Mikayıl Cabbarov: “Azərbaycan hökuməti investorlar üçün müxtəlif maliyyə stimulları tətbiq edir”

0

“Slovakiyada və ya üçüncü ölkələrdə slovak şirkətləri ilə birgə layihələrin reallaşdırılması nəzərdən keçirilərsə, Azərbaycan hökuməti bu təşəbbüsləri geniş şəkildə dəstəkləyəcək”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir Azərbaycan iş adamlarını Slovakiya şirkətləri ilə daha fəal əməkdaşlığa çağıraraq bildirib ki, xüsusilə rəqəmsal və informasiya texnologiyaları, metallurgiya, kənd təsərrüfatı, o cümlədən dəqiq və ağıllı əkinçilik, eləcə də əczaçılıq sahələrində Slovakiya şirkətlərinin güclü təcrübə və bilik potensialı var.

Onun sözlərinə görə, Azərbaycan hökuməti investorlar üçün vergi və gömrük güzəştləri də daxil olmaqla müxtəlif maliyyə stimulları tətbiq edir.

M.Cabbarov qeyd edib ki, azad iqtisadi zonalarda sıfır vergi və sıfır gömrük rüsumu rejimi mövcuddur. Eyni güzəştlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə və Naxçıvana da şamil edilir.

Nazir vurğulayıb ki, Azərbaycan həm Rusiya, həm də İranla eyni vaxtda sərhədə malik yeganə ölkədir və bu coğrafi mövqe ölkəyə mühüm iqtisadi üstünlüklər qazandırır.

M.Cabbarov əlavə edib ki, AZPROMO investorların məlumatlandırılması və onlara xidmət göstərilməsi istiqamətində İqtisadiyyat Nazirliyinin səlahiyyətli qurumudur.

“Ümidvaram ki, birgə səylərlə ticarət dövriyyəmizin və qarşılıqlı investisiyalarımızın artmasına, ən əsası isə insanlar arasında etimadın daha da möhkəmlənməsinə töhfə verə biləcəyik”, – deyə nazir bildirib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More