Aktual Bu gün, 10:21 Azərbaycanda gənclər niyə yuxusuz qalır? – PROBLEM

0

Gənclər arasında gecə-gündüz anlayışı sanki dəyişir. Azərbaycanda getdikcə daha çox gənc gecələri oyaq keçirir, günün böyük hissəsini isə yuxuda olur. Gec saatlara qədər sosial şəbəkələrdə vaxt keçirmək, film və serial izləmək, oyun oynamaq, dostlarla ünsiyyətdə olmaq və gecə işləmək bu rejimin əsas səbəbləri sırasında göstərilir. Nəticədə yuxu rejimi pozulur, gecə aktivliyi adi həyat tərzinə çevrilir.

Lakin gecə oyaq qalmaq sadəcə günün saatlarını dəyişməkdən ibarət deyil. Davamlı yuxusuzluq və keyfiyyətsiz yuxu immunitetin zəifləməsinə, psixoloji problemlərin və diqqət dağınıqlığının yaranmasına səbəb ola bilər. Yuxu rejimi pozulan gənc səhərlər oyanmaqda, vaxtında işə və ya dərsə çatmaqda çətinlik çəkir, məsuliyyətli iş rejiminə uyğunlaşa bilmir və sosial həyatında da problemlərlə üzləşə bilər. Bəs gəncləri gecələr oyaq saxlayan nədir və gecələr onlar əslində nə ilə məşğul olurlar?

 

Məsələ ilə bağlı sosioloq Mail Yaqub Modern.az-a açıqlama verib:

“Bu gün Avropa həyat tərzinə baxsaq, məsələn, Avropanın tanınmış və qabaqcıl ölkələrindən biri olan Almaniyada insanların, əsasən, axşam saat 8-9 radələrində evlərinə çəkildiyini və erkən yatmağa çalışdığını görərik. Təəssüf ki, Azərbaycanda vəziyyət bunun əksinədir. Təkcə Azərbaycanda deyil, bir çox qonşu ölkələrdə də gecə həyat tərzi geniş yayılıb.

Şübhəsiz ki, bu rejimin insanların psixologiyasına, sosial həyatına və ümumi sağlamlığına mənfi təsirləri var. Buna görə də formalaşmış bu vərdiş dəyişməlidir.

Azərbaycanda bu həyat tərzinin formalaşmasına bir neçə amil təsir göstərir. Daha əvvəl qeyd etdiyimiz hər üç səbəb – sosial şəbəkələr, sosial-iqtisadi vəziyyət və iş münasibətləri, eləcə də ümumi həyat tərzinin dəyişməsi – burada öz rolunu oynayır. Lakin təbii ki, sosial şəbəkələrin təsiri xüsusilə böyükdür. İnsanlar gecə saatlarına qədər sosial şəbəkələrdən istifadə edir, nəticədə yuxu rejimi pozulur və bu, zamanla həyat tərzinə çevrilir”.

Bəs bu vəziyyəti necə dəyişmək olar?

“Məsələnin ən çətin tərəfi də məhz budur. Məncə, bunun əsas yolu insanların fərdi şəkildə problemi dərk etməsindən və dəyişməyə qərar verməsindən keçir. Psixoloqların da vurğuladığı kimi, hər hansı problemi dəyişmək üçün ilk növbədə insan həmin problemin mövcudluğunu və onun fəsadlarını qəbul etməlidir. Buna fərqindəlik deyilir. İnsan problemi problem kimi görmürsə, onun həlli üçün də addım atmayacaq.

Ona görə də ilk növbədə cəmiyyətdə, xüsusilə gənclər arasında bu fərqindəliyi yaratmaq lazımdır. İnsanlar başa düşməlidirlər ki, gecə həyat tərzinin normallaşması sağlam və xoşagələn bir vəziyyət deyil. Yuxu rejiminin davamlı pozulması zamanla müxtəlif sağlamlıq problemlərinə, psixoloji gərginliyə və sosial münasibətlərin zəifləməsinə gətirib çıxara bilər”-o, deyib.

 

Bəs bu fərqindəliyi kim yaratmalıdır?

“Təbii ki, təlimçilər, psixoloqlar, sosioloqlar, ziyalılar və bu sahədə söz sahibi olan digər mütəxəssislər. Ziyalılar bir-biri ilə mübahisə etmək və əhəmiyyətsiz mövzular ətrafında vaxt itirmək əvəzinə, cəmiyyət üçün faydalı məsələləri gündəmə gətirməlidirlər. Onlar sosial şəbəkələrdə, televiziyalarda və digər ictimai platformalarda davamlı şəkildə bu mövzuda danışmalı, insanları maarifləndirməlidirlər.

Çünki cəmiyyətin həyat tərzində dəyişiklik yalnız fərdi səviyyədə deyil, həm də ictimai maarifləndirmə yolu ilə baş verə bilər. İnsanlar problemin fərqinə vardıqca, öz həyat tərzlərini dəyişmək üçün daha çox motivasiya əldə edəcəklər.

Əks halda, bu vəziyyət davam etdikcə qarşılaşdığımız problemlər də getdikcə artacaq. Buna görə də bu gün ən vacib məsələlərdən biri sağlam yuxu rejiminin və daha düzgün həyat tərzinin cəmiyyətdə təşviq edilməsidir”-sosioloq, söyləyib.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova öz fikirlərini bildirib:

“Bu dövrdə çoxlu sayda gənc, hətta yeniyetmələr belə gecə yatmamağı artıq vərdiş halına gətiriblər. Gecələr onlar üçün daha sakit və rahat olur. Kimləsə ünsiyyət qurmaq, film izləmək, insanlarla danışmaq və müxtəlif işlərlə məşğul olmaq daha asan görünür. Bir çoxu gün ərzində çatdıra bilmədiyi işləri də axşam və gecə saatlarına saxladığı üçün gecə rejimi onlar üçün getdikcə daha cəlbedici olur.

Nəticədə gecə yuxusunu arxa plana keçirir, zaman keçdikcə isə gündüzlər gec oyanmağa və günün böyük hissəsini yatmağa başlayırlar. Beləliklə, yuxu rejimi tamamilə pozulur.

Bu problemin yaratdığı ciddi fəsadlardan biri də orqanizmin bioloji ritminin pozulması və melatonin ifrazının azalmasıdır. Bu vəziyyət insanın emosional və psixoloji durumuna mənfi təsir göstərə bilər. Aqressivlik, depressiv əlamətlər, diqqət və yaddaş problemləri, qavrama qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə oluna bilər”.

“Problemlər daha da dərinləşdikdə psixiatrın müdaxiləsinə belə ehtiyac yarana bilər. Son dövrlərdə psixoloq və psixiatra müraciət edən insanlar arasında yuxu problemi olanların sayı da diqqət çəkir. Bir çox hallarda ilkin mərhələdə yuxu probleminin aradan qaldırılması üçün psixoloqla işləmək mümkün olur. Əgər bu yanaşma kifayət etmirsə və problem daha ciddi xarakter daşıyırsa, pasiyentin psixiatra müraciət etməsi zəruri olur.

Ona görə də yuxu problemini sadəcə gec yatmaq və ya gündüz çox yatmaq kimi qiymətləndirmək düzgün deyil. Sağlam yuxu rejimi həm fiziki, həm də psixoloji sağlamlığın əsas şərtlərindən biridir”-psixoloq, deyib.

 

Nicat Rüstəm


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More