Qəbul imtahanlarında pozuntular artır – DİM-dən HƏYƏCANLI STATİSTİKA
Son 6 ildə qəbul imtahanlarında 237 qayda pozuntusu qeydə alınıb.
Azərbaycanda son beş ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində 237 qayda pozuntusu aşkarlanıb. Ən çox rast gəlinən pozuntu isə imtahan zalında mobil telefondan istifadə olub.
Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sorğuya cavabında bildirilib.
Statistikaya əsasən, 2021-ci ildə qəbul imtahanlarında 40, 2022-ci ildə 48, 2023-cü ildə 36, 2024-cü ildə 36, 2025-ci ildə isə 31, 2026-cı ildə isə 46 qayda pozuntusu qeydə alınıb.
Son altı ilin statistikasına görə, ən çox rast gəlinən qayda pozuntusu imtahan zalında telefondan istifadə olub. Bu səbəbdən ümumilikdə 163 nəfər imtahan qaydalarını pozub. Bundan sonra digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq (20 nəfər) və sual kitabçasını dəyişmək (21 nəfər) gəlir.
2021-ci ildə qəbul imtahanlarında 40 qayda pozuntusu qeydə alınıb. Bunlardan 26-sı imtahan zalında telefondan istifadə, 7-si sual kitabçasını dəyişmə, 3-ü nizam-intizam qaydalarının pozulması, 2-si cavab vərəqinin dəyişdirilməsi, 1-i digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq, 1-i isə dinləmə qurğusu-ötürücü qurğudan istifadə ilə bağlı olub.
2022-ci ildə ümumilikdə 48 qayda pozuntusu aşkarlanıb. Onlardan 39-u telefondan istifadə, 6-sı digər iştirakçıdan köçürməyə cəhd etmək və ya köçürməyə şərait yaratmaq, 2-si nizam-intizam qaydalarının pozulması, 1-i isə imtahan rəhbərinə pul təklif edilməsi ilə bağlı qeydə alınıb.
2023-cü ildə 36 qayda pozuntusu müəyyən edilib. Bu dövrdə 25 nəfər telefondan istifadə edib, 7 nəfər digər iştirakçıdan köçürməyə cəhd edib və ya buna şərait yaradıb, 4 nəfər sual kitabçasını dəyişib, 2 nəfər isə nizam-intizam qaydalarını pozub.
2024-cü ildə qeydə alınan 36 qayda pozuntusunun 16-sı telefondan istifadə, 4-ü sual kitabçasının dəyişdirilməsi, 4-ü cavab kartlarının dəyişdirilməsi, 5-i konspekt və ya köməkçi vəsaitdən istifadə, 3-ü digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaq, 1-i smart tipli saatdan istifadə, 1-i ötürücü qurğu və ya qulaqlıqdan istifadə, 1-i şparqalkadan istifadə, 1-i isə nizam-intizam qaydalarının pozulması ilə bağlı olub.
2025-ci ildə isə 31 qayda pozuntusu aşkarlanıb. Onlardan 20-si telefondan istifadə, 3-ü smart tipli saatdan istifadə, 4-ü sualların cavablarının ötürülməsi, 2-si sual kitabçasının dəyişdirilməsi, 2-si isə digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaqla bağlı olub.
2026-cı ildə isə 46 qayda pozuntusu aşkarlanıb. Onlardan 37-si imtahan zalında telefondan istifadə, 4-ü sual kitabçasının dəyişdirilməsi, 2-si nizam-intizam qaydalarının pozulması, 1-i smart tipli saatdan istifadə, 1-i konspekt və ya köməkçi vəsaitdən istifadə, 1-i isə digər iştirakçıdan köçürməyə cəhd etmək və ya buna şərait yaratmaqla bağlı olub.
Mənbə: Modern.az