AKP 25 ildə Türkiyəni necə dəyişdi? – Şamil Ayrım Modern.az-a DANIŞDI

0

Bu gün Türkiyə Prezidentinin qurucusu və sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yaranmasından 25 il keçir. Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası 2001-ci ilin avqust ayının 15-də yaradılıb. Həmin dövrdən hakim partiya türk xalqının etimadını hər seçkidə hiss edir. Bu müddət ərzində Türkiyə əvvəlki illərlə müqayisədə çox daha güclü vəziyyətə gəlib.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, geridə qoyduqları 25 il xalqın güclü dəstəyi ilə demokratiyadan inkişafa, əsər və xidmət siyasətindən tarixi addımlara qədər böyük bir dəyişiklik və transformasiyanın adı olub:

“Bu gün AK Partimizin 25-ci ildönümüdür. Bu gün Ankara Millət Bağında saat 19:00-da cənab Prezidentimizin iştirakı ilə möhtəşəm mərasim keçiriləcək. Cənab Prezidentimiz və qurucu sədrimiz cənab Rəcəb Tayyib Ərdoğanın “Artıq heç nə əvvəlki kimi olmayacaq” deyərək başlatdığı bu müqəddəs yürüşdə dörddəbir əsri geridə qoymağın AK Parti qürurunu yaşayır. Geridə qoyduğumuz 25 il xalqımızın güclü dəstəyi ilə demokratiyadan inkişafa, əsər və xidmət siyasətindən tarixi addımlara qədər böyük bir dəyişiklik və transformasiyanın adı olub.

İndi qarşımızda “Türkiyə əsri” və ikinci 25 illik böyük yürüşümüz var. Birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı daha da gücləndirərək “Təmiz Türkiyə” hədəfimiz istiqamətində daha güclü, firavan və müstəqil Türkiyə üçün cənab Prezidentimizin rəhbərliyi ilə partiya nümayəndələri eyni əzm və qətiyyətlə çalışır. Bu müqəddəs yola könül verən bütün qardaşlarımı bir daha sizin hüzurunuzda təbrik edirəm.

Partiyamızın 25 ildə nələr etdiyinə qısaca nəzər salmaq istərdim. Bu 25 ildə Türkiyə bölünmüş yollarla, körpülərlə, tunellərlə, sürətli qatarlarla, şəhər xəstəxanaları ilə, universitetlərlə, sosial mənzillərlə, müdafiə sənayesində milli həmlələrlə, İHA, SİHA-larla, TCG Anadolu, Kaanlar, TOGG avtomobilimizlə, Qara dəniz təbii qazı ilə, Gabarda neft çıxarılması ilə, kosmik səyahətlə böyük bir dəyişiklik və transformasiya yaşadı.

Məsələn, səhiyyədə 25 ildə Türkiyənin etdiklərinə də baxaq. Şəhər xəstəxanaları, müasir səhiyyə infrastrukturu və səhiyyə xidmətlərinə çıxışın genişləndirilməsi təmin edildi. Hakimiyyətə gələndə universitetlərin sayı 76 idi. Bu gün Türkiyədə 207 universitetimiz var.

Bu universitetlərdə xaricdən gələn tələbələr, Azərbaycandan gələn tələbələr də təhsil alırlar. Türkiyədə bölünmüş yol 6 000 kilometr olduğu halda 30 000 kilometrə çatdırıldı. Biz hakimiyyətə gələnə qədər milli gəlir 3 500 idisə, biz gələndən sonra bu göstərici 18 000 dollara çatdırılıb. Yenə bir rekorda imza atdıq. Bilirsiniz, Türkiyədə 11 vilayətdə böyük bir zəlzələ baş verdi. Bu zəlzələ nəticəsində bölgə, 11 vilayətimiz viran oldu, yerlə-yeksan oldu. Və partiya olaraq, cənab Prezidentimizin rəhbərliyi ilə dünyada misli görünməmiş şəkildə 455 000 mənzil təhvil verdik. Bu, çox mühüm uğurdur. Ölkəmizə yüksək sürətli qatarı da AK Parti hakimiyyəti gətirib. Ankara mərkəzli olmaqla bu gün Ankaradan İstanbula, Konyaya, Eskişehirə və Sivasa sürətli qatarla gedə bilərsiniz. İstanbulda Avropa ilə Asiyanı yerin altından birləşdirən Marmaray tuneli inşa edildi. Asiya və Avropa arasında dənizin altından avtomobil yolu bağlantısı yaradıldı. Bunlar çox mühüm məsələlərdir. İstanbulun nəqliyyat sıxlığını azaltmaq üçün Yavuz Sultan Səlim körpüsünü inşa etdik. 1915 Çanaqqala körpüsü Çanaqqala boğazının iki sahilini birləşdirir. Dünyanın sayılıb-seçilən hava limanlarından biri olan İstanbul Hava Limanını istifadəyə verdik”.

