Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə irəlilədi
Beynəlxalq universitet reytinqlərində (“QS World University Rankings”) TOP 800-də yer alan Azərbaycan universitetlərinin sayı 3-ə, TOP 1000-də təmsil olunan universitetlərin sayı 6-dan 7-yə yüksəlib.
Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.
2026-cı il üzrə “QS World University Rankings by Subject” reytinqində ilk dəfə Azərbaycanın 7 universiteti 22 ixtisas sahəsi üzrə təmsil olunub. Bununla da cari ildə reytinqə daxil olan universitetlərin sayı təxminən iki dəfə, təmsil olunduqları sahələrin sayı isə dörd dəfə artıb.
2020-ci ildə Azərbaycan universitetlərinin təmsil olunmadığı “THE World University Rankings”də Azərbaycan ali təhsil müəssisələrinin sayı 4-ə yüksəlib. Onlardan biri TOP 1000 universitet sırasında qərarlaşıb. Bu göstərici ötən illə müqayisədə iki dəfə artıb.
Eyni zamanda, “THE Impact Rankings” siyahısında Azərbaycanın 28, “THE Interdisciplinary Science Rankings” reytinqində isə 4 ali təhsil müəssisəsi təmsil olunub. Onlardan 2-si TOP 500 universitet sırasında qərarlaşıb.
Mənbə: Modern.az
