Ərdoğan cəsarəti olmasaydı, çevriliş planı fərqli nəticə verərdi
2016-cı il iyulun 15-də Türkiyədə FETÖ tərəfindən törədilən dövlət çevrilişinə cəhdin qarşısının alınmasından 10 il ötür. Türkiyə tarixinin ən ağır sınaqlarından biri hesab olunan həmin hadisələr zamanı Azərbaycan ilk dəqiqələrdən qardaş ölkəyə dəstəyini nümayiş etdirmişdi. FETÖ-çülərin həbsi məsələsində də koordinasiyalı iş aparılıb və aparılır.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan və Türkiyə son illərdə yürütdükləri xarici siyasətdə hər zaman bir-birinin dövlət maraqlarını nəzərə alaraq qərarlar qəbul ediblər:
“Ümumiyyətlə, yürütdüyü xarici siyasətdə hər iki qardaş ölkə – Türkiyə və Azərbaycan bir-birinin dövlət maraqlarını hər zaman göz önündə bulunduraraq qərar verir. Bunu biz son on ildə birmənalı şəkildə hiss edirik. Qarabağ zəfərindən sonra isə bu münasibətlər ən yüksək səviyyəyə yüksəlib.
Türkiyənin birbaşa ittiham olunduğu qondarma erməni soyqırımı məsələsində Azərbaycan hər zaman Türkiyənin yanında olub. İstər Avropada, istərsə də Amerikada Türkiyə əleyhinə hansısa parlamentdə siyasi qərar qəbul ediləndə Azərbaycan buna münasibətini açıq şəkildə ortaya qoyub.
Türkiyə də eyni münasibəti Azərbaycana göstərib. Artıq buna alışmışıq. Azərbaycanın olduğu yerdə Türkiyə əleyhinə hər hansı məsələ qaldırılarsa, Azərbaycan Türkiyənin yanında olur. Azərbaycanın olmadığı yerdə də Türkiyə eyni mövqeni nümayiş etdirir”.
Deputat qeyd edib ki, 15 iyul hərbi çevriliş cəhdi Türkiyə dövlətçiliyinə qarşı planlaşdırılmış təhlükəli ssenari idi:
“Qaldı 15 iyul hadisələrinə. O dövrdə hələ FETÖ-yə terror təşkilatı deyilmirdi. Fətullah Gülən camaatı adlanırdı. Onlar din pərdəsi altında fəaliyyət göstərdikləri ölkələrdə qaranlıq siyasət yürüdür, türklük adı ilə yaratdıqları məktəblərdən istifadə edərək təkcə öz maraqlarını deyil, bağlı olduqları qüvvələrin maraqlarını da fəaliyyət göstərdikləri ölkələrdə həyata keçirirdilər.
Mən onlara qarşı hər zaman mübarizə aparmışam. Çünki niyyətlərini bilirdim. Türkiyənin dəyərli ziyalısı, Allah rəhmət eləsin, Nəcib Hablemitoğlunu öldürdülər. O, bu şəbəkənin iç üzünü araşdırmaları ilə ortaya çıxarmış, onların fəaliyyətini ifşa etmişdi. Təəssüf ki, o dövrdə Türkiyənin siyasi elitası və hakimiyyəti buna lazımi önəmi vermədi. Nəticədə onlar dövləti ələ keçirməyə cəhd göstərdilər.
Əgər Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və cəsarəti olmasaydı, çevriliş planı tamamilə fərqli nəticə verə bilərdi. Onlar hesablamışdılar ki, Prezident ölkəni tərk edəcək. Lakin o, vətəni, dövləti və milləti uğrunda mübarizə aparmağı seçdi və ölkəni tərk etmədi. Elə həmin andan çevriliş planı pozuldu.”
T.Rüstəmxanlının sözlərinə görə, çevriliş cəhdinin uğursuzluğa düçar olmasının əsas səbəbi türk xalqının dövlətinə sahib çıxması oldu:
“Onlar hər şeyi hesablamışdılar. Orduda, hüquq-mühafizə sistemində, məhkəmələrdə və təhsil sistemində geniş şəkildə təşkilatlanmışdılar. Hətta bu gün də FETÖ-nün siyasi qanadının tam çökdüyünü söyləmək mümkün deyil.
Onların ən böyük yanlışı türk millətini hesaba qatmamaları oldu. Qurtuluş savaşını yaşamış, Çanaqqala zəfərini qazanmış bir xalqı düzgün qiymətləndirə bilmədilər. Eyni zamanda Rəcəb Tayyib Ərdoğanın iradəsini də nəzərə almadılar. Buna görə də planları baş tutmadı.
Qazanan Türkiyə oldu. Qazanan türk millətinin dirənişi və qəhrəmanlıq ruhu oldu. Xalq dövlətinə, bayrağına və millətinə sahib çıxdı, tankların qarşısına sinəsini sipər etdi”.
Deputat vurğulayıb ki, Azərbaycan 15 iyul hadisələri zamanı olduğu kimi, bundan sonra da Türkiyənin yanında olacaq:
“Onlar Türkiyənin Qazi Məclisini belə bombaladılar. Bu, onların nə qədər amansız olduqlarını göstərdi. Sonradan da bu qurum rəsmi olaraq terror təşkilatı kimi tanındı. Ondan əvvəl dəfələrlə xəbərdarlıq etmişdik, yazmışdıq ki, bu, adi dini icma deyil, böyük bir şəbəkədir. Təəssüf ki, o vaxt buna lazımi diqqət yetirilmədi.
Türkiyə bu çevriliş cəhdində ağır itkilər verdi. Şəhidlər verdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amma dövlətini və ərazi bütövlüyünü itirmədən bu sınaqdan çıxdı və çevriliş cəhdinin qarşısını aldı.
Azərbaycan, əlbəttə ki, belə bir məsələdə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Çünki Azərbaycanın xarici siyasətində əsas prinsip dövlətlərin yanında olmaqdır. Türkiyə bizim qardaş ölkəmizdir. Bununla yanaşı, Azərbaycan heç vaxt Türkiyənin daxili siyasətinə qarışmayıb. Əsas məqsəd qardaş dövlətin güclü və sabit olmasıdır.
Cənab Prezidentimiz İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış yüksək səviyyəli münasibətlər də bunu bir daha təsdiqləyir. Onların bir-birinə qardaş deyəcək qədər səmimi münasibətləri Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu göstərir və bu münasibətlər bundan sonra da davam edəcək.
Bir daha Allah Türkiyəni və türk millətini FETÖ kimi terror təşkilatlarından, din adı altında fəaliyyət göstərərək dövləti və milləti təhlükə altına alan qüvvələrdən qorusun. Türk milləti artıq buna imkan verməz. Allah Türkiyə dövlətinə bir daha belə ağır günlər yaşatmasın. Şəhidlərin ruhu şad olsun. Türkiyəmiz var olsun”.
Mənbə: Modern.az