Prezident UNEC-in Dərbənd filialının direktoruna “Dostluq” ordenini təqdim etdi

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNEC-in Dərbənd filialının direktoru, Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.

Modern.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edərək Qurban Qurbanovu yubileyi münasibətilə təbrik edərək, ona xoş arzularını çatdırıb. Q.Qurbanovun ailəsinin həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazandığını vurğulayan Prezident, onun atası, mərhum Səid Camaloviçin Ümummilli Lider Heydər Əliyev ilə olan səmimi dostluq və qardaşlıq münasibətlərindən söz açıb:

“Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik. Bizi ortaq tariximiz, sıx qohumluq bağları, ortaq coğrafiya və ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir”.

Sonra dövlətimizin başçısı Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi ardıcıl töhfələrə görə Qurban Qurbanova yüksək dövlət mükafatı olan “Dostluq” ordenini təqdim edib.

UNEC-in Dərbənd filialının direktoru Qurban Qurbanov göstərilən yüksək diqqətə və ali mükafata görə dövlət başçısına dərin təşəkkürünü bildirib. Dağıstanda görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, eləcə də Ulu Öndər Heydər Əliyevin irsinə bəslənilən dərin ehtiramdan söz açan Q.Qurbanov, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

Filial direktoru bu xüsusda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının nəzdində Heydər Əliyev Mərkəzinin açılışını və bu tədbirdə Dağıstan rəhbərliyinin yaxından iştirakını xüsusi qeyd edib.


Mənbə: Modern.az

Bir cavab yazın