Aktual Bu gün, 13:48 Neftçala rayon İcra Hakimiyyətində işgüzar görüş – FOTO
Neftçala Rayon İcra Hakimiyyətində “Yaşıl Maliyyə və İqlim Risklərinin İdarəedilməsi üzrə Peşəkar İnkişaf Proqramı” layihəsinin təqdimatına həsr olunmuş işgüzar görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə layihənin məqsədi, hədəfləri, gözlənilən nəticələri, eləcə də Neftçala rayonu üçün yarada biləcəyi sosial-iqtisadi və institusional faydalar barədə ətraflı məlumat verilib.
Müzakirələr zamanı rayonun iqlim dəyişikliklərindən daha çox təsirlənən sahələri, xüsusilə kənd təsərrüfatı, balıqçılıq, su ehtiyatlarının idarə olunması və ekoloji dayanıqlılıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan təlim proqramları, maarifləndirmə tədbirləri və praktiki təşəbbüslərlə bağlı mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Eyni zamanda yerli qurumların prosesə cəlb edilməsi və iştirakçıların seçimi məsələlərinə də toxunulub.
Qeyd olunub ki, layihənin nəticələri rayonun dayanıqlı inkişaf məqsədlərinə töhfə verə, həmçinin gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri dəyərləndirilib, layihənin uğurlu icrası üçün zəruri dəstək mexanizmləri və gələcək birgə fəaliyyət istiqamətləri nəzərdən keçirilib.
Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən layihənin məqsəd və vəzifələri müsbət qiymətləndirilib, regionda iqlim risklərinin idarə olunması və yaşıl maliyyə yanaşmalarının təşviqinə yönəlmiş təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.
Mənbə: Modern.az
