Kənd təsərrüfatının pullarını yeyənlər – Məmməd Musayev və şəriklərinə sərt REAKSİYA
Azərbaycanda dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dən kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə ayrılan 100 milyon manatdan artıq kredit vəsaitinin təyinatı üzrə istifadə olunmadığı iddia edilir. Belə ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Məlumata görə, əməliyyat nəticəsində bir neçə şirkət rəhbəri və onlarla əlbir olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. İstintaqın ilkin versiyasına əsasən, onlar kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən əldə etdikləri kreditləri təyinatı üzrə istifadə etməyərək şəxsi ehtiyaclara yönləndiriblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq çərçivəsində “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, həbs olunan şəxslərin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdikləri iddia olunur.
Bununla belə, hadisə eyni zamanda kənd təsərrüfatına ayrılan güzəştli kreditlərin illərdir hansı prinsiplərlə verilməsi, bu vəsaitlərin təyinatı üzrə istifadə olunmasına nə dərəcədə nəzarət edilməsi və belə halların sektora təsiri ilə bağlı sualları gündəmə gətirib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, dövlətin dəstək mexanizmləri həqiqi ünvanına çatmadıqda, bu, müvafiq sahənin inkişafına mənfi təsir göstərir və inkişaf prosesini ləngidir.
“”Aqrarkredit” QSC kənd təsərrüfatının inkişafını və aqrar sektorda sahibkarlığın maliyyələşdirilməsini dəstəkləmək məqsədilə yaradılmış qurumdur. Lakin hüquq-mühafizə orqanlarının açıqladığı məlumatlara əsasən, böyük məbləğdə dövlət vəsaitinin müxtəlif qanunsuz mexanizmlərlə təyinatı üzrə istifadə edilmədiyi və mənimsənildiyi iddia olunur. Bu cür hallar dövlət dəstəyinin effektivliyinə zərbə vurur, sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarını məhdudlaşdırır və cəmiyyətin dövlət institutlarına etimadını azalda bilər”.
Deputat eyni zamanda vurğulayıb ki, belə qanun pozuntularının vaxtında aşkar olunması və məsul şəxslərin qanun qarşısında cavab verməsi hüququn aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu kimi hadisələr dövlətin sahibkarlığa dəstək və güzəştli kredit siyasətinin nüfuzuna mənfi təsir göstərir.
Milli Məclisin üzvü onu da qeyd edib ki, dövlət vəsaitlərinin idarə olunması üzərində daha güclü və şəffaf nəzarət mexanizmləri qurulmalıdır:
“İqtisadiyyatın rəqəmsallaşması, elektron xidmətlərin genişlənməsi və süni intellekt texnologiyalarının tətbiqi dövlət tərəfindən ayrılan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsinə real vaxt rejimində nəzarət etmək üçün geniş imkanlar yaradır.
Bu baxımdan sahibkarlığa dəstək və güzəştli kredit proqramlarının idarə edilməsində elektron platformalardan maksimum istifadə olunmalı, insan amili və birbaşa təmas minimuma endirilməlidir. Eyni zamanda, ayrılmış vəsaitlərin xərclənməsinə məsafədən monitorinq və rəqəmsal audit mexanizmləri daha da təkmilləşdirilməlidir.
Digər mühüm məsələ isə dövlət qulluğunda məsuliyyət və etik davranış mədəniyyətinin gücləndirilməsidir. Təəssüf ki, bəzi hallarda dövlətə xidmət prinsipi əvəzinə dövlət vəsaitlərini şəxsi maraqlar üçün istifadə etmək meyilləri müşahidə olunur. Bu cür hallara yol verən şəxslər qanunvericiliyə uyğun şəkildə ciddi məsuliyyətə cəlb edilməlidirlər”.
Sədr müavini hesab etmir ki, çıxış yolu güzəştli kreditlərin şərtlərinin sərtləşdirilməsi olmalıdır:
“Əksinə, belə yanaşma dövlət dəstəyinə həqiqətən ehtiyacı olan sahibkarların maliyyə resurslarına çıxışını çətinləşdirə bilər. Güzəştli kreditlərə əlçatanlıq qorunmalı, hətta daha da sadələşdirilməlidir. Əsas məsələ ayrılan hər bir manatın təyinatı üzrə istifadə edilməsinə effektiv nəzarətin təmin olunmasıdır. Bu nəzarət yalnız krediti verən qurum tərəfindən deyil, müstəqil dövlət nəzarəti və audit mexanizmləri vasitəsilə həyata keçirilməlidir. Belə yanaşma həm şəffaflığı artırar, həm də dövlət vəsaitlərinin səmərəli istifadəsini təmin edər. Eyni zamanda, dövlət vəsaitlərinin idarə olunmasına nəzarət edən institutların səlahiyyətlərinin gücləndirilməsi, rəqəmsal audit sistemlərinin tətbiqi və institusional islahatların aparılması gələcəkdə oxşar halların qarşısının alınmasına mühüm töhfə verə bilər”.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə bildirib ki, uzun illərdir aqrar sahəyə ayrılan kredit resurslarının bölgüsündə ciddi problemlər müşahidə olunur. Onun sözlərinə görə, kreditlərin verilməsi zamanı şəffaflıq təmin edilmir, vəsaitlər tanışlıq və qohumluq əlaqələri əsasında bölüşdürülür, yüksək faiz dərəcələri tətbiq edilir və kredit almaq üçün Bakı şəhərində daşınmaz əmlakın girov qoyulması kimi tələblər irəli sürülür.
