Ölkədə yumurta qıtlığı yarandı – marketlər üsyan etdi

Azərbaycanda toyuq yumurtasının qiymətində kəskin ucuzlaşma qeydə alınıb. Bu kəskin qiymət enişindən sonra paytaxtın ticarət şəbəkələrində məhsulun tapılmasında çətinliklər yaranıb.

Modern.az xəbər verir ki, son günlərə qədər mağazalarda 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurtanın qiyməti bəzi marketlərdə 3-4 qəpiyə qədər ucuzlaşıb. Hətta rəqabət fonunda qiyməti kəskin şəkildə endirərək yumurtanın 1 ədədini cəmi 1 qəpiyə satan marketlər də var.

Kütləvi ucuzlaşma fonunda istehlakçılar sosial şəbəkələrdə fərqli bir problemlə üzləşdiklərini iddia ediblər. Vətəndaşların sözlərinə görə, artıq bir çox marketlərin rəflərində yumurta tapmaq qeyri-mümkünə çevrilib və ölkədə süni yumurta qıtlığı yaranıb. Yaranmış vəziyyətlə bağlı paytaxtdakı böyük marketlərdən biri rəsmi elan asaraq mağazada yumurta ehtiyatının tükəndiyini alıcılara bəyan edib.

Qeyd edək ki, qiymətlərin kəskin şəkildə aşağı düşməsi daha çox mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında isti hava şəraiti ilə əlaqədar olaraq yumurta istehlakı xeyli azalır. Bunun əksinə, sözügedən dövrdə yerli təsərrüfatlarda yumurta istehsalının həcmi pik həddə çatır.

Eyni zamanda, daxili bazarda qiymətlərin bu dərəcədə ucuzlaşmasında son zamanlar yumurta ixracının azalmasının da ciddi rol oynadığı istisna edilmir.


Mənbə: Modern.az

Bir cavab yazın