Şuşa Qlobal Media Forumu artıq brendə çevrilib – Türkiyəli müşavir
Şuşada iyulun 13-dən başlayan IV Qlobal Media Forumu panel sessiyalarla işini davam etdirir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər və rəsmi şəxslər təmsil olunur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb.
Modern.az Forumla bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptəkin Cihangir İşbilirin təəssüratlarını öyrənib.
O, qeyd edib ki, artıq bir brendə və ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu bu il də yüksək səviyyədə təşkil olunub:
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər özünəməxsus xarakter daşıyır. Bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlığımız son dərəcə güclü və dərin köklərə malikdir. Azərbaycan milli mətbuatının yarandığı gündən bu günə qədər iki ölkə arasında media əlaqələri davamlı şəkildə inkişaf edərək daha da zənginləşib.Artıq bir brendə və ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu bu il də yüksək səviyyədə təşkil olundu. Vətən müharibəsi zamanı “vahid media” prinsipi əsasında fəaliyyət göstərən jurnalistlərimiz və media qurumlarımız sonradan yaradılan Azərbaycan–Türkiyə Media Platforması çərçivəsində də yeni təhdidlərə qarşı birgə mübarizəni davam etdirirlər.
Forumda sülhün qurulmasında medianın rolu bütün aspektləri ilə müzakirə edildi. Bu çərçivədə nümayəndələrimiz öz təcrübələrini iştirakçılarla bölüşdülər. Azərbaycan necə ki, zəfərin sahibidirsə, eyni zamanda bölgədə sülhün memarıdır. Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi, Anadolu Agentliyi, TRT başda olmaqla bütün media qurumlarımız Azərbaycanın haqlı mübarizəsində bundan sonra da daim onun yanında olacaqlar. Forum zamanı bu qətiyyətimizi və dəstəyimizi bir daha ifadə etdik. Azərbaycanın hər ötən gün sürətlə inkişaf edən media potensialından və təcrübəsindən biz də faydalanacağıq”.
C.İşbilir türk media nümayəndələrinin dəvətinə görə təşəkkürünü çatdırıb:
“Forumun təşkilində əməyi olan bütün şəxsləri və qurumları təbrik edirəm. Türkiyənin milli və yerli mediasını bu tədbirə dəvət etdiklərinə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirirəm. Cənab Prezidentin foruma himayədarlıq etməsi və səsləndirdiyi mesajlar olduqca dəyərlidir. Prezidentin köməkçisi Hikmət Hacıyev və onun komandası möhtəşəm bir tədbir təşkil etdilər. Onların hər birinə ayrıca təşəkkürümü və minnətdarlığımı ifadə edirəm”.
Mənbə: Modern.az