İndi qalır görək onların nə qədəri qəbul ediləcək”.

Anar İsgəndərov vurğulayıb ki, qanun layihəsi ilə bağlı hazırlıq işləri artıq yekunlaşıb və beynəlxalq təcrübə geniş şəkildə öyrənilib:

“Altıncı çağırış dövründə bunun üçün hazırlıq görülüb. Dünya təcrübəsi, xarici ölkələrin və Avropanın təcrübəsi öyrənilib. Əgər qanun layihəsi təqdim olunsa, bizim artıq çətinliyimiz yoxdur. Çünki biz buna hazırıq”.

Komitə sədri ictimai dinləmələrin də geniş tərkibdə keçiriləcəyini bildirib:

“İctimai dinləmədə bütün ali məktəblərin rektorları iştirak edəcəklər. Biz müxtəlif universitet rəhbərləri ilə də müzakirələr aparmışıq. Elə bir qanun hazırlamalıyıq ki, orada hansısa şəxsin deyil, ümumi dövlət maraqları əsas götürülsün. Çünki bu, Azərbaycanda ‘Ali təhsil haqqında’ ilk qanun olacaq. Ona görə də buna ciddi şəkildə hazırlaşmalıyıq”.


Mənbə: Modern.az

Bir cavab yazın