Aktual 3 İyul 2026, 22:39 Avropa ilə strateji yaxınlaşma Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin 1 iyul 2026-cı il tarixində Azərbaycana səfəri və Prezident cənab İlham Əliyevlə keçirdiyi görüşlər ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini, Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş statusunu gücləndirdiyini bir daha nümayiş etdirdi. Səfər zamanı dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasətin, regional liderlik mövqeyinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqi oldu.
Son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət Azərbaycanın həm regionda, həm də qlobal miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Avropa İttifaqının ali rəhbərliyinin qısa müddət ərzində Azərbaycana ardıcıl səfərləri də məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Cari ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın, iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya gəlməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlandığını göstərir. Ölkə başçısının qeyd etdiyi kimi, tərəflər arasında əməkdaşlıq müsbət mənada sürətlə inkişaf edir və münasibətlərdə görünməmiş dinamika müşahidə olunur. Bu dinamikanın əsasında qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlar dayanır. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti ölkəmizi həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaşa çevirib. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi iqtisadi əlaqələrin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqı ilə ticarətin təxminən 70 faizinin Azərbaycan vasitəsilə həyata keçirilməsi ölkəmizin regional iqtisadi mərkəzə çevrildiyini təsdiqləyir. Bu nəticələr Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların, əlverişli investisiya mühitinin və beynəlxalq iqtisadi əməkdaşlığın uğurlu nəticəsidir. Enerji sahəsində əldə olunan nailiyyətlər isə Azərbaycanın qlobal əhəmiyyətli tərəfdaş statusunu daha da möhkəmləndirib. Dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu nəticəsində Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ölkəmizin qaz ixracının yarısı Avropa İttifaqı bazarlarına yönəlir və artıq 10 Avropa dövləti Azərbaycan qazından istifadə edir. Bu göstəricilər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun davamlı olaraq artdığını nümayiş etdirir. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponentlərindən biri hesab olunur. Cənab Prezidentin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi bu baxımdan XXI əsrin ən mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Uzunluğu 3500 kilometrə çatan vahid boru kəməri sistemi bu gün Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən əsas enerji arteriyasıdır. Layihənin həyata keçirilməsi Azərbaycanın siyasi iradəsinin, strateji baxışının və beynəlxalq əməkdaşlıq imkanlarının parlaq nümunəsidir. Azərbaycanın geostrateji mövqeyi ölkəmizi yalnız enerji sahəsində deyil, həm də nəqliyyat-logistika istiqamətində mühüm tərəfdaşa çevirib. Prezident cənab İlham Əliyevin uzunmüddətli strategiyası nəticəsində ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilib. Son illərdə limanların, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına qoyulan böyük investisiyalar Azərbaycanın beynəlxalq yükdaşımalarında rolunu əhəmiyyətli dərəcədə artırıb. Yeni geosiyasi şəraitdə bu marşrutların əhəmiyyəti daha da yüksəlir və Avropa ilə Asiya arasında etibarlı əlaqələrin təmin edilməsində Azərbaycan xüsusi yer tutur. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin yeni istiqamətlərindən biri də yaşıl enerji sektorunun inkişafıdır. Dövlət başçısının bəyan etdiyi kimi, yaxın beş-altı il ərzində imzalanmış müqavilələr əsasında Azərbaycanda əlavə səkkiz giqavat günəş və külək enerjisi istehsal ediləcək. Bu, ölkəmizin bərpaolunan enerji sahəsində regional liderliyini gücləndirməklə yanaşı, Avropanın enerji keçidinə də mühüm töhfə verəcək. Azərbaycan artıq ənənəvi enerji təchizatçısından yaşıl enerji tərəfdaşına çevrilməkdədir. Görüş zamanı regional təhlükəsizlik və Ermənistanla münasibətlərin normallaşması prosesi də geniş müzakirə olunub. Prezident cənab İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bununla yanaşı, dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün konstruktiv təşəbbüslərlə çıxış edir. Ermənistanla sülh gündəliyinin formalaşdırılması və praktiki əməkdaşlıq addımlarının atılması Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir. Azərbaycanın Ermənistan istiqamətində həyata keçirdiyi humanitar və iqtisadi xarakterli addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji məhsullarının təchizatı regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Bu siyasət Prezident İlham Əliyevin sülhü yalnız siyasi sənəd kimi deyil, gündəlik həyatda hiss olunan reallıq kimi gördüyünü nümayiş etdirir. Bütün bunlar göstərir ki, cənab Prezidentin qətiyyətli, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti Azərbaycanı regionun əsas siyasi, iqtisadi və enerji mərkəzinə çevirib. Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, enerji və nəqliyyat sahələrində əldə olunan nailiyyətlər, eləcə də regionda sülh və əməkdaşlıq gündəliyinin təşviqi dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın sabitlik, enerji təhlükəsizliyi və əməkdaşlıq mərkəzlərindən biri kimi çıxış edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır, Azərbaycanı qlobal əhəmiyyətli tərəfdaş kimi möhkəmləndirir və regionun gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
Mənbə: Modern.az
