Azərbaycan-ABŞ iqtisadi münasibətlərində tarixi dönüş: Süni intellekt, Orta Dəhliz və nəhəng investisiyalar

0

Azərbaycan ilə ABŞ arasında münasibətlər uzun illər enerji təhlükəsizliyi və neft-qaz layihələri üzərində formalaşsa da, son dövrdə bu əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Xüsusilə ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilən zirvə görüşündən sonra siyasi yaxınlaşma iqtisadi gündəlikdə də öz əksini tapmağa başlayıb. Artıq tərəflərin diqqəti yalnız enerji sektoruna deyil, nəqliyyat-logistika, rəqəmsallaşma, süni intellekt, kritik minerallar, investisiyalar və yüksək texnologiyalar kimi strateji istiqamətlərə yönəlir.

Bu transformasiyanın əsas göstəricilərindən biri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq Xartiyası oldu. Sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın institusional əsaslarını gücləndirməklə yanaşı, qarşıdakı illərdə həyata keçiriləcək iri layihələr üçün də siyasi zəmin formalaşdırdı. Ardınca Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu isə bu siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməyə başladığını nümayiş etdirdi.

7.5 milyard dollarlıq müqavilələr: yeni iqtisadi mərhələnin başlanğıcı

Bakı Enerji Həftəsi çərçivəsində imzalanan ümumi dəyəri 7.5 milyard dollar olan müqavilələr Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin miqyasını yeni səviyyəyə yüksəltdi. Sənədlər təkcə enerji layihələrini deyil, rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi, sənaye həlləri və innovativ layihələrin həyata keçirilməsini də əhatə edir.

Bu müqavilələr artıq ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və yüksək texnologiyalara əsaslanan iqtisadi əməkdaşlığa keçidin göstəricisidir. ABŞ ilə əməkdaşlıq Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində texnologiya transferi imkanlarını genişləndirəcək. Hazırda informasiya-kommunikasiya texnologiyaları sektoru Azərbaycanın qeyri-neft ÜDM-nin təxminən 2.8 faizini və ya 3.3 milyard manatını təşkil edir. Yeni razılaşmalar isə bu göstəricinin daha da artmasına xidmət edə bilər.

İlk Azərbaycan-ABŞ İqtisadi Dialoqu: əməkdaşlığın institusional platforması

İyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu ikitərəfli münasibətlərdə mühüm institusional yenilik kimi qiymətləndirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi hissəsinin praktik icrasına yönəlmiş ilk geniş platforma oldu.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında bildirdi ki, TRIPP təşəbbüsü və Orta Dəhliz vasitəsilə ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi, kritik minerallar üzrə təchizat zəncirlərinin inkişafı, nəqliyyat, logistika və rəqəmsal infrastruktura investisiyaların cəlb edilməsi əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr da vurğuladı ki, iqtisadi dialoq Ceyms Devid Vens və Prezident İlham Əliyevin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının əsas prioritetlərindən biridir və iki ölkə arasında biznes, investisiya və ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edir.

Dialoq çərçivəsində regional bağlantılar, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, investisiyalar, süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və kritik minerallar üzrə ayrıca panel müzakirələri keçirildi. Eyni zamanda, Ələt Azad İqtisadi Zonasının təqdimatı, ABŞ investisiyalarının təşviqi və özəl sektor nümayəndələri arasında yeni tərəfdaşlıqların qurulması da gündəmin əsas mövzularından oldu.

Ələt Limanı və Orta Dəhliz ABŞ-nin diqqət mərkəzində

ABŞ nümayəndələrinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfəri Vaşinqtonun Azərbaycanın logistika potensialına verdiyi əhəmiyyətin göstəricilərindən biri kimi qiymətləndirilir.

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib ki, tərəflər ABŞ şirkətlərinin qarşılıqlı maraq doğuran layihələrə investisiya yatırması üçün imkanları araşdırırlar. Onun sözlərinə görə, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə dünya bazarlarına bağlayan nəqliyyat marşrutunun inkişafı strateji əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Bu yanaşma ilk İqtisadi Dialoqda da xüsusi yer tutdu. Panel müzakirələrində TRIPP təşəbbüsü, Orta Dəhliz, regional logistika imkanları və Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən tranzit platforması kimi rolu ABŞ şirkətləri üçün yeni investisiya imkanları kimi təqdim edildi.

Azərbaycan-ABŞ iqtisadi münasibətlərində tarixi dönüş: Süni intellekt, Orta Dəhliz və nəhəng investisiyalar

Süni intellekt və rəqəmsal iqtisadiyyat yeni əməkdaşlıq istiqaməti kimi

Əgər əvvəllər Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı, əsasən, enerji sektoru ilə məhdudlaşırdısa, hazırda diqqət mərkəzində yüksək texnologiyalar dayanır.

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanda rəqəmsal infrastrukturun yaradılması, texnologiya transferi və sənaye həllərinin tətbiqinə dair sənədlər imzalanıb. Eyni zamanda, bu il Bakının ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcəyinin elan olunması da təsadüfi deyil. Bu addım Azərbaycanın regionda rəqəmsal texnologiyalar və süni intellekt üzrə mərkəzə çevrilməsi strategiyasına uyğun qiymətləndirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ilə görüşündə də süni intellekt, rəqəmsallaşma, kritik minerallar, sənaye və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub.

Azərbaycan-ABŞ iqtisadi münasibətlərində tarixi dönüş: Süni intellekt, Orta Dəhliz və nəhəng investisiyalar

Bənzər gündəlik Xarici İşlər Nazirliyində keçirilən görüşdə də davam etdirilib. Xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamenti və ABŞ Ticarət və İnkişaf Agentliyinin nümayəndələri ilə nəqliyyat, rəqəmsallaşma, süni intellekt, enerji, ticarət və regional bağlantılar üzrə gələcək layihələri müzakirə edib.

Siyasi yaxınlaşmadan iqtisadi inteqrasiyaya

Prezident İlham Əliyevin ABŞ Konqresinin nümayəndə heyətini qəbul etməsi zamanı iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Görüşdə enerji, informasiya texnologiyaları, süni intellekt, müdafiə sənayesi, təhsil və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Dövlət başçısı, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında artıq ticarət münasibətlərinin formalaşmağa başladığını, TRIPP dəhlizinin regional nəqliyyat bağlantılarına yeni imkanlar yaradacağını qeyd edib. Bu yanaşma Azərbaycanın yalnız regional enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın əsas logistika və iqtisadi qovşağına çevrilməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Yeni tərəfdaşlığın iqtisadi məntiqi

Son aylarda baş verən proseslər göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq yalnız enerji təhlükəsizliyi kontekstində qiymətləndirilmir. İmzalanan 7.5 milyard dollarlıq müqavilələr, ilk İqtisadi Dialoqun keçirilməsi, Ələt Limanı və Orta Dəhlizə artan maraq, rəqəmsal texnologiyalar və süni intellekt üzrə əməkdaşlıq, eləcə də Ceyms Devid Vensin Bakıya səfəri zamanı formalaşdırılan strateji çərçivə iqtisadi münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərir.

Bu mərhələnin əsas fərqi ondan ibarətdir ki, tərəflər enerji əməkdaşlığını qorumaqla yanaşı, investisiyalar, logistika, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində uzunmüddətli tərəfdaşlıq modeli formalaşdırmağa çalışırlar. Bu isə Azərbaycanı yalnız enerji ixracatçısı kimi deyil, həm də regionun texnologiya, logistika və investisiya mərkəzlərindən birinə çevirmək baxımından yeni imkanlar yaradır.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More