“Yüksəliş”də rəqabət artır: Keçid balı yüksəldi
Yarımfinal mərhələsində iştirakçı sayının 300 nəfər olması nəzərdə tutulsa da, hər il bu rəqəm 300-ü ötür.
Modern.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib.
“Bu il də sualların çətinləşdirilməsinə, tapşırıqların mürəkkəbləşdirilməsinə və keçid balının artırılmasına baxmayaraq, yarımfinala yüksələnlərin sayı 300-dən çox olub. Bu isə iştirakçıların yüksək potensialından xəbər verir. Yarımfinala vəsiqə qazanmaq özü böyük uğurdur və builki yarımfinalçılar arasında kifayət qədər peşəkar, savadlı namizədlər var.
Bu il “Yüksəliş” müsabiqəsi altıncı dəfə keçirilir. Prezidentin etimadı, Təşkilat Komitəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən layihə ölkədə geniş maraq doğurub və ildən-ilə əhatə dairəsini artırıb. Bu il müsabiqəyə 17 mindən çox müraciət daxil olub ki, bu da layihə tarixində rekord göstəricidir. Hər il yalnız 20 qalib müəyyənləşdirilsə də, seçim mərhələlərinə cəlb olunan iştirakçıların sayı hər il təxminən 1000 nəfər artır. Bu da layihəyə olan etimadın göstəricisi kimi qiymətləndirilir”,-deyə F.Hacıyev qeyd edib.
F.Hacıyev vurğulayıb ki, Prezidentin ötən il dekabrın 10-da imzaladığı növbəti sərəncam müsabiqənin davamlılığını təmin edib:
“Bu il 17 min 651 nəfər arasından seçilən 331 nəfər yarımfinal mərhələsində mübarizə aparır. Yarımfinalçıların 66 nəfəri qadın, 265 nəfəri isə kişi olub. Qadın iştirakçıların sayının artırılması üçün müəyyən güzəştlərin tətbiqi təklif olunsa da, qadın namizədlər özləri belə güzəştlərə ehtiyac olmadığını bildiriblər.
Yaş bölgüsünə gəldikdə, yarımfinalçıların 57 faizi 21-30 yaş qrupuna daxildir. Bu yaş kateqoriyası ən böyük paya malikdir və bu, ali təhsilini yeni başa vuran şəxslərin müsabiqə tapşırıqlarında daha uğurlu nəticə göstərməsi ilə əlaqələndirilə bilər. İkinci böyük qrupu 31-40 yaş arası iştirakçılar təşkil edir. 41 yaşdan yuxarı yarımfinalçıların sayı isə cəmi 7 nəfər, yəni 2 faizdir.Müsabiqədə yalnız ali təhsilli şəxslər iştirak etdiyindən bütün yarımfinalçılar bakalavr təhsilinə malikdir. İştirakçıların 81 faizi magistr, 11 faizi isə doktorantura məzunudur. Analitik təhlil mərhələsində iştirak edən 70-ə yaxın doktorantdan təxminən yarısı yarımfinala yüksəlib”.
Nazir müavini əlavə edib ki, bakalavr təhsili üzrə 396 nəfər Azərbaycanda, 28 nəfər xaricdə, 7 nəfər isə həm Azərbaycanda, həm də xaricdə təhsil alıb:
“Magistr təhsili üzrə 179 nəfər Azərbaycanda, 67 nəfər xaricdə, 24 nəfər isə həm Azərbaycanda, həm də xaricdə təhsil alıb. Doktorantura pilləsində isə ümumilikdə 38 nəfər yer alır. Onlardan 30 nəfəri Azərbaycanda, 7 nəfəri xaricdə, 1 nəfəri isə həm Azərbaycanda, həm də xaricdə təhsil alıb. Yarımfinalçıların məzun olduqları ali təhsil müəssisələri arasında ənənəvi lider yenə də Azərbaycan Dövlət İqtisad Universitetidir. Onun sözlərinə görə, UNEC-i 95 nəfər təmsil edir. Bakı Dövlət Universiteti 49 nəfərlə ikinci yerdə qərarlaşıb. Sonrakı pillələrdə Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və 23 nəfərlə ADA Universiteti yer alır. ADA Universitetinin bu nəticəsi sürpriz hesab olunur və gənc ali məktəb ilk dəfə belə göstərici ilə ilk beşliyə daxil olub. Doktorantura pilləsində də UNEC birinci, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ikinci, Bakı Dövlət Universiteti üçüncü, Dövlət İdarəçilik Akademiyası dördüncü, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu isə beşinci yerdə qərarlaşıb”.
F.Hacıyev həmçinin vurğulayıb ki, ümumi biliklər imtahanında 8551 nəfər iştirak edib və bu sayda iştirakçı üçün imtahanın təşkili kifayət qədər çətin olub:
“Məktəblərdən birində yaranan texniki problem səbəbindən imtahan yenidən təşkil edilib. Analitik təhlil mərhələsində isə 1468 nəfər iştirak edib. Bakalavr göstəriciləri üzrə 247 nəfər 500-dən yuxarı bal toplayıb ki, bu da yarımfinalçıların təxminən 70 faizini təşkil edir. Bununla yanaşı, 300 baldan az nəticə göstərərək qalib olan iştirakçılar da var. Magistratura üzrə isə 86 nəfər 100-dən yuxarı bal toplamağa nail olub. Bu il dövlət sektorunu təmsil edən yarımfinalçıların sayı isə özəl sektordan 8 faiz çoxdur. Beynəlxalq qurumlardan iştirakçı sayı azdır, qeyri-hökumət təşkilatlarını təmsil edənlər isə ümumi iştirakçıların cəmi 1 faizini təşkil edir. Yarımfinalçıların 192 nəfəri Bakı şəhərini, 139 nəfəri isə regionları təmsil edir. Regionlardan iştirakçıların sayını artırmaq məqsədilə yerlərdə mütəmadi olaraq təbliğat və maarifləndirmə tədbirləri həyata keçirilir”.
Mənbə: Modern.az
