Ölkəmizə dini ziyarət məqsədilə gələnlərin sayı açıqlandı
Bu ilin yanvar-iyun aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş 723 min 222 turistdən 21 min 898 nəfəri birgünlük ziyarətçi olub.
Modern.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 29,5 % çoxdur.
Məlumata görə, birgünlük ziyarətçilərin 18 min 737 nəfəri və yaxud 85,5 %-i Azərbaycana tranzit məqsədilə səfər edib.
Hesabat dövründə 1 072 nəfər işgüzar (+ 74,3 %), 866 nəfər (+29 %) qohum və dostlarını ziyarət etmək, 1 056 nəfər (+ 16,2 %) istirahət və əyləncə məqsədilə Azərbaycana səfər edib.
Bundan başqa, 90 nəfər (+ 34,3 %) alış-veriş, 77 nəfər (2,1 dəfə çox) isə dini ziyarət məqsədilə ölkəyə gəlib.
Ölkələr üzrə ən çox birgünlük ziyarətçi qeyri-qonşu ölkələrin payına düşüb – 9 508 nəfər (+16,9 %). Sonrakı yerlərdə 7 026 nəfərlə Rusiya (+ 34,3 %), 4 228 nəfərlə Türkiyə (+ 60,2 %), 954 nəfərlə Gürcüstan (+ 33,4 %) və 182 nəfərlə İran (- 30 %) qərarlaşıb.
Rusiya vətəndaşlarından 5 816 nəfər (+ 35 %), Türkiyə vətəndaşlarından isə 3 050 nəfər (+56,6 %) Azərbaycandan tranzit keçid üçün istifadə edib. Birgünlük ziyarətçilər yanvar-iyun aylarında ölkədə ümumilikdə 9 milyon 193,4 min manat xərcləyiblər. Bu, illik müqayisədə 25,2 % çoxdur. Xərclərin 7 milyon 364,3 min manatı və yaxud 80,1 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Bu da 1 il əvvələ nisbətən 24,5 % çoxdur.
Hesabat dövründə turistlər malların və hədiyyələrin alınmasına 1 milyon 86,5 min manat (+30,9 %), qidalanmaya 710,6 min manat (+ 24,1 %), mədəniyyət xidmətlərinə 4,8 min manat (+29,7 %), idman və əyləncə xidmətlərinə 2,7 min manat (+50 %), digər məqsədlərə isə 24,5 min manat (+ 33,1 %) xərcləyiblər.
Mənbə: Modern.az