Polşa prezidenti Zelenskidən ordeni buna görə alıb – İLGİNC FAKT

Məlum olduğu kimi, Polşa prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı açıqlama verərək bu prosesin Polşa kənd təsərrüfatı üçün risklər yarada biləcəyini bildirib. O, Varşavanın Kiyevin Avropaya inteqrasiya planlarını nəzərə almalı olduğunu, lakin eyni zamanda yerli fermerlərin maraqlarını qorumasının vacibliyini vurğulayıb.

Bundan başqa, Navrotski Ukrayna prezidenti Volodimir Zelenskiyə verilmiş Polşanın ən yüksək dövlət mükafatı – “Ağ Qartal” ordenini geri alıb. Bu qərarın Ukraynanın bəzi tarixi fiqurların qəhrəmanlaşdırılması ilə bağlı mövqeyi ilə əlaqəli olduğu qeyd edilir.

Bu qərarlar Polşa–Ukrayna münasibətlərində gərginliyi artıra bilərmi?

Modern.az-a danışan deputat Cavanşir Feyziyev deyib ki, Polşa prezidentinin 2022-ci ildə Volodimir Zelenskiyə verilmiş ən yüksək dövlət mükafatını – “Ağ Qartal” ordenini geri alması Ukrayna rəhbərliyi tərəfindən 1943-1945- ci illərdə fəaliyyət göstərmiş Ukrayna Üsyançılar Ordusunun qəhrəmanlaşdırılması ilə bağlıdır:

“Belə ki, təxminən bir ay öncə Volodimir Zelenski Ukrayna hərbi hissələrindən birini “UÜO qəhrəmanları” adlandırmışdı. Milliyyətçi hərəkat kimi xarakterizə edilən Ukrayna Üsyançılar Ordusu İkinci Dünya müharibəsi zamanı eyni zamanda Almaniya, Polşa və Sovet İttifaqına qarşı mübarizə aparır, ukraynalıların yaşadığı tarixi torpaqları azad edərək yeni və daha böyük Ukrayna dövləti yaratmağı hədəfləyirdilər. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra bu Ordu da ləğv olundu, onun tərəfdarları repressiyalara məruz qaldılar və məhv edildilər. Amma onun ideyaları Ukrayna cəmiyyətinin bir qismində həmişə rəğbətlə xatırlanır”.

 

 

C.Feyziyev bildirib ki, əslində İkinci Dünya müharibəsi nəticəsində yenidən şəkilləndirilmiş sərhədlərə görə Polşanın ərazisi artıb və həmin ərazinin bir qismində tarixən ukraynalılar yaşayıb:

“Bu gün də həmin ərazilərdə Ukrayna əsilli polyaklar məskunlaşıb. Ona görə Polşa dövləti bu məsələlərə qarşı çox həssas yanaşır. Hazırkı dövrdə Ukrayna Üsyançılar Ordusunun dövlət səviyyəsində xatırladılması Polşa tərəfindən ona qarşı irəli sürülən ərazi iddiası kimi qəbul olunur və qıcıq yaradır”.

Deputatın fikrincə, Navrotskinin Ukraynanın Avropa İttifaqına üzvlüyünün Polşanın maraqlarına uyğun olmadığı haqqında səsləndirdiyi fikir də məhz bu məsələ ilə bağlıdır:

“Polşa Prezidenti Ukraynaya mesaj verir ki, Avropa İttifaqına üzvlüklə bağlı Ukraynanın taleyi üçün çox önəmli bir məsələdə Polşa müxalif mövqe göstərə bilər. Bununla yanaşı, Polşa prezidenti onu da bəyan edib ki, bu, Ukrayna xalqına qarşı bir akt deyil, sadəcə Ukrayna dövlətinə ünvanlanmış bir siqnal və xəbərdarlıqdır. Bu isə o deməkdir ki, Ukrayna vaxtilə indiki Polşa torpaqlarının bir qisminə iddialı olmuş Ukrayna Üsyançılar Ordusunun ideologiyasının yayılmasına, təbliğinə və bu quruma rəhbərlik etmiş şəxslərin qəhrəmanlaşdırılmasına yol verməməlidir”.


Mənbə: Modern.az

Bir cavab yazın