                          

Ş. Ayrım xarici siyasətlə bağlı partiyanın gördüyü işlərdən də danışıb:

“Xarici siyasətdə başda Qarabağ müharibəsi olmaqla can Azərbaycanın yanında möhkəm dayanaraq Azərbaycana böyük mənəvi dəstək verdik. Həmişə olduğu kimi, bu gün də, sabah da Azərbaycanın yanındayıq. Dünən də Azərbaycanın yanında idik, sabah da olacağıq. Əbədi olaraq can Azərbaycanın qardaşı, dostu, müttəfiqi Türkiyə Cümhuriyyəti bütün orqanları ilə Azərbaycanın yanında olacaq.

Türk dünyası ilə münasibətlərimizi çox inkişaf etdiririk. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatına çox böyük əhəmiyyət veririk. Cənab Əliyevin də ifadə etdiyi kimi, “Ailəmiz Türk dünyasıdır” sözündən çıxış edərək Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da bu məsələdə lazımi həssaslığı göstərdi. Xarici siyasətdə həqiqətən çox fəal bir siyasət həyata keçiririk. Baxın, Türkiyə partiyamızın hakimiyyətləri dövründə Birləşmiş Millətlər Təşkilatında “Dünya beşdən böyükdür, daha ədalətli bir düzən mümkündür” çağırışı ilə bütün məzlum coğrafiyalardakı insanların ümidi olub.

Qəzzada İsrailin törətdiyi qətliama qarşı, qətliamın başladığı gündən bu günə qədər Türkiyə bütün imkanları ilə Qəzzadakı qardaşlarının yanında olmağa davam edir. Bu müharibənin bir an əvvəl dayandırılması üçün böyük səy göstərib. Bütün bunlar partiyamız tərəfindən görülən təsirli işlərdir. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanla Məkkə İttifaqı yaratdı. Buna da əhəmiyyət veririk. Bu, hər hansı bir dövlətə qarşı atılmış addım deyil. Lakin belə bir şey görüldü ki, Amerika Birləşmiş Ştatları bu müharibə prosesində İslam coğrafiyasında kifayət qədər təsirli ola bilmədi və bu müdafiə paktı yaradıldı. İnşallah, qarşıdakı proseslərdə Azərbaycanın da iştirakı ilə daha güclü bir struktura çevriləcək. Bunu tamamilə müdafiə sazişi kimi görə bilərik. Heç kimə qarşı həyata keçirilmiş, hər hansı bir dövləti hədəf alan saziş deyil.

Təbii ki, son olaraq “Türkiyə əsri” və “Terrorsuz Türkiyə” üçün atılan addımlardan danışmaq istərdim. Bilirsiniz, Türkiyə Cümhuriyyəti 40 ildir ki, terror bəlasından yaxasını qurtara bilməmişdi. Minlərlə övladımızı şəhid verdik. Anaların göz yaşları dinmədi. Terrorla mübarizəyə 2 trilyon 300 milyard dollarlıq bir məbləğ xərclənir. Amma avqustun 10-da uca parlamentimizdə 467 millət vəkilinin “hə” səsləri ilə möhtəşəm bir qanun layihəsini təsdiqlədik.

Bu, ölkəmiz üçün həqiqətən mühüm bir həmlə idi. İnşallah, qarşıdakı prosesdə bunun bəhrəsini görəcəyik. Terrorun heç kimə faydası yoxdur. Terrorun dini, məzhəbi, siyasəti yoxdur. Terror göz yaşı deməkdir. Terror ölkənin resurslarının hədər olması deməkdir. İnşallah, Türkiyə bunu bacarır. Bunun üçün sağlam düşüncə var. Təbii ki, bizim üçün burada can Azərbaycanla münasibətlərimiz son dərəcə mühümdür. Biz can Azərbaycanımızın ayağına daş dəyməsini istəmirik.