“Kənd təsərrüfatının inkişafı üçün ayrılan maliyyə resurslarının əhəmiyyətli hissəsi bu sahədə fəaliyyət göstərməyən şəxslərin əlinə keçir və vəsaitlər təyinatı üzrə istifadə olunmur”.
Onun fikrincə, bu səbəbdən kənd təsərrüfatına böyük həcmdə kredit ayrılması barədə təsəvvür yaransa da, bu, real inkişafla nəticələnmir.

Ekspert həmçinin vurğulayıb ki, əvvəlki illərdə də milyonlarla dollar məbləğində kreditlərin kənd təsərrüfatı ilə əlaqəsi olmayan şəxslərə, o cümlədən yüksək vəzifəli məmurların yaxınlarına verilməsi ilə bağlı faktlar aşkarlanıb:
“Nəticədə sahə barədə bilik və təcrübəsi olmayan şəxslər asanlıqla kredit əldə etsələr də, qurduqları bizneslər uğur qazanmır. Əslində kənd təsərrüfatını inkişaf etdirmək potensialı olan, bacarıqlı və məsuliyyətli fermerlər maliyyə resurslarına çıxış əldə edə bilmirlər. Bunun əsas səbəbləri isə onların nüfuzlu tanışlarının olmaması və tələb olunan girov şərtlərini ödəyə bilməmələridir”.
Ekspert hesab edir ki, kreditlər işin öhdəsindən gələ biləcək, məsuliyyətli və peşəkar fermerlərə deyil, tanışlıq və qohumluq münasibətləri əsasında seçilən şəxslərə təqdim olunur:
“Bu isə ayrılan vəsaitlərin başqa məqsədlərə yönəldilməsi ilə nəticələnir. Bundan əlavə, bank sektoru kənd təsərrüfatını riskli sahə hesab etdiyindən bu istiqamətdə kreditləşməyə maraq göstərmir. Həmçinin qeyri-bank maliyyə təşkilatlarında da ayrılan vəsaitlərin təyinatından kənar istifadə halları müşahidə olunur”.
Ekspert onu da nəzərə çatdırıb ki, bu sahəyə cavabdeh olan şəxslər vicdanlı, prinsipial və məsuliyyətli olmalıdırlar:
“Kənd təsərrüfatına ayrılan vəsaitlər yalnız bu sahənin inkişafına yönəldilməli, kreditlərin verilməsində rüşvətə, qohumbazlığa və qeyri-şəffaf qərarlara yol verilməməlidir. Əks halda ölkənin idxaldan asılılığı artacaq, ərzaq məhsullarının qiyməti yüksələcək və keyfiyyəti aşağı düşəcək”.
Vahid Məhərrəmov açıqlamasında “Aqrarkredit” QSC-nin sabiq rəhbəri Məmməd Musayevlə bağlı səsləndirilən iddialara da münasibət bildirib.
“Uzun illər adıçəkilən qurum üzərində nəzarət zəif olub və bir çox səlahiyyətlər həmin rəhbərliyə həvalə edilib. Rəhbərlik tərəfindən isə göstərilən etimaddan sui-istifadə edilib və nəticədə həmin şəxslər varlanıblar.
Belə vəzifələrə rüşvətə və korrupsiyaya yol verməyən, vicdanlı və peşəkar şəxslər təyin edilməlidir. Yalnız bu halda dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadəsini təmin etmək mümkün olacaq”, – deyə o fikrini tamamlayıb.
Əslində, bu cür qanun pozuntuları onu deməyə əsas verir ki, aqrar sahəyə ayrılan dövlət dəstəyinin real ünvanına çatmasına mane olmaqla yanaşı, sektorun inkişaf tempinə də mənfi təsir göstərir. Nəticədə güzəştli kreditlərə həqiqətən ehtiyacı olan fermer və kənd təsərrüfatı istehsalçıları maliyyə resurslarına çıxış imkanından məhrum qalırlar. Bu isə həm istehsalın genişlənməsini məhdudlaşdırır, eləcə də dövlətin aqrar sahənin inkişafı üçün ayırdığı vəsaitlərin gözlənilən iqtisadi səmərəni verməsinə mane olur. Belə halların qarşısının alınması üçün kreditlərin ayrılması və istifadəsinə nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, şəffaflığın təmin edilməsi və vəsaitlərin yalnız təyinatı üzrə xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Mənbə: Modern.az