Azərbaycan və Gürcüstan arasında yükdaşımalarında yeni mərhələ: Rəqəmsal icazə sistemi işə düşdü
Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi Gürcüstan və Azərbaycan arasında beynəlxalq avtomobil yükdaşımaları üçün rəqəmsal icazə sənədlərinin verilməsi və mübadiləsi sisteminin uğurla istifadəyə verildiyini açıqlayıb.
Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, beynəlxalq yükdaşımaları həyata keçirən gürcü daşıyıcılar artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da elektron icazə sənədlərindən istifadə edəcəklər. Qeyd edək ki, analoji sistem Türkiyə ilə 2026-cı ilin iyul ayının əvvəlindən tətbiq olunur.
Yerüstü Nəqliyyat Agentliyinin direktoru Bakur Mikadzenin sözlərinə görə, rəqəmsal sistem beynəlxalq yükdaşımaları sahəsində inzibati prosedurları əhəmiyyətli dərəcədə sadələşdirir, məlumatların daha sürətli və təhlükəsiz mübadiləsini təmin edir, texniki maneələri və kağız sənədlərə ehtiyacı azaldır.
O bildirib ki, yeni sistem beynəlxalq avtomobil yükdaşımalarının idarə olunması üçün daha müasir, şəffaf və səmərəli mexanizm yaradır. Eyni zamanda, icazə sənədlərinin elektron qaydada verilməsi və onlara nəzarət prosesi xeyli sürətlənir ki, bu da beynəlxalq nəqliyyat əməliyyatlarının səmərəliliyini artırır.
Məlumata görə, rəqəmsal icazə sistemi Gürcüstan və tərəfdaş ölkələr arasında ikitərəfli əməkdaşlıq çərçivəsində tətbiq edilir. Sistem icazə sənədlərinin verilməsi, mübadiləsi və idarə olunması üçün vahid elektron platformadan istifadəni nəzərdə tutur.
Gürcüstan və Azərbaycan arasında aparılan danışıqlar nəticəsində 2026-cı il ərzində hər bir icazə sənədi növü üzrə artıq 1 000 elektron icazə forması mübadilə olunub. Rəqəmsal sistemə tam keçidin isə 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
Agentlik vurğulayıb ki, bu yenilik beynəlxalq avtomobil yükdaşımaları sektorunun inkişafına təkan verəcək, nəqliyyat əməliyyatlarını daha da sadələşdirəcək və Gürcüstanın regional tranzit mərkəzi kimi mövqeyini gücləndirəcək.
Mənbə: Oxu.az