Ona görə də mən Azərbaycan Dostluq Qrupunun sədri olaraq parlamentdəki bütün həmkarlarımızla birlikdə həqiqətən Azərbaycana qarşı çox böyük sevgi olduğunu deyə bilərəm. Azərbaycanın ən kiçik şəkildə belə inciməsini istəmirik. Qafqazların parlayan ulduzu Azərbaycanda da AK Partinin bu uğurlu prosesini Əliyev dövründə görürük. Qarabağ Fatehi cənab İlham Əliyev vəzifəyə gəldiyi gündən Azərbaycanda böyük həmlələrə, tarixi Qarabağ zəfərinə imza atıb. Bu, çox mühüm hadisədir və Azərbaycandakı inkişafı da günbəgün izləyirik. Allah Türkiyəmizə, Azərbaycana bizə uzun və sağlam xidmətlər göstərməyi nəsib etsin. Prezidentlərimizə, Prezident Əliyevə və cənab Rəcəb Tayyib Ərdoğana can sağlığı arzulayırıq. Azərbaycan xalqına, Türkiyə xalqına can sağlığı arzulayıram. Sizə də fəaliyyətinizdə uğurlar arzulayıram.”

                  

Şamil Ayrım Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövrü Türkiyə-Azərbaycan münasibətləri ilə indiki əlaqələrin səviyyəsini müqayisə edib:

“AK Parti dövrünü əvvəlki illərlə müqayisə edərkən həmin dövrün şərtlərini nəzərə almaq lazımdır. Bizdən əvvəl Anavatan Partiyası və daha sonra Süleyman Dəmirəl hakimiyyəti olub. Xüsusilə Süleyman Dəmirəlin mərhum Heydər Əliyevlə çox yaxın münasibətləri var idi. Qarabağın işğalından və Birinci Qarabağ müharibəsindən sonra Türkiyədə Azərbaycana qarşı böyük rəğbət yaranmışdı. Azərbaycanı ilk tanıyan ölkə və ilk tanıyan hökumət 1991-ci ildə Anavatan Partiyasının rəhbərlik etdiyi Məsud Yılmaz hökuməti olub. Həmin hökumətdə nazir vəzifəsində çalışan həyat yoldaşımın qardaşı İlhan Akgülün də Azərbaycanın tanınmasında imzası var. Bu, ailəmiz üçün ayrıca qürurdur. Ümumiyyətlə, Türkiyədə hər hakimiyyət Azərbaycana həmişə müsbət yanaşıb. Heydər Əliyevə qarşı çevriliş cəhdi zamanı ilk məlumatı da mərhum Süleyman Dəmirəl vermişdi.

Heydər Əliyevdən sonra cənab İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında da çox gözəl dostluq və qardaşlıq münasibətləri formalaşıb. Azərbaycan-Türkiyə əlaqələri hər keçən gün inkişaf edir. Əvvəlki dövrlərdə siyasi proseslər bu qədər sabit deyildi, AK Parti dövründə isə daha sabit siyasi mühit formalaşıb və prezident üsul-idarəsinə keçidlə qərarların icrası asanlaşıb.

Türkiyə vətəndaşları keçmişdə də, bu gün də Azərbaycanın yanında olublar. Fərq ondadır ki, Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə Sovet İttifaqının tərkibində idi və Türkiyə müəyyən məsələlərdə daha təmkinli davranmalı olurdu. Bu gün isə Qarabağın azadlığından sonra bölgənin yenidən qurulması prosesində Türkiyəni də görürük.

Biz gələcəyə baxırıq. Mənim üçün əsas məsələ Azərbaycan-Türkiyə münasibətlərinə zərər verə biləcək bütün amillərin qarşısını almaqdır. Siyasətçilər, universitetlər, tələbələr və iş adamları bu məsələdə diqqətli olmalıdırlar.

Bir Azərbaycan var, bir Türkiyə var. Